Birinci Padşahlar
8 O zaman Süleyman İsrail ağsaqqallarını, bütün qəbilə başçılarını, İsrailin nəsil başçılarını topladı.+ Onlar Davud şəhərindən, yəni Siondan+ Yehovanın Əhd sandığını gətirmək üçün Yerusəlimə, Süleyman padşahın yanına gəldilər.+ 2 Yeddinci ayda, etanim* ayında keçirilən bayramda*+ bütün israillilər Süleyman padşahın hüzurunda toplaşdılar. 3 Bütün İsrail ağsaqqalları gəldi. Kahinlər sandığı qaldırdılar.+ 4 Onlar Yehovanın sandığını, Hüzur çadırını+, çadırdakı bütün müqəddəs əşyaları gətirdilər. Bütün bunları kahinlərlə lavililər daşıdılar. 5 Süleyman padşah və onun hüzuruna çağırılmış bütün İsrail icması sandığın önündə idi. Saya-hesaba gəlməyən miqdarda qoyun, qaramal qurban kəsildi.+
6 Kahinlər Yehovanın Əhd sandığını gətirib öz yerinə,+ məbədin iç otağına, Ən müqəddəs yerə, kərrubların qanadı altına qoydular.+
7 Kərrubların qanadları sandıq qoyulan yerin üstünə açılmışdı və kərrublar sandıqla şüvüllərin üstünə kölgə salırdı.+ 8 Şüvüllər+ elə uzun idi ki, ucları iç otağın qabağındakı Müqəddəs yerdən görünürdü, ancaq bayırdan görünmürdü. Onlar bu günədək oradadırlar. 9 Sandıqda iki daş lövhədən+ başqa heç nə yox idi. Musa onları sandığa Huribdə, Yehova Misirdən çıxan+ israillilərlə əhd bağlayanda+ qoymuşdu.+
10 Kahinlər Müqəddəs məkandan çıxanda bulud+ Yehovanın evini doldurdu.+ 11 Kahinlər buluda görə orada qalıb xidmət edə bilmədilər. Çünki Yehovanın evi Yehovanın calalı ilə dolmuşdu.+ 12 O vaxt Süleyman dedi: «Ey Yehova! Sən demişdin ki, qatı qaranlıqda məskən salacaqsan.+ 13 Mən Sənin üçün əzəmətli bir ev, əbədi məskən salmaq üçün məkan tikdim».+
14 Sonra padşah dönüb ayaq üstə duran İsrail icmasına xeyir-dua verdi.+ 15 O dedi: «Öz dili ilə atam Davuda vəd verən, sonra da vədini gerçəkləşdirən İsrailin Allahı Yehovaya alqış olsun! O demişdi: 16 “Xalqım İsraili Misirdən çıxartdığım gündən bəri adımı daşıyacaq ev+ tikmək üçün İsrail qəbilələri arasından şəhər seçmədim. Lakin Davudu seçdim ki, xalqım İsrailin üzərində padşah olsun”. 17 İsrailin Allahı Yehovanın adına ev tikmək atam Davudun ürəyinin arzusu idi.+ 18 Amma Yehova atam Davuda demişdi: “Sən adıma ev tikmək istəyirsən. Niyyətin yaxşıdır. 19 Lakin evi sən tikməyəcəksən, belindən gələn oğlun Mənim adıma ev tikəcək”.+ 20 Yehova vədini yerinə yetirdi. Yehovanın vəd etdiyi kimi, mən atam Davudun yerinə İsrail taxtında oturdum. İsrailin Allahı Yehovanın adına ev tikdim,+ 21 orada sandıq üçün yer düzəltdim. Yehovanın ata-babalarımızı Misirdən çıxartdığı vaxt onlarla bağladığı əhd onun içindədir».+
22 Süleyman bütün İsrail icmasının önündə, Yehovanın qurbangahı qarşısında durub əllərini göyə açdı.+ 23 O dedi: «Ey İsrailin Allahı Yehova! Nə yuxarıda göylərdə, nə aşağıda yerdə Sənin kimi Allah yoxdur.+ Sən əhdinə sadiqsən, sidqi-ürəkdən önündə yeriyən qullarına məhəbbət göstərirsən.+ 24 Sən atama, qulun Davuda verdiyin vədə əməl etdin. Öz dilinlə vəd etdin və bu gün həmin vədi gerçəkləşdirdin.+ 25 İndi, ey İsrailin Allahı Yehova, atama, qulun Davuda verdiyin sözü yerinə yetir. Sən demişdin: “Əgər oğulların sənin kimi önümdə yerisələr, yollarına fikir versələr, onda hüzurumda İsrail taxtında həmişə sənin sülalən olacaq”.+ 26 Ey İsrailin Allahı! İndi atama, qulun Davuda verdiyin vədi gerçəkləşdir.
27 Bəs Allah yerdə yaşayarmı?+ Sən göylərə, göylərin göyünə sığmazsan,+ o ki qaldı mənim tikdiyim evə!+ 28 Ey Allahım Yehova! Qulunun duasını, lütf diləyini dinlə. Qulunun imdad çağırışını, bu gün önündə etdiyi duasını eşit. 29 Qoy nəzərin gecə-gündüz bu evin, “adım burada olacaq”+ dediyin yerin üstündə olsun və qulunun bu evə üz tutub etdiyi duanı eşit.+ 30 Bu qulunun lütf diləyini və bura üz tutub dua edən xalqın İsrailin diləyini dinlə, göylərdəki məskənindən eşit.+ Eşit və bağışla.+
31 Əgər kimisə başqasına qarşı günahda təqsirləndirər və onu and içdirib andın məsuliyyəti altına salarlarsa, o da andın məsuliyyəti altında bu evdəki qurbangahının önünə gələrsə,+ 32 onda Sən göylərdən eşit və qullarını mühakimə et. Şər adamı günahkar çıxarıb elədiyini başına gətir, saleh adamı da günahsız elan edib salehliyinə görə mükafatlandır.+
33 Əgər xalqın İsrail Sənə qarşı günah etdiyinə görə düşmənə məğlub olarsa,+ bundan sonra Sənə sarı dönüb adını uca tutarsa,+ bu evdə dua edib Səndən lütf diləyərsə,+ 34 Sən göylərdən eşit və xalqın İsrailin günahlarını bağışla, onları əcdadlarına verdiyin torpağa qaytar.+
35 Xalqın Sənə qarşı günah etdiyinə görə+ göylər bağlananda,+ yerə yağış yağmayanda onlar bu yerə üz tutub dua edər və adını uca tutarlarsa, onları ram etdiyin üçün günahlarından əl çəkərlərsə,+ 36 Sən göylərdən eşit və qullarının, xalqın İsrailin günahını bağışla. Beləcə, onlara getməli olduqları doğru yolu öyrət,+ xalqına irs verdiyin torpağa yağış yağdır.+
37 Ölkədə aclıq+, xəstəlik baş qaldıranda, səmum yeli əsəndə, ölkəni kif+, çəyirtkə sürüsü, acgöz həşəratlar basanda, düşmənlər ölkənin hansısa şəhərini mühasirəyə alanda, yaxud başqa bir bəla, mərəz yayılanda+ 38 bir bəndə, yaxud bütün xalqın İsrail əllərini bu evə tərəf açıb dua etsə, Səndən lütf diləsə+ (axı hər kəs öz ürəyinin dərdini bilir),+ 39 Sən göylərdən, Öz məskənindən eşit,+ bağışla,+ durma, hər kəsə öz əməlinə görə əvəz ver,+ çünki Sən insanın ürəyini görürsən və yalnız Sən insanın ürəyindəkilərindən agahsan.+ 40 Onda ata-babalarımıza verdiyin torpaqda yaşadığı bütün vaxt ərzində xalqın Səndən qorxar.
41 Həmçinin xalqın İsraildən olmayan, uzaq diyarlardan adını tutub gələn yadelli+ 42 (çünki onlar Sənin böyük adın,+ güclü əlin, qüvvətli qolun haqda eşidəcəklər) bu evə üz tutub dua edərsə, 43 Sən göylərdən, məskənindən+ onu eşit, yadellinin Səndən dilədiyi xahişi yerinə yetir. Qoy dünyanın bütün xalqları Sənin adını bilsin, xalqın İsrail kimi, Səndən qorxsun.+ Qoy bilsinlər ki, tikdiyim bu ev Sənin adını daşıyır.
44 Ey Yehova, əgər xalqın Sənin dediyin yolla düşmənlə müharibəyə getsə,+ seçdiyin şəhərə,+ Sənin adına tikdiyim evə tərəf üz tutub dua etsə,+ 45 göylərdən onların duasını, lütf diləyini eşit, onlar üçün ədaləti bərqərar et.
46 Əgər onlar Sənə qarşı günah etsələr (çünki elə adam yoxdur ki, günah etməsin)+ və Sən qəzəblənib onları düşmənə təslim etsən, düşmənlər onları yaxın-uzaq ölkələrə əsir aparsalar+ 47 və orada ağılları başlarına gəlsə,+ əsarətdə olduqları ölkədə Sənə sarı dönsələr,+ “günah etmişik, qələt eləmişik, nahaq belə etdik”+ deyib yalvarsalar, lütfünü diləsələr,+ 48 əsir getdikləri yağı diyarında sidqi-ürəkdən+, can-dildən Sənə tərəf dönsələr, ata-babalarına verdiyin ölkəyə, seçdiyin şəhərə, adına tikdiyim evə tərəf üz tutub dua etsələr,+ 49 Sən göylərdən, məskənindən onların duasını, lütf diləyini eşit,+ onlar üçün ədaləti bərqərar et. 50 Sənə qarşı günah edən xalqını bağışla, Sənə qarşı etdikləri bütün təqsirlərin üstündən keç. Onları əsir aparanların ürəyinə rəhm sal ki, onlarla mərhəmətlə davransınlar,+ 51 çünki onlar Misirdən, dəmirəridən sobadan çıxardığın+ xalqın, irsindir.+ 52 Qulunun, xalqın İsrailin lütf diləyinə nəzər sal,+ hər dəfə Səni çağıranda eşit.+ 53 Çünki Sən, ey Külli-İxtiyar Yehova, əcdadlarımızı Misirdən çıxaranda qulun Musa vasitəsilə bəyan etdiyin kimi, onları dünyanın bütün xalqlarından ayırıb Özünə irs etmişdin».+
54 Süleyman Yehovaya bu duanı edib lütf diləyəndən sonra Yehovanın qurbangahının önündən, diz çöküb əllərini göyə açdığı yerdən qalxdı.+ 55 Sonra durub ucadan bütün İsrail icmasına xeyir-dua verdi: 56 «Yehovaya alqış olsun! O vəd etdiyi kimi, xalqı İsrailə dinclik verdi,+ qulu Musa vasitəsilə verdiyi gözəl vədlərin bir kəlməsi də boşa çıxmadı.+ 57 Qoy Allahımız Yehova ata-babalarımıza yar olduğu kimi, bizə də yar olsun!+ Qoy O, heç vaxt bizi atmasın, tərk etməsin.+ 58 Qoy O, ürəyimizi Özünə sarı döndərsin+ ki, Onun yolları ilə gedək, ata-babalarımıza buyurduğu əmrlərə, qayda-qanunlara, hökmlərə riayət edək. 59 Qoy lütfünü almaq üçün Yehovaya etdiyim bu yalvarışlar gecə-gündüz Allahımız Yehovanın xatirində olsun. Qoy O, qulu və xalqı İsrail üçün günbəgün ədaləti bərqərar etsin və 60 dünyanın bütün xalqları bilsin ki, Yehova Allah təkdir,+ Ondan başqa Allah yoxdur!+ 61 Qoy bu gün olduğu kimi, ürəyiniz bütünlüklə Allahımız Yehovaya bağlı olsun,+ Onun qayda-qanunları ilə yeriyib əmrlərinə boyun əyin».
62 Padşah və onunla olan israillilər Yehovanın hüzurunda çoxlu sayda qurban gətirdilər.+ 63 Süleyman Yehovaya ünsiyyət qurbanları təqdim etdi.+ O, 22 000 qaramal və 120 000 qoyun qurban gətirdi. Beləliklə, padşah və israillilər Yehovanın evinin açılışını etdilər.+ 64 O gün padşah Yehovanın evinin qarşısındakı həyətin ortasını pak etdi ki, yandırma qurbanlarını, taxıl təqdimələrini, ünsiyyət qurbanlarının piyini orada təqdim etsin. Çünki yandırma qurbanları, taxıl təqdimələri, ünsiyyət qurbanlarının piyi+ Yehovanın önündəki mis qurbangaha+ yerləşmirdi. 65 Həmin vaxt Süleyman bütün İsraillə, Ləbu-Həməsdən tutmuş Misir vadisinədək+ ölkənin hər yerindən gələn böyük icma ilə Allahımız Yehovanın önündə bayram etdi.+ Bayram yeddi gün və daha yeddi gün, ümumilikdə on dörd gün davam etdi. 66 Bayramdan sonrakı gün o, xalqı yola saldı. Xalq padşaha alqış oxuya-oxuya evinə getdi. Hamı Yehovanın qulu Davuda və xalqı İsrailə göstərdiyi kəramətə görə sevinib-şadlanırdı.+