Markın yazdığı müjdə
12 İsa sözünə məsəllərlə davam etdi: «Bir adam üzüm bağı saldı.+ Bağı çəpərlədi, üzüm sıxmaq üçün çala qazdı, bir qüllə tikdi+ və bağı bağbanlara icarəyə verib başqa ölkəyə yollandı.+ 2 Məhsul yığımı mövsümündə o, öz nökərini göndərdi ki, bağbanlar ona bağın barından versinlər. 3 Bağbanlar isə nökəri qamarlayıb döydülər və əliboş geri qaytardılar. 4 Bağın sahibi onların yanına başqa bir nökər göndərdi, lakin bağbanlar onun başını yardılar, onu alçaltdılar.+ 5 O, bir nökərini də göndərdi, bağbanlar onu öldürdülər. Bağ sahibi ora çoxlu nökər göndərdi, lakin bağbanlar bəzilərini döydülər, bəzilərini öldürdülər. 6 Bağ sahibinin bir sevimli oğlu+ var idi. O: “Oğluma hörmətlə yanaşarlar”, — deyib lap axırda bağbanların yanına oğlunu göndərdi. 7 Ancaq bağbanlar bir-birilərinə dedilər: “Bu varisdir.+ Gəlin onu öldürək, miras bizim olsun”. 8 Bağbanlar onu tutub öldürdülər və bağdan çölə atdılar.+ 9 Görəsən, bağın sahibi nə edəcək? O gəlib bağbanları öldürəcək, üzüm bağını isə başqalarına verəcək.+ 10 Məgər bu sözləri oxumamısınız: “Bənnaların rədd etdikləri daş küncün əsas daşı oldu.+ 11 Bunu edən Yehovadır, biz buna heyran qalmışıq”?»+
12 Onlar İsanın bu məsəli onlara aid etdiyini başa düşüb onu tutmaq istədilər. Ancaq xalqdan qorxurdular. Buna görə də İsadan ayrılıb getdilər.+
13 Sonra onlar İsanı sözdə tutmaq üçün yanına bir neçə fərisini və Hirodun ardıcılını göndərdilər.+ 14 Onlar gəlib dedilər: «Ustad, biz bilirik ki, sən düz adamsan, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən, kiminsə rəğbətini qazanmağa çalışmırsan, çünki insanın hansı təbəqədən olması səni maraqlandırmır. Səncə, Sezara can vergisi ödəmək düzgündür, ya yox? 15 Ödəyək, yoxsa ödəməyək?» İsa onların riyakarlığını duyub dedi: «Məni niyə sınayırsınız? Bir dinar* gətirin görüm». 16 Ona bir dinar verdilər. İsa soruşdu: «Burada kimin surəti və titulu həkk olunub?» Onlar cavab verdilər: «Sezarın». 17 Onda İsa dedi: «Sezara məxsus şeyləri Sezara,+ Allaha məxsus şeyləri Allaha verin».+ Onlar İsanın sözlərinə mat qaldılar.
18 Sonra onun yanına dirilməyə inanmayan saddukilər+ gəlib dedilər:+ 19 «Ustad, Musa bizə yazıb ki, əgər bir adam özündən sonra övlad qoymayıb ölərsə, qardaşı onun dul qalmış arvadını almalı və onun nəslini davam etdirməlidir.+ 20 Yeddi qardaş var idi: böyük qardaş evləndi, amma övlad qoymayıb öldü. 21 Sonra o qadını ikinci qardaş aldı. O da övladsız öldü. Üçüncüsü də eləcə. 22 Yeddi qardaşın heç biri özündən sonra uşaq qoymadı. Hamıdan axırda qadın öldü. 23 Diriləndən sonra bu qadın hansı qardaşın arvadı olacaq? Axı yeddisi də onu almışdı». 24 İsa onlara cavab verdi: «Siz nə Müqəddəs Yazıları bilirsiniz, nə də Allahın qüdrətindən xəbəriniz var. Buna görə də yanılırsınız.+ 25 Axı diriləndən sonra kişilər evlənməyəcək, qadınlar da ərə getməyəcəklər. Onlar göydəki mələklər kimi olacaqlar.+ 26 O ki qaldı ölülərin dirilməsinə, məgər Musanın kitabında, kol haqqındakı əhvalatda Allahın Musaya: “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”, — dediyini heç oxumamısınız?+ 27 O, ölülərin yox, dirilərin Allahıdır. Siz bərk yanılırsınız».+
28 Orada bu mübahisəni eşidən bir mirzə var idi. Mirzə İsanın onlara yaxşı cavab verdiyini bildiyi üçün ondan soruşdu: «Bütün əmrlərin arasında ən vacib əmr hansıdır?»+ 29 İsa cavab verdi: «Ən vacib əmr budur: “Dinlə, ey İsrail! Allahımız Yehova tək olan Yehovadır. 30 Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev”.+ 31 İkinci əmr isə budur: “Başqasını özünü sevdiyin kimi sev”.+ Bunlardan böyük əmr yoxdur». 32 Mirzə ona dedi: «Ustad, yaxşı dedin. Doğru deyirsən ki, “O, təkdir, Ondan başqası yoxdur”+ 33 və insanın Onu bütün qəlbilə, bütün düşüncəsi ilə, var qüvvəsi ilə sevməsi, həmçinin başqasını özü kimi sevməsi bütün yandırma qurbanlarından və başqa qurbanlardan qat-qat qiymətlidir».+ 34 İsa onun ağılla cavab verdiyini görüb dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Artıq heç kəs cürət edib ona sual vermədi.+
35 Sonra İsa məbəddə sözünə davam edərək bunları dedi: «Nə üçün mirzələr deyirlər ki, Məsih Davudun oğludur?+ 36 Davud özü müqəddəs ruhun+ təsiri ilə demişdi: “Yehova Ağama dedi: “Düşmənlərini ayağının altına qoyanadək sağımda otur”.+ 37 Əgər Davud onu “Ağa” adlandırırsa, o, Davudun oğlu necə ola bilər?»+
Camaat onu böyük məmnuniyyətlə dinləyirdi. 38 İsa sözünə davam etdi: «Özünüzü mirzələrdən gözləyin. Onlar uzun əbalarda gəzməyi, bazar meydanlarında camaatdan salam almağı,+ 39 sinaqoqlarda qabaq cərgələrdə, ziyafətlərdə yuxarı başda oturmağı sevirlər.+ 40 Onlar dul qadınların evlərini talayırlar, özlərini mömin göstərmək üçün uzun-uzadı dua edirlər. Onlara daha ağır hökm kəsiləcək».
41 İsa əyləşdi. Həmin yerdən xəzinə qabları+ yaxşı görünürdü. O, camaatın qablara pul atmağına baxmağa başladı. Varlılar xəzinə qablarına çoxlu pul atırdılar.+ 42 Bir kasıb dul qadın gəlib qaba iki xırda pul* saldı.+ 43 İsa şagirdlərini yanına çağırıb dedi: «Bunu bilin ki, bu kasıb dul qadın xəzinə qabına hamıdan çox atdı.+ 44 çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadın isə yoxsul ola-ola dolanmaq üçün nəyi vardısa hamısını verdi».+