Həvarilərin işləri
20 Hay-küy yatandan sonra Bulus şagirdləri yanına çağırıb ruhlandırdı. Sonra onlarla vidalaşıb Makedoniyaya yollandı. 2 Oraları gəzib qardaşlarla danışaraq onları da ruhlandırdı, sonra Yunanıstana gəldi. 3 Orada üç ay qaldı, lakin gəmi ilə Suriyaya getməyə hazırlaşarkən yəhudilərin ona sui-qəsd qurduğundan+ xəbər tutdu. Buna görə də Makedoniyadan keçib geri qayıtmaq qərarına gəldi. 4 Veriyalı Pirrin oğlu Sopater, salonikililər Aristarx+ və Sekund, derbiyalı Qay, Asiya əyalətindən olan Tixik+ və Trofim+, həmçinin Timuti+ də onunla idilər. 5 Onlar qabağa gedərək bizi Troasda gözlədilər. 6 Biz isə Mayasız çörək bayramından+ sonra Filippidən dənizə çıxdıq və beş günə Troasa, onların yanına çatdıq. Orada bir həftə qaldıq.
7 Həftənin ilk günü çörək yemək üçün bir yerə yığışmışdıq. Bulus ertəsi gün yola çıxacaqdı. Buna görə də ora toplaşanlara müraciət edib gecə yarısına kimi danışdı. 8 Biz üst mərtəbədəki otaqda yığışmışdıq, orada çoxlu çıraq yanırdı. 9 Eftik adlı bir gənc pəncərədə oturmuşdu. Bulus danışdıqca onu yuxu basırdı. O, dərin yuxuya getdi və birdən üçüncü mərtəbədən aşağı yıxıldı. Onu yerdən qaldıranda o, artıq ölmüşdü. 10 Bulus aşağı düşdü, oğlanın üstünə əyildi, onu qucaqlayıb+ dedi: «Səs-küy qaldırmayın, o artıq sağdır».+ 11 Sonra yuxarı qalxdı, süfrəyə əyləşib yemək yedi. O, dan yeri sökülənədək xeyli söhbət etdi və sonra yola çıxdı. 12 Oğlanı isə apardılar və sağ olduğu üçün böyük təsəlli tapdılar.
13 Biz irəli getdik və gəmiylə Assosa üzdük. Bulusun göstərişinə görə biz onu orada gəmiyə götürməli idik. Özü isə oraya piyada gələcəkdi. 14 O, Assosda bizə çatdı, biz onu gəmiyə götürdük və Mitiliniyə üzdük. 15 Səhərisi gün oradan yola çıxıb Hios adası tərəfə gəldik, ertəsi gün Samosda dayandıq, növbəti gün isə Miletə çatdıq. 16 Bulus Asiya əyalətində vaxt itirməmək üçün Efesə+ girmədi. O, Yerusəlimə+ tələsirdi. Çox istəyirdi ki, Əllinci gün bayramında orada olsun.
17 Buna baxmayaraq, o, Miletdən Efesə adam göndərib yığıncağın ağsaqqallarını yanına çağırtdırdı. 18 Ağsaqqallar gələndə Bulus onlara dedi: «Asiya əyalətinə+ ayaq basdığım gündən bəri aranızda necə davrandığımı yaxşı bilirsiniz. 19 Rəbbə* böyük təvazökarlıqla+, göz yaşları ilə xidmət etdim. Yəhudilərin qurduğu fəndlərə görə neçə-neçə sınaqla üzləşdim. 20 Yenə də sizə xeyir gətirən şeylər haqqında danışmaqdan, sizi insanlar qarşısında+, ev-ev+ öyrətməkdən vaz keçmədim. 21 Həm yəhudilərə, həm yunanlara tövbə edib+ Allaha tərəf dönmək və Ağamız İsaya iman etmək haqqında ətraflı şəhadət verdim.+ 22 İndi ruhun təhriki ilə Yerusəlimə gedirəm, ancaq orada başıma nələr gələcək, bilmirəm. 23 Amma hər şəhərdə müqəddəs ruh dönə-dönə təkrar edir ki, məni qandallar və təqiblər gözləyir.+ 24 Lakin mən qətiyyən özümü düşünmürəm, təki Allahın lütfü barəsindəki müjdə haqqında ətraflı şəhadət verib Ağamız İsanın mənə həvalə etdiyi xidməti başa çatdırım, yolumu başa vurum.+
25 Bir şeyi bilirəm, Padşahlıq xəbərini çatdırdığım sizlər bir daha üzümü görməyəcəksiniz. 26 Ona görə də istəyirəm ki, siz hər kəsin qanından təmiz olduğuma bu gün şəhadət verəsiniz.+ 27 Çünki Allahın niyyətini sizə bütövlüklə çatdırmaqdan boyun qaçırmamışam.+ 28 Özünüzə+ və bütün sürüyə fikir verin. Müqəddəs ruh sizi bu sürüyə nəzarət etmək üçün təyin edib+ ki, Allahın Öz Oğlunun qanı bahasına aldığı+ yığıncağını otarasınız.+ 29 Bilirəm ki, mən gedəndən sonra aranıza amansız canavarlar girəcək,+ onlar sürüyə rəhm etməyəcəklər. 30 Həmçinin sizin aranızdan adamlar peyda olacaq və şagirdləri ardınca aparmaq üçün həqiqəti təhrif edəcəklər.+
31 Buna görə də oyaq qalın və yadınızdan çıxartmayın ki, mən düz üç il+ göz yaşları içində gecə-gündüz hər birinizə öyüd-nəsihət vermişəm. 32 İndi sizi Allaha və Onun lütfü barəsindəki sözə tapşırıram. Bu söz sizi gücləndirməyə və sizə bütün müqəddəs adamların sırasında miras verməyə qadirdir.+ 33 Mən heç kimin nə gümüşünə, nə qızılına, nə də paltarına göz dikməmişəm.+ 34 Siz özünüz də bilirsiniz ki, bu əllər həm mənim, həm də mənimlə olanların ehtiyaclarını təmin edib.+ 35 Mən sizə hər şeydə göstərmişəm ki, siz də beləcə zəhmət çəkərək+ zəiflərə kömək etməlisiniz və Ağamız İsanın dediyi sözləri, “vermək almaqdan daha çox xoşbəxtlik gətirir”+ sözlərini unutmamalısınız».
36 Bulus bunları deyib qurtarandan sonra qardaşlarla birlikdə diz çöküb dua etdi. 37 Hamı hönkür-hönkür ağlayırdı və Bulusun boynuna sarılıb onu nəvazişlə öpürdü. 38 Çünki Bulusun «bir daha üzümü görməyəcəksiniz»+ sözləri onları çox kədərləndirmişdi. Sonra onu gəmiyə ötürdülər.