Hizqiyal
20 Yeddinci ilin beşinci ayının onuncu günündə İsrail ağsaqqallarından bir neçəsi Yehovaya müraciət etmək üçün yanıma gəlib qarşımda əyləşdilər. 2 Bu vaxt mənə Yehovanın sözü nazil oldu: 3 «Ey bəni-adəm, İsrail ağsaqqallarına de ki, Külli-İxtiyar Yehovanın sözü budur: “Siz Məndən söz soruşmağa gəlmisiniz? Varlığıma and olsun, — deyir Külli-İxtiyar Yehova, — sizə bir kəlmə də cavab verməyəcəyəm”.+
4 Onları mühakimə etməyə hazırsan? Ey bəni-adəm, hazırsanmı onları mühakimə etməyə? Ata-babalarının iyrənc əməllərini bir-bir onlara söylə.+ 5 De ki, Külli-İxtiyar Yehovanın sözü belədir: “İsraili seçdiyim+ gün Yaqub nəslinin övladlarına and içdim, Misir ölkəsində onlara Özümü tanıtdım.+ Bəli, onlara and içib dedim: “Mən Yehovayam, sizin Allahınız”. 6 Həmin gün and içib söz verdim ki, onları Misirdən çıxarıb onlar üçün tapdığım süd-bal axan diyara aparacağam.+ Bu diyar dünyanın ən dilbər guşəsi idi. 7 Onda onlara dedim: “Qoy hər kəs gözünü dikdiyi iyrənc bütləri tullasın. Özünüzü Misirin iyrənc bütləri ilə murdarlamayın.+ Mən sizin Allahınız Yehovayam”.+
8 Onlar isə Mənə qarşı üsyan etdilər, Mənə qulaq asmaq istəmədilər. Bağlandıqları mənfur şeyləri atmadılar, Misirin iyrənc bütlərindən əl çəkmədilər.+ Onda söz verdim ki, onları hiddətimə tuş edəcəyəm, bütün qəzəbimi Misir torpağında üzərlərinə yağdıracağam. 9 Amma adım naminə hərəkətə keçdim ki, aralarında yaşadıqları xalqların yanında adıma ləkə gəlməsin.+ Onları Misir torpağından çıxaranda bu xalqların qarşısında Özümü onlara tanıtdım.+ 10 Beləcə, onları Misir ölkəsindən çıxarıb səhraya apardım.+
11 Orada onlara qanunlarımı bildirib hökmlərimi aşkar etdim,+ o qanun və hökmləri ki onlara əməl edən onların sayəsində yaşayır.+ 12 Bundan əlavə, Özümlə onlar arasında bir əlamət olaraq onlar üçün şənbəni+ təsis etdim ki,+ bilsinlər: onları müqəddəs edən Mənəm, Yehova.
13 Lakin İsrail əhli səhrada Mənə asi çıxdı.+ Qanunlarımla oturub durmadılar, hökmlərimi rədd etdilər, o qanun və hökmləri ki onlara əməl edən onların sayəsində yaşayır. Mənim şənbələrimi heç yerinə qoydular. Odur ki, Mən də səhrada qəzəbimi onların üstünə tökməyə, onları məhv etməyə qərar verdim.+ 14 Bunu adım naminə etdim. İstəmədim onları çıxartmağımın şahidi olan xalqların yanında adıma ləkə gəlsin.+ 15 Həm də səhrada and içdim ki, onları söz verdiyim torpağa,+ süd-bal axan diyara,+ dünyanın ən dilbər guşəsinə aparmayacağam, 16 çünki Mənim hökmlərimi rədd etdilər, qanunlarımla yaşamadılar, şənbələrimi heç etdilər, iyrənc bütlərinə könül verdilər.+
17 Ancaq yazığım gəldi onlara, məhv etmədim, səhrada köklərini kəsmədim. 18 Səhrada ikən+ oğullarına dedim: “Ata-babalarınızın qayda-qanunu ilə getməyin,+ hökmlərinə riayət etməyin, özünüzü onların iyrənc bütləri ilə murdarlamayın. 19 Mən sizin Allahınız Yehovayam. Mənim qanunlarımla gedin, Mənim hökmlərimə əməl edin, onlara riayət edin.+ 20 Şənbələrimi müqəddəs tutun,+ onlar sizinlə Mənim aramda əlamət olacaq ki, biləsiniz: Mən sizin Allahınız Yehovayam”.+
21 Amma övladları da Mənə qarşı qalxdılar.+ Qanunlarımla oturub-durmadılar, hökmlərimə əməl etmədilər, o qanun və hökmlərə ki onlara əməl edən onların sayəsində yaşayır. Mənim şənbələrimi heç yerinə qoydular. Buna görə də söz verdim ki, onları hiddətimə tuş edəcəyəm, bütün qəzəbimi səhrada üzərlərinə yağdıracağam.+ 22 Lakin Özümü saxladım,+ adımı düşündüm,+ dedim, onları çıxartmağımın şahidi olan xalqların yanında adıma ləkə gəlməsin. 23 Onlara səhrada and içdim ki, onları xalqlar arasına səpələyəcəyəm, ölkələrə pərən-pərən edəcəyəm,+ 24 çünki hökmlərimə əməl etmədilər, qanunlarımı rədd etdilər,+ şənbələrimi heç etdilər, ata-babalarının iyrənc bütlərinə tapındılar.+ 25 Mən də onları başlı-başına buraxdım ki, gedib faydasız qaydalara, insanı yaşatmağa qadir olmayan hökmlərə uysunlar,+ 26 ilkinlərini odda yandıraraq qurban versinlər və bununla özlərini murdarlasınlar.+ Bunu etdim ki, onları acınacaqlı hala salım və bilsinlər ki, Mən Yehovayam”.
27 Buna görə də, ey bəni-adəm, İsrail əhlinə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Sizin ata-babalarınız da beləcə Mənə xəyanət edərək küfr etdilər. 28 Onları and içib söz verdiyim ölkəyə gətirdim.+ Onlar isə hündür təpələri, sıxyarpaqlı ağacları+ görəndə başladılar öz qurbanlarını və Məni təhqir edən təqdimələrini gətirməyə. Orada xoş ətirli qurbanlarını, şərab təqdimələrini təqdim etdilər. 29 Onda Mən onlardan soruşdum: “Bu yüksəklik nədir belə? (Bu günə kimi ora Yüksəklik* adlanır.)”+
30 İsrail əhlinə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Siz də özünüzü atalarınız kimi ləkələyirsiniz? Onların iyrənc bütlərinə bağlanıb Mənə xəyanət edirsiniz*?+ 31 Siz hələ də murdar bütlərinizə qurbanlar gətirərək — oğullarınızı odda yandıraraq özünüzü ləkələyirsiniz?+ Bunlardan sonra da deyirsiniz, Mən sizə cavab verim, ey İsrail əhli?”+
“Varlığıma and olsun, — Külli-İxtiyar Yehova bəyan edir, — sizə cavab verməyəcəyəm.+ 32 Deyirsiniz: “Qoy biz də başqa xalqlar kimi, başqa ölkələrdə yaşayan, ağaca, daşa baş əyən tayfalar kimi olaq”.+ Xeyr, bu olmayacaq”».
33 «“Varlığıma and olsun, — Külli-İxtiyar Yehova bəyan edir, — güclü əlimlə, qüvvətli qolumla, qeyz-qəzəblə üzərinizdə padşahlıq edəcəyəm.+ 34 Güclü əlimlə, qüvvətli qolumla, kükrəyən qəzəbimlə sizi xalqların arasından çıxaracağam, pərən-pərən düşdüyünüz ölkələrdən toplayacağam.+ 35 Sizi xalqların səhrasına gətirəcəyəm, üzbəsurət sizinlə haqq-hesab çəkəcəyəm.+
36 Misir səhrasında ata-babalarınızla haqq-hesab çəkdiyim kimi, sizinlə də çəkəcəyəm, — Külli-İxtiyar Yehova bəyan edir. — 37 Sizi çoban kimi, çomağımın altından keçirəcəyəm,+ əhdin boyunduruğu altına salacağam. 38 Amma üsyankarları, Mənə qarşı günah edənləri aranızdan ayıracağam.+ Onları qürbət ölkədən çıxaracağam, ancaq İsrailə ayaq basmayacaqlar,+ onda biləcəksiniz ki, Mən Yehovayam”.
39 Sizin barənizdə isə, ey İsrail əhli, Külli-İxtiyar Yehova belə deyir: “Siz ki Mənə qulaq asmırsınız, gedin baş əyin öz iyrənc bütlərinizə.+ Ancaq məlumunuz olsun ki, daha qurbanlarınızla, iyrənc bütlərinizlə adıma ləkə gətirə bilməyəcəksiniz”.+
40 “Bütün İsrail əhli, hamı müqəddəs dağımda, İsrailin hündür dağında+ Mənə ibadət edəcək,+ — Külli-İxtiyar Yehova bəyan edir. — Mən onlardan razı qalacağam. Onda sizdən bəxşişləri, ən yaxşı təqdimələri, müqəddəs təqdimələri qəbul edəcəyəm.+ 41 Sizi xalqların içindən çıxaranda, pərən-pərən düşdüyünüz ölkələrdən yığanda+ qurbanlarınızın xoş ətrini duyub sizdən razı qalacağam, sizin vasitənizlə bütün xalqların gözü qarşısında müqəddəsliyimi əyan edəcəyəm”.+
42 “Sizi İsrailə, ata-babalarınıza söz verib and içdiyim ölkəyə gətirəndə biləcəksiniz ki, Mən Yehovayam.+ 43 Orada sizə ləkə gətirən hərəkətləriniz, əməlləriniz yadınıza düşəcək,+ bütün pis əməllərinizə görə özünüz özünüzdən iyrənəcəksiniz.+ 44 Bax onda, ey İsrail əhli, biləcəksiniz ki, Mən Yehovayam, çünki görəcəksiniz ki, Mən sizinlə bəd əməllərinizə, pozğun işlərinizə görə rəftar etmirəm, nə edirəmsə, Öz adım naminə edirəm”,+ — Külli-İxtiyar Yehova bəyan edir».
45 Mənə yenə də Yehovanın sözü nazil oldu: 46 «Ey bəni-adəm, üzünü cənuba çevirib xitab et. Cənub meşələrinə peyğəmbərlik et. 47 Cənubdakı meşələrə belə de: “Eşidin və agah olun, görün Yehova nə deyir. Külli-İxtiyar Yehovanın sözü budur: “Sənin içində elə od qalayacağam ki,+ atəşi sönməyəcək, yaş, quru deməyib, bütün ağacları yandıracaq.+ Cənubdan tutmuş şimala qədər hamını qarsıdacaq. 48 Hamı görəcək ki, bu odu Mən Yehova yandırmışam. Odur ki, atəşi sönməyəcək”».+
49 Onda mən dedim: «Ay Allah, ey Külli-İxtiyar Yehova, onlar mənim barəmdə deyirlər “bu, elə tapmacalarla* danışır”».