Vaiz
5 Allahın evinə gedəndə addımlarına fikir ver.+ Oraya qulaq asmaq+ üçün girmək axmaqlar kimi qurban gətirməkdən yaxşıdır.+ Onlar anlamırlar ki, etdikləri pis hərəkətdir.
2 Qoy dilin tələsməsin. Allahın hüzurunda söz deməyə ürəyin tələsməsin.+ Çünki Allah göydədir, sən isə yerdə. Ona görə də nə dediyinə fikir ver.+ 3 Çoxlu qayğı yuxu gətirir,+ söz çox olanda isə sərsəm söhbət alınır.+ 4 Allaha nəzir deyəndə yerinə yetirməyə yubanma,+ çünki Onun ağılsızlardan xoşu gəlmir.+ Nəzirini yerinə yetir.+ 5 Nəzir deməmək nəzir deyib onu yerinə yetirməməkdən yaxşıdır.+ 6 Qoyma dilin səni günaha batırsın.+ Allahın mələyinə: «Səhv etmişəm», — demə.+ Axı nəyə görə Allah sözlərinə qəzəblənib əllərinin işini məhv etsin?+ 7 Çünki çoxlu qayğı yuxu gətirdiyi kimi,+ çoxlu söz də puçluq yaradır. Sən Allahdan qorx.+
8 Əgər görsən ki, yaşadığın vilayətdə məzluma zülm edilir, haqq-ədalət tapdalanır, təəccüb etmə.+ Hər mənsəb sahibinə ondan böyüyü nəzarət edir, onların da başında onlardan böyüklər var.
9 Torpağın gəlirini bu adamlar bölüşür, padşahın da yeməyi tarladan gəlir.+
10 Gümüş sevən gümüşdən doymaz, var-dövlət sevən də qazancdan.+ Bu da puçdur.+
11 Var-dövlət çoxaldıqca yeyənlər də çoxalır.+ Sahibinə baxmaqdan savayı nə qalır?+
12 Zəhmətkeş az da yesə, çox da yesə, yuxusu şirin olur, amma varlının dövləti onu yatmağa qoymur.
13 Günəş altında böyük bir dərd gördüm: sahibinin ziyanı üçün qorunan sərvət. 14 Bu sərvət bədbəxt hadisə ucbatından itir, onun oğlu olanda ona miras qoymağa heç nəyi olmur.+
15 İnsan anasının bətnindən lüt gəlir, lüt də gedir.+ Əməyinin bəhrəsindən özü ilə heç nə aparmır.+
16 Bu da böyük dərddir: insan necə gəlirsə, elə də gedir. Külək üçün əlləşib-vuruşmağın nə xeyri var?+ 17 Yediyi yeməyin dadını bilmir, ömür boyu yeməyini məyusluq, xəstəlik içində, əsəbi halda yeyir.+
18 Gördüm ki, ən yaxşı və düzgün şey budur: insan gərək Allahın ona verdiyi bir neçə günlük ömründə yeyib-içsin və günəş altında çəkdiyi zəhmətdən həzz alsın,+ çünki bu, onun mükafatıdır.+ 19 Əgər Allah insana var-dövlət və mal-mülklə+ yanaşı onlardan zövq almaq qabiliyyəti də veribsə, insan öz mükafatını almalıdır və zəhmətindən sevinc duymalıdır. Bu, Allahın bəxşişidir.+ 20 Allah onun başını sevinclə qarışdırdığı üçün ömrünün necə keçdiyindən xəbər tutmayacaq.+