Dənyal
2 Navuxodonosor padşahlığının ikinci ilində bir neçə yuxu gördü. O, bərk narahat olduğundan yata bilmədi.+ 2 Padşah əmr edib bu yuxuları yozmaq üçün kahinləri, ruhçağıranları, cadugərləri və kəldaniləri* çağırtdırdı. Onlar gəlib padşahın hüzurunda durdular.+ 3 Padşah onlara dedi: «Mən yuxu görmüşəm, bərk narahatam, nə gördüyümü bilmək istəyirəm». 4 Kəldanilər arami dilində*+ padşaha dedilər: «Padşah sağ olsun! Yuxunu qullarına danış, biz də onu yozaq».
5 Padşah kəldanilərə dedi: «Son sözüm budur: əgər yuxunu və yozumunu mənə açmasanız, parça-parça ediləcəksiniz, evləriniz isə ümumi ayaqyolu* olacaq. 6 Amma yuxunu və yozumunu açsanız, məndən bəxşişlər və mükafat alacaq, şərəfə yüksələcəksiniz.+ Odur ki, yuxunu və yozumunu mənə açın».
7 Onlar yenə dedilər: «Qoy padşah qullarına yuxunu danışsın, biz də onu yozaq».
8 Onda padşah dedi: «Mən bilirəm, siz vaxtı uzatmağa çalışırsınız, çünki son sözümü bilirsiniz. 9 Yuxunu söyləməsəniz, hamınızı bir cəza gözləyir. Siz sözləşmisiniz ki, mənə yalan danışıb başımı qatasınız, vəziyyət dəyişənə kimi vaxtı uzadasınız. Yuxunu mənə söyləyin, onda biləcəyəm ki, yozumunu da deyə bilərsiniz».
10 Kəldanilər padşaha cavab verdilər: «Dünyada elə bir adam yoxdur ki, padşahın bu tələbini yerinə yetirə bilsin. Hələ heç bir böyük padşah və ya vali, nə kahindən, nə ruhçağırandan, nə kəldanidən belə bir şey soruşmayıb. 11 Padşah elə bir müşkül şey soruşur ki, fanilər arasında yaşamayan allahlardan savayı kimsə bunu aça bilməz».
12 Onda padşah bərk qəzəbləndi və əmr etdi ki, Babilin bütün müdrikləri edam edilsin.+ 13 Fərman çıxdı və müdriklərin edamına hazırlaşdılar. Dənyalla yoldaşlarını da öldürmək üçün axtarmağa başladılar.
14 Dənyal Babil müdriklərini öldürməyə gedən padşahın baş mühafizi Əryuxa ehtiyatla yanaşıb müraciət etdi. 15 O, padşahın məmuru Əryuxdan soruşdu: «Niyə padşah belə sərt fərman çıxarıb?» Əryux hal-qəziyyəni ona nəql etdi.+ 16 Onda Dənyal padşahın hüzuruna gəlib yuxunu yozmaq üçün ondan möhlət istədi.
17 Sonra Dənyal evə gedib əhvalatı yoldaşlarına, Hənaniyyə, Müsail və Əzriyaya danışdı. 18 Onlardan xahiş etdi, bu sirri açması üçün göylərin Allahına dua edib lütf diləsinlər, belə ki, Dənyalla yoldaşları Babilin müdrikləri ilə birgə həlak olmasın.
19 Beləliklə, bu sirr gecə röyada Dənyala açıldı+ və o, göylərin Allahına şükür etdi. 20 Dənyal söylədi:
21 Dövrləri, dövranları dəyişən Odur,+
Padşahları taxtdan salan da, taxta çıxaran da Odur.+
O, müdriklərə hikmət, aqillərə bilik verər.+
22 Dərin və gizli şeyləri aşkar edər,+
O, qaranlıqda olan şeylərdən agahdır.+
Nur Onun yanında məskən salıb.+
23 Ey ata-babalarımın Allahı, Sənə şükür olsun, Sənə həmd olsun ki,
Mənə hikmət, qüdrət verdin.
Səndən dilədiyimizi mənə açdın.
Padşahın müşkülünü bizə əyan etdin».+
24 Sonra Dənyal padşahın Babil müdriklərini edam etmək üçün təyin etdiyi Əryuxun yanına gəlib dedi:+ «Babil müdriklərini öldürmə. Məni padşahın hüzuruna apar, padşaha yuxusunu yozum».
25 Əryux dərhal Dənyalı padşahın hüzuruna aparıb dedi: «Mən yəhudalı əsirlərdən+ padşahın yuxusunu yoza bilən bir adam tapmışam». 26 Padşah Bəltişəzzar adlanan Dənyala+ dedi: «Bu, doğrudur ki, gördüyüm yuxunu və yozumunu söyləyə bilərsən?»+ 27 Dənyal padşaha cavab verdi: «Heç bir müdrik, ruhçağıran, kahin, münəccim padşahın soruşduğu sirri açmağa qabil deyil.+ 28 Lakin göylərdə sirləri açan Allah var.+ O, padşah Navuxodonosora zamanın sonunda baş verəcək şeyləri əyan edib. Yatağında gördüyün yuxu və röyalar budur:
29 Ey padşah, sən yatağında ikən gələcək barədə düşüncələrə daldın və sirləri açan Allah nələr olacağını sənə bildirdi. 30 Mənə isə bu sirr hamıdan müdrik olduğuma görə açılmayıb. Açılıb ki, padşah yuxusunun yozumunu və ürəyindəki fikirləri bilsin.+
31 Ey padşah, sən baxıb nəhəng bir heykəl gördün. Bu heykəl çox böyük və parlaq idi, o, sənin qarşında durmuşdu. Onun görünüşü çox heybətli idi. 32 Heykəlin başı xalis qızıldan,+ sinəsi və qolları gümüşdən,+ qarnı və budları misdən,+ 33 baldırları dəmirdən,+ ayaqları yarı dəmirdən yarı gildən idi*.+ 34 Sən baxarkən bir daş əl dəymədən yerindən qoparıldı və heykəlin dəmirlə gil qarışıq ayaqlarından vurub onları çilik-çilik etdi.+ 35 Onda dəmir, gil, mis, gümüş, qızıl, hamısı parçalanıb xırmandakı* saman kimi oldu. Onları külək sovurub apardı, onlardan əsər-əlamət qalmadı. Heykəli vuran daş isə böyük bir dağ olub bütün yer üzünü tutdu.
36 Yuxu budur, indi padşaha yozumunu da söyləyəcəyik. 37 Ey hökmdarlar hökmdarı padşah! Göylərin Allahı padşahlığı, qüdrəti, qüvvəti, şöhrəti sənə verib.+ 38 Hər yerdə yaşayan insanları, çöldəki heyvanları, göydəki quşları ixtiyarına verib,+ səni onların üzərinə hökmdar qoyub. Qızıldan olan baş sənsən.+
39 Səndən sonra səndən aşağıda duran başqa padşahlıq peyda olacaq.+ Ondan sonra digər bir padşahlıq, misdən olan üçüncü padşahlıq olacaq və bütün dünyada hökmranlıq edəcək.+
40 Dördüncü padşahlıq dəmir kimi möhkəm olacaq.+ Dəmir hər şeyi əzib toz etdiyi kimi, qırıb-dağıtdığı kimi, o da onların hamısını əzib dağıdacaq.+
41 Gördüyün yarı gil, yarı dəmir ayaq və barmaqların mənası isə budur ki, bu padşahlıq bölünmüş padşahlıq olacaq. Onda bir qədər dəmir möhkəmliyi olacaq, çünki sən dəmirin yumşaq gillə qatışığını görmüsən. 42 Ayaq barmaqların yarı dəmirdən, yarı gildən olması bu padşahlığın qismən möhkəm, qismən kövrək olacağını göstərir. 43 Dəmiri yumşaq gillə qarışıq görməyin o deməkdir ki, onlar xalqla* qarışacaq, amma dəmirlə gil bir-birinə qarışmadığı kimi, onlar da bir-biri ilə birləşməyəcək.
44 O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayacaq bir padşahlıq quracaq.+ Bu padşahlıq başqa xalqa keçməyəcək.+ O, bütün bu padşahlıqları əzib yox edəcək,+ özü isə əbədi duracaq.+ 45 Çünki sən gördün ki, daş əl dəymədən yerindən qoparılıb dəmir, mis, gil, gümüş və qızılı darmadağın etdi.+ Ulu Allah padşaha gələcəkdə olacaq şeyləri açdı.+ Bu yuxu doğru, yozumu şəksizdir».
46 Bu dəm padşah Navuxodonosor Dənyalın qarşısında üzüstə yerə döşənib ona təzim etdi. Sonra əmr etdi ki, ona xələt verib buxur təqdim etsinlər. 47 Padşah Dənyala dedi: «Sən ki bu sirri açdın, həqiqətən də, sizin Allahınız allahlar Allahı, padşahlar Ağasıdır, sirləri açan Allahdır!»+ 48 Bundan sonra padşah Dənyalı uca mənsəbə qaldırdı, ona çoxlu qiymətli bəxşiş verdi, bütün Babil əyalətinin üzərində vali qoydu+ və bütün Babil müdrikləri üzərində başçı etdi. 49 Həmçinin Dənyalın xahişi ilə padşah Sədrah, Misah və Abidnağunu+ Babil əyalətində icra vəzifələrinə qoydu. Dənyal isə sarayda qaldı.