Qanunun təkrarı
5 Musa bütün israilliləri çağırıb onlara söylədi: «Ey İsrail, bu gün sizə bəyan etdiyim qanun və hökmlərə qulaq ver. Onları öyrən və onlara dəqiqliklə əməl et. 2 Allahımız Yehova bizimlə Huribdə əhd bağlayıb.+ 3 Yehova bu əhdi ulu babalarımızla deyil, bizimlə, bu gün sağ olub burada duranlarla bağlamışdı. 4 Yehova alovun içindən sizinlə üz-üzə, göz-gözə danışmışdı.+ 5 Mən həmin vaxt Yehova ilə sizin aranızda durub+ Yehovanın sözünü sizə çatdırırdım, çünki siz alovdan qorxub dağa yaxın getmirdiniz.+ O demişdi:
6 “Mən sizi Misirdən, köləlik evindən çıxaran Allahınız Yehovayam.+ 7 Məndən başqa allahınız olmamalıdır.+
8 Özünüz üçün nə yuxarıda — səmada, nə aşağıda — yerdə, nə də yerdəki sularda olan şeylərin heç birinin bütünü və ya surətini düzəltməyin.+ 9 Onlara səcdə qılıb sitayiş etməyin, çünki Mən,+ Allahınız Yehova tam sədaqət tələb edən Allaham.+ Mənə asi kəsilən ataların günahlarının cəzasını oğullarına, üçüncü, dördüncü nəslə qədər övladlarına çəkdirərəm.+ 10 Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.
11 Allahınız Yehovanın adını nalayiq şəkildə dilinizə gətirməyin,+ çünki Yehova Onun adını nalayiq şəkildə dilə gətirəni cəzasız qoymaz.+
12 Şənbə gününə riayət edib onu Allahınız Yehovanın əmr etdiyi kimi, müqəddəs tutun.+ 13 Nə işiniz varsa, altı gün ərzində edin.+ 14 Yeddinci gün Allahınız Yehovaya həsr olunmuş Şənbədir.+ Həmin gün heç bir iş görməməlisiniz.+ Nə özünüz, nə oğlunuz, nə qızınız, nə qulunuz, nə qarabaşınız, nə öküzünüz, nə ulağınız, nə başqa heyvanınız, nə də şəhərlərinizdə yaşayan yadelli heç bir iş görməməlisiniz.+ Bəli, qul-qarabaşınız da sizin kimi dincəlməlidir.+ 15 Unutmayın ki, bir vaxtlar siz Misirdə qul idiniz, Allahınız Yehova da sizi oradan güclü əli, qüvvətli qolu ilə çıxartdı.+ Məhz buna görə Allahınız Yehova sizə şənbə gününə riayət etməyi buyurmuşdur.
16 Allahınız Yehovanın əmr etdiyi kimi, atanıza və ananıza hörmət edin ki,+ Allahınız Yehovanın sizə verdiyi torpaqda uzun ömür sürüb firavan yaşayasınız.+
17 Adam öldürməyin.+
18 Zina etməyin.+
19 Oğurluq etməyin.+
20 Heç kimə qarşı yalandan şahidlik etməyin.+
21 Heç kimin arvadına tamah salmayın.+ Heç kimin heç nəyində — nə evində, nə torpağında, nə qulunda, nə qarabaşında, nə öküzündə, nə də eşşəyində gözünüz olmasın”.+
22 Bu əmrləri Yehova sizin bütün icmanıza dağda, alovun, buludun və zülmət qaranlığın içərisindən uca səslə söyləmişdi.+ Bunlardan başqa heç nə deməmişdi. Sonra isə onları iki daş lövhə üzərinə yazıb mənə vermişdi.+
23 Dağ od-alov içində ikən qaranlıqdan gələn səsi eşidəndə qəbilələrinizin başçıları və ağsaqqallarınız mənim yanıma gəlmişdilər.+ 24 Siz onda mənə belə demişdiniz: “Allahımız Yehova Öz calalını və əzəmətini bizə göstərdi, biz alovun içindən Onun səsini eşitdik.+ Bu gün biz gördük ki, Allah insanla danışanda insan sağ qala bilər.+ 25 Ancaq bu güclü alov bizi yandırıb külə döndərəcək. Bəs biz yazıq deyilik? Əgər Allahımız Yehovanın səsini bir az da eşitsək, mütləq tələf olacağıq. 26 Axı hansı bəşər övladı bizim kimi alovun içindən var olan Allahın səsini eşidib sağ qalıb? 27 Sən özün get, Allahımız Yehovanın nə dediyinə qulaq as, sonra isə Allahımız Yehovanın sənə söylədiyi sözləri bizə çatdırarsan. Biz də qulaq asıb hər şeyə əməl edərik”.+
28 Yehova sizin mənə dediyiniz sözlərin hamısını eşidirdi. Onda Yehova mənə dedi: “Camaatın sənə nə dediyini eşitdim. Çox pakizə.+ 29 Kaş həmişə onların ürəyində Mənim vəhmim olsun,+ həmişə Mənim əmrlərimə riayət etsinlər.+ Onda özləri də, övladları da əbədiyyən xeyir taparlar.+ 30 Get, onlara de ki, hər kəs öz çadırına qayıtsın. 31 Sən isə burada, Mənim hüzurumda qal. İsrailə öyrətmək üçün sənə Öz əmrlərimi verəcək, qanun və hökmlərimi bildirəcəyəm. Verəcəyim ölkədə onlar bütün bu qanunlarla yaşamalıdırlar”. 32 Buna görə, ey camaat, fikir verin ki, Allahınız Yehovanın sizə buyurduqları ilə oturub-durasınız,+ nə sağa, nə sola bir addım belə, atmayasınız.+ 33 Allahınız Yehovanın göstərdiyi yolla gedin ki,+ sağ qalıb xoş gün görəsiniz, sahib olacağınız ölkədə uzun ömür sürəsiniz.+