Yəhyanın yazdığı müjdə
16 Bunları sizə ona görə söylədim ki, məndən dönməyəsiniz. 2 Sizi sinaqoqlardan qovacaqlar.+ Elə bir vaxt gələcək ki, sizi öldürən hər kəs+ bu yolla Allaha qulluq etdiyini düşünəcək. 3 Onlar bu işləri ona görə edəcəklər ki, nə Atanı tanıyırlar, nə də məni.+ 4 Bunları deməkdə məqsədim odur ki, həmin vaxt gələndə sizi xəbərdar etdiyimi xatırlayasınız.+
Bunları sizə əvvəlcədən deməmişdim, çünki sizinlə idim. 5 İndi məni göndərənin yanına gedirəm,+ amma biriniz də soruşmursunuz ki, hara gedirsən? 6 Bu sözlərimə görə qəm dəryasına batmısınız.+ 7 Amma mən sizə həqiqəti söyləyirəm, getməyim sizin xeyrinizədir. Çünki mən çıxıb getməsəm, köməkçi+ yanınıza gəlməyəcək. Ancaq getsəm, onu yanınıza göndərəcəyəm. 8 O gələndə dünyaya günahın, doğruluğun və hökmün nə demək olduğunu açıq-aşkar göstərəcək. 9 İlk növbədə günahın nə demək olduğunu göstərəcək,+ çünki onlar mənə iman etmirlər.+ 10 Sonra doğruluğun nə demək olduğunu göstərəcək, çünki mən Atanın yanına gedirəm və siz artıq məni görməyəcəksiniz. 11 Nəhayət, hökmün nə demək olduğunu göstərəcək, çünki bu dünyanın hökmdarı artıq məhkum edilib.+
12 Sizə deyiləsi çox sözüm var, ancaq indi onları başa düşməzsiniz. 13 Həqiqət ruhu gələndə sizə yol göstərəcək,+ həqiqəti tam dərk etməyinizə kömək edəcək. O özündən danışmayacaq, eşitdiyini danışacaq və sizə qarşıdakı hadisələri xəbər verəcək.+ 14 O, məni şərəfləndirəcək,+ çünki məndən eşitdiklərini sizə bildirəcək.+ 15 Atanın nəyi varsa, hamısı mənimdir.+ Buna görə sizə dedim ki, o, məndən eşitdiklərini sizə bildirəcək. 16 Bir azdan artıq məni görməyəcəksiniz,+ amma bir qədər sonra görəcəksiniz».
17 Onda şagirdlərdən bəziləri bir-birindən soruşdu: «Görəsən, o, “bir azdan məni görməyəcəksiniz, amma bir qədər sonra görəcəksiniz”, “Atamın yanına gedirəm” sözləri ilə nə demək istəyir?» 18 Onlar deyirdilər: «O, “bir azdan” deməklə nəyə işarə edir? Biz bu sözlərin mənasını başa düşmürük». 19 İsa görəndə ki, onlar nə isə soruşmaq istəyirlər, onlara dedi: «Siz bir-birinizdən “bir azdan məni görməyəcəksiniz, amma bir qədər sonra görəcəksiniz” sözlərimin mənasını soruşursunuz? 20 Bunu bilin, siz ağlayıb fəryad edəcəksiniz, dünya isə şadyanalıq edəcək. Siz kədərlənəcəksiniz, ancaq kədəriniz sevincə dönəcək.+ 21 Qadın doğuş zamanı əziyyət çəkir, çünki vaxtı yetişib. Ancaq uşağı doğandan sonra çəkdiyi əziyyət artıq yadına düşmür, çünki dünyaya insan gətirdiyinə sevinir. 22 Siz də indi kədərlənirsiniz, ancaq sizinlə yenidən görüşəndə ürəyiniz sevinəcək+ və heç kəs sevincinizi əlinizdən almayacaq. 23 O gün siz məndən heç nə soruşmayacaqsınız. Yadınızda qalsın, Atadan mənim adımla nəsə istəsəniz,+ sizə verəcək.+ 24 Bu vaxtadək mənim adımla heç bir şey istəməmisiniz. Diləyin, alacaqsınız və ürəyiniz sevinclə dolacaq.
25 Bunları sizə məsəllərlə dedim. Elə vaxt gələcək ki, daha sizə məsəl çəkməyəcəyəm. Ata haqqında açıq-aşkar danışacağam. 26 O gün özünüz mənim adımla Ataya müraciət edəcəksiniz. Sizdən ötrü mənim Ataya müraciət etməyimə ehtiyac olmayacaq. 27 Çünki Ata sizi sevir, ona görə ki, siz məni sevirsiniz+ və Allahın elçisi olaraq gəldiyimə inanırsınız.+ 28 Mən dünyaya Atanın elçisi kimi gəldim. İndi isə dünyanı tərk edib Atamın yanına gedirəm».+
29 Şagirdlər dedilər: «Bax, indi sən açıq danışırsan, daha məsəl çəkmirsən. 30 İndi bilirik ki, sən hər şeyi bilirsən, kiminsə sənə sual verməsinə ehtiyac yoxdur, çünki insanın fikirlərindən agahsan. Buna görə də biz inanırıq ki, səni Allah göndərib». 31 İsa dedi: «Siz indi inanırsınız. 32 Amma elə bir vaxt gələcək ki, artıq gəlib də, hamınız məni tək qoyub evinizə dağılışacaqsınız.+ Ancaq mən tək qalmayacağam, çünki Atam mənimlədir.+ 33 Bunu sizə ona görə dedim ki, mənim sayəmdə sülhünüz olsun.+ Dünyada çox əziyyətlə üzləşəcəksiniz, ancaq cəsarətli olun! Mən dünyaya qalib gəldim».+