Yəhyaya nazil olmuş vəhy
8 Quzu+ yeddinci möhürü açanda+ göyə təxminən yarım saatlıq sükut çökdü. 2 Mən Allahın qarşısında duran yeddi mələyi+ gördüm. Onlara yeddi kərənay verildi.
3 Sonra başqa bir mələk gəlib qurbangahın+ yanında durdu. Onun əlində qızıl buxurdan+ vardı. Ona çoxlu buxur verildi və o, bu buxuru bütün müqəddəslərin duaları ilə birlikdə taxtın qarşısındakı qızıl qurbangahda+ təqdim etməli idi. 4 Mələyin əlindəki buxurun tüstüsü müqəddəslərin duaları ilə birlikdə+ Allahın hüzuruna yüksəldi. 5 Bundan dərhal sonra mələk buxurdanı qurbangahdakı odla doldurub yer üzünə atdı. Birdən göy guruldadı, şimşəklər çaxdı,+ səslər gəldi və zəlzələ oldu. 6 Yeddi mələk kərənayları+ çalmağa hazırlaşdı.
7 Birinci mələk kərənayını çaldı. Bu zaman qan qarışıq dolu və alov əmələ gəlib yer üzünə yağdı.+ Yerin üçdə biri, ağacların üçdə biri və bütün yaşıl bitkilər yandı.+
8 Sonra ikinci mələk kərənayını çaldı. Birdən nəhəng dağa oxşar bir şey alov içində dənizə+ atıldı. Dənizin üçdə biri qana döndü,+ 9 dənizdə yaşayan canlıların üçdə biri öldü,+ gəmilərin üçdə biri parçalandı.
10 Sonra üçüncü mələk kərənayını çaldı. Göydən çıraqtək yanan böyük bir ulduz çayların və bulaqların üçdə birinə düşdü.+ 11 O ulduzun adı Yovşandır. Suların üçdə biri yovşan kimi acılaşdı+ və buna görə xeyli adam öldü.
12 Sonra dördüncü mələk kərənayını çaldı. Günəşin, ayın və ulduzların üçdə birinə zərbə vuruldu+ ki, onların üçdə biri qaralsın,+ gündüzün də, gecənin də üçdə biri qaranlıqda qalsın.
13 Sonra mən göy üzündə uçan bir qartal gördüm və onun ucadan dediyi bu sözləri eşitdim: «Qalan üç mələyin çalacağı kərənayların səsinə görə yerdə yaşayanların vay halına, vay halına, vay halına!+ Çünki onlar kərənaylarını çalmağa hazırlaşırlar».+