Efeslilərə məktub
3 Bu səbəbdən mən Bulus sizə görə, yəni digər xalqlara görə Məsih İsa uğrunda məhbusam.+ 2 Siz, şübhəsiz, eşitmisiniz ki, mənə Allahın lütfündən yararlanmağınız üçün sizə kömək etmək tapşırılıb.+ 3 Sizə bir az əvvəl qısaca yazdığım kimi, müqəddəs sirr mənə vəhy vasitəsilə açılıb. 4 Beləliklə, siz bu sözləri oxuyarkən mənim Məsih haqqındakı müqəddəs sirri+ başa düşdüyümü anlayacaqsınız. 5 Bu sirr keçmiş nəsillərdə bəşər övladlarına açılmamışdı, yalnız indi ruh vasitəsilə onun müqəddəs həvarilərinə və peyğəmbərlərinə bildirilib.+ 6 Müqəddəs sirr ondan ibarətdir ki, Məsih İsa ilə vəhdətdə olan digər xalqlara mənsub adamlar onunla birlikdə varis və bir bədənin üzvləri olsunlar.+ Onlar da müjdə sayəsində Allahın bizə vəd etdiyi şeyləri alacaqlar. 7 Mən Allahın lütfü sayəsində bu sirrin xidmətçisi oldum. Bu ənam mənə Allahın gücünün fəaliyyəti ilə verildi.+
8 Bu lütf mənə, müqəddəslər arasında kiçiklərin ən kiçiyinə verilmişdir+ ki, mən Məsihin ağlasığmaz sərvəti barəsindəki müjdəni xalqlara bəyan edim, 9 hər şeyi yaradan Allahın qədim zamanlardan bəri gizli saxladığı müqəddəs sirri+ necə idarə etdiyini insanlara göstərim. 10 Bu, ona görə idi ki, indi Allahın böyük və çoxcəhətli hikməti yığıncaq vasitəsilə+ səmavi aləmdəki hökumət və hakimiyyətlərə açılsın.+ 11 Bu, Onun əbədi niyyətinə, Ağamız Məsih+ İsa ilə əlaqədar qərarlaşdırdığı niyyətə müvafiqdir. 12 Onun sayəsində biz belə cəsarətlə danışır,+ ona olan imanımız vasitəsilə Allaha maneəsiz yaxınlaşırıq. 13 Buna görə də xahiş edirəm: sizin uğrunuzda çəkdiyim əziyyətlərə görə ruhdan düşməyin, çünki bunlar sizin şərəfinizdir.+
14 Bu səbəbdən mən Atanın qarşısında diz çökürəm, 15 kimə ki, göydə və yerdə olan hər ailə öz adına görə borcludur. 16 O böyük calal sahibinə yalvarıram ki, ruhunun verdiyi qüvvətlə daxili varlığınızı möhkəmləndirsin+ 17 və Məsih imanınız vasitəsilə məhəbbətlə+ bərabər qəlbinizdə məskən salsın.+ Diləyim budur ki, siz möhkəm olasınız, iman təməli üzərində mətin durasınız.+ 18 Beləcə, bütün müqəddəslərlə birlikdə həqiqətin genişliyini, uzunluğunu, hündürlüyünü və dərinliyini tam qavraya biləsiniz, 19 Məsihin bilikdən üstün olan məhəbbətini+ dərk edəsiniz ki, Allahın verdiyi tam dolğunluqla dolasınız.
20 Bəli, bizdə fəaliyyət göstərən gücü vasitəsilə+ xahiş etdiyimiz, düşündüyümüz hər bir şeydən qat-qat artığını+ etməyə qadir olan Allaha 21 nəsildən-nəslə, əbədiyyət boyu yığıncaq və Məsih İsa vasitəsilə alqış olsun. Amin!