Korinflilərə ikinci məktub
7 Beləliklə, əzizlərim, bizə verilmiş vədlərin+ müqabilində gəlin cismi və ruhu murdarlayan+ hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək.
2 Ürəyinizdə bizə yer verin.+ Bizim heç kəsə pisliyimiz dəyməyib, heç kəsi yoldan çıxarmamışıq, heç kəsdən öz mənfəətimiz üçün istifadə etməmişik.+ 3 Bu sözlər sizi mühakimə etmək üçün deyil. Dediyim kimi, yaşasaq da, ölsək də, siz həmişə qəlbimizdə qalacaqsınız. 4 Mən sizinlə cəsarətlə danışa bilərəm. Sizinlə böyük fəxr duyuram. Ürəyim rahatdır. Çəkdiyimiz əziyyətlərə baxmayaraq, sevincim aşıb-daşır.+
5 Doğrusu, biz Makedoniyaya+ gələndə rahatlıq tapmadıq, hər tərəfdən çətinlik çəkdik: bayırda mübarizə, daxildə qorxu. 6 Lakin qəmginlərə təskinlik verən Allah+ bizə Titusun gəlişi ilə təsəlli verdi. 7 Təkcə onun gəlişi yox, sizdən xatircəm olması da bizə təskinlik gətirdi. O, bizə həsrətimi çəkdiyinizi, kədər içində olduğunuzu və mənimlə ürəkdən maraqlandığınızı danışdı. Bu məni lap sevindirdi.
8 Əgər məktubum sizi kədərləndirdisə,+ buna heç peşman deyiləm. Əvvəlcə peşman oldum (çünki məktubumdan kədərləndiniz, hərçənd bu kədər çox sürmədi), 9 ancaq indi sevinirəm, ona görə yox ki, siz kədərləndiniz, xeyr, bu kədərin sizi tövbəyə apardığı üçün sevinirəm. Çünki siz Allaha məqbul tərzdə kədərləndiniz. Buna görə də bizdən heç bir zərər görmədiniz. 10 Allaha məqbul kədər xilasa aparan tövbə hasil edir və insana peşmançılıq gətirmir.+ Dünyaya xas kədər isə ölüm hasil edir. 11 İndi görün Allaha məqbul kədər sizi necə hərəkətə gətirdi! Sizdə təmizlik, hiddət, Allah qorxusu, arzu, qeyrət və islah doğurdu.+ Siz bu məsələdə hər cəhətdən pak olduğunuzu göstərdiniz. 12 Mən o məktubu sizə günah işləyəndən+ ötrü, ya da haqsızlığa məruz qalan adamdan ötrü yazmamışdım. Məqsədim o idi ki, bizə itaət etmək qətiyyətinizi Allahın qarşısında nümayiş etdirəsiniz. 13 Bax bütün bunlar bizə təsəlli gətirdi.
Aldığımız təsəlli ilə yanaşı, bizi Titusun duyduğu sevinc də şadlandırdı, çünki siz onun ruhunu təzələdiniz. 14 Onun yanında sizinlə fəxr etmişəm, siz də mənim üzümü ağ etdiniz. Sizə danışdığımız şeylər həqiqət olduğu kimi, Titusun yanında sizinlə fəxr etməyimiz də əbəs olmadı. 15 Titus sizin itaətinizi, onu necə böyük ehtiramla qəbul etdiyinizi xatırlayanda sizə duyduğu məhəbbəti birə-beş artır.+ 16 Mən də sevinirəm ki, hər şeydə sizdən arxayın ola bilərəm*.