Saylar
14 Onda bütün icma haray-həşir qopardı, gecəni səhərədək ağlayıb fəğan elədi.+ 2 Hamı bir nəfər kimi Musanın və Harunun dalınca deyinir,+ onların əleyhinə danışıb deyirdi: «Kaş ki Misirdə öləydik. Ya da elə bu səhrada canımızı tapşıraydıq! 3 Yehova bizi bura niyə gətirib? Qılınc ağzına verməyə?+ Arvad-uşağımız əsir düşəcək.+ Onda elə yaxşısı budur Misirə qayıdaq da».+ 4 Hətta iş o yerə çatdı ki, onlar bir-birinə: «Gəlin özümüzə bir rəhbər seçib Misirə qayıdaq!»+ — deməyə başladılar.
5 Musa ilə Harun bunu eşidəndə bütün İsrail icmasının gözü qarşısında üzüstə yerə döşəndilər. 6 Torpağa baxmağa gedənlərdən Nun oğlu Yuşə+ və Yufənna oğlu Kalib+ yaxalarını cırıb 7 israillilərə dedilər: «Gedib baxdığımız məmləkətə söz ola bilməz, çox gözəl yerdir.+ 8 Əgər Yehova bizdən razıdırsa, onda bizi mütləq süd-bal axan o diyara aparıb oranı bizə verəcək.+ 9 Təki siz Yehovaya qarşı qiyam etməyəsiniz, o məmləkətin əhalisindən qorxmayasınız.+ Biz onları qırıb-çatacağıq, çünki onlar müdafiəsiz qalıb. Bizim isə arxamızda Yehova durub.+ Qorxmayın onlardan».
10 Ancaq camaat bir-birinə deyirdi ki, onları daşqalaq etmək lazımdır.+ Onda Yehovanın calalı Hüzur çadırının üstündə zühur edib bütün İsrail icmasına göründü.+
11 Yehova Musaya dedi: «Nə vaxta qədər bu adamlar Mənə hörmətsizlik edəcək?+ Bu qədər möcüzəni görə-görə nə vaxta qədər Mənə iman etməyəcəklər?+ 12 Qoy canlarına azar salıb köklərini kəsim. Səndən isə onlardan böyük, onlardan güclü bir xalq yaradım».+
13 Lakin Musa Yehovaya dedi: «Sən bu xalqı qüdrətinlə misirlilərin əlindən qurtarmısan. Belə etsən, misirlilər bunu eşidəcək+ və 14 bu torpağın sakinlərinə danışacaqlar. Yehova, elə bu xalqlar da eşidiblər ki, Sən israillilərin arasındasan,+ onlara görünüb onlarla üz-üzə, göz-gözə danışırsan.+ Bilirlər ki, Sən Yehovasan və Sənin buludun israillilərin üzərində durur, gündüz bulud sütununda, gecə isə alov sütununda onların qarşısında gedirsən.+ 15 Əgər Sən bütün bu camaatı qırıb-çatsan, Sənin əzəmətin haqqında eşidən xalqlar deyəcəklər ki, 16 Yehova bu xalqı and içib verməyi vəd etdiyi torpağa apara bilmədi, ona görə də səhrada hamısını qırdı.+ 17 Yehova, nə olar, göstər o böyük qüdrətini, axı Sən demişdin: 18 “Yehova səbirli, məhəbbəti bol, təqsir və asiliyi bağışlayan,+ günahkarısa əsla cəzasız qoymayan, ataların günahlarının cəzasını oğullarına, nəvələrinə, üçüncü, dördüncü nəslə qədər övladlarına çəkdirən Allahdır”.+ 19 Nə olar, bu xalqı böyük məhəbbətinə görə bağışla, necə ki Misirdən çıxandan indiyədək bağışlamısan».+
20 Onda Yehova dedi: «Sənin xahişinə görə onların günahından keçirəm.+ 21 Ancaq varlığıma and olsun, bütün yer üzü Yehovanın ehtişamı ilə dolacaq,+ 22 Mənim calalımı, Misirdə və səhrada göstərdiyim möcüzələri görə-görə+ Məni dönə-dönə* sınağa çəkən,+ səsimə qulaq asmayan adamlar+ 23 atalarına and içərək vəd etdiyim diyarı görməyəcəklər. Bəli, Mənə hörmətsizlik edənlərin heç biri oranı görməyəcək.+ 24 Lakin qulum Kalibdə+ başqa ruh gördüm. O, can-dildən Mənə itaət edir. Buna görə də onu baxmağa getdiyi torpağa aparacağam, övladları oranı mülk olaraq alacaq.+ 25 Siz isə sabah Qırmızı dəniz yolu ilə səhraya qayıdın,+ çünki dərədə əmaliqələr və kənanilər+ yaşayır».
26 Yehova Musa ilə Haruna dedi: 27 «Nə vaxta qədər bu mənfur kütlə Mənə qarşı deyinəcək?+ Eşitdim onlar Mənə qarşı necə deyinir.+ 28 Onlara de ki, Yehova belə deyir: “Varlığıma and olsun, dediyiniz şeyləri başınıza gətirəcəyəm!+ 29 Meyitiniz bu səhrada sərilib qalacaq.+ İyirmi yaşında və iyirmidən yuxarı yaşda olub siyahıya alınanların, Mənə qarşı deyinənlərin hamısı öləcək.+ 30 Yufənna oğlu Kaliblə Yuşədən başqa heç biriniz and içərək sizi məskunlaşdırmağı vəd etdiyim diyara girməyəcək.+
31 Əsir düşəcəyindən qorxduğunuz övladlarınızı ora aparacağam.+ Sizin getmək istəmədiyiniz məmləkəti onlar görəcəklər.+ 32 Sizinsə meyitiniz bu səhrada səriləcək. 33 Oğullarınız qırx il səhrada+ çobanlıq edəcəklər. Xəyanətinizin altını onlar çəkəcək, ta sizlərdən axırıncı adam səhrada ölənə qədər.+ 34 Ölkəyə baxdığınız qırx günə+ müvafiq, qırx il+ günahınızın cəzasını çəkəcəksiniz — hər gün üçün bir il. Onda biləcəksiniz, Mənə ağ olmaq nə deməkdir*.
35 Mən Yehova sözümü dedim. Mənə qarşı toplaşan bu mənfur kütlənin aqibəti bu olacaq: ömürlərinin sonuna kimi bu səhrada qalacaq, elə burada da canları çıxacaq.+ 36 Musanın ölkəyə baxmağa göndərdiyi adamlar bəd xəbərlə geri qayıdıb bütün camaatı ona qarşı deyinməyə vadar etdilər.+ 37 Ölkə haqqında bəd xəbər gətirən bu adamların hamısı Yehovanın bəlasına gəlib öləcək.+ 38 Lakin ölkəyə baxmağa gedənlərin arasından Nun oğlu Yuşəyə və Yufənna oğlu Kalibə xətər dəyməyəcək”».+
39 Musa bu sözləri israillilərə deyəndə camaat yasa batdı. 40 Onlar sübh tezdən durub: «Biz günah iş tutmuşuq. İndi Yehovanın dediyi yerə getməyə hazırıq», — deyərək dağın başına qalxmağa hazırlaşdılar.+ 41 Ancaq Musa dedi: «Niyə Yehovanın əmrindən kənara çıxırsınız? Bundan xeyir tapmayacaqsınız. 42 Getməyin, onsuz da düşmənlərə məğlub olacaqsınız, çünki Yehova sizinlə deyil.+ 43 Əmaliqələr, kənanilər sizi qabaqlayıblar, onlar artıq ordadırlar.+ Sizi qılıncdan keçirəcəklər. Siz Yehovanın itaətindən çıxmısınız, odur ki, Yehova sizə kömək olmayacaq».+
44 Amma onlar heç kimə fikir verməyib dağa qalxmağa başladılar.+ Yehovanın Əhd sandığı isə düşərgədə qaldı, Musa da oradan ayrılmadı.+ 45 Həmin dağda yaşayan əmaliqələr və kənanilər aşağı enib israillilərə hücum çəkdilər, onları pərən-pərən salıb Hormaya qədər qovdular.+