Yaradılış
23 Sara yüz iyirmi yeddi il yaşadı. Onun ömrü bu qədər oldu.+ 2 Sara Kənan+ torpağındakı Kiryat-Arbada+, yəni Həbrunda+ öldü. İbrahim Saraya yas tutub ağladı. 3 Sonra İbrahim cənazənin yanından qalxdı və gedib hetlərə+ dedi: 4 «Mən aranızda yurd salmış bir qəribəm.+ Ölümü dəfn etməyə torpağınızdan mənə yer satın». 5 Hetlər İbrahimə cavab verib dedilər: 6 «Ağa, gör nə deyirik. Sən aramızda Allahın seçdiyi bir əmirsən*.+ Apar ölünü ən yaxşı yerdə dəfn et. Aramızdan heç kəs səndən dəfn üçün yer əsirgəməz».
7 Onda İbrahim qalxıb oranın camaatı, hetlər+ qarşısında təzim etdi 8 və dedi: «Ölümü dəfn etməyimə razısınızsa, onda sizdən bir ricam var: Zoharın oğlu Əfrundan xahiş edin ki, 9 sahəsinin ayağındakı Məxfilə mağarasını mənə satsın. Mağaranın dəyəri neçə gümüşdürsə+, gözünüzün qabağında çıxarıb o qədər də verərəm, təki ölümü dəfn etməyə yerim olsun».+
10 Əfrun isə hetlərin arasında oturmuşdu. Het Əfrun oradakı Het oğullarının və şəhər darvazasından+ girənlərin hamısının önündə İbrahimə belə cavab verdi: 11 «Yox, ağam, qulaq ver, gör nə deyirəm. Sahə də, içindəki mağara da sənə peşkəşdir. Xalqımın oğullarının gözü qarşısında onu sənə verirəm. Apar ölünü dəfn et». 12 O zaman İbrahim oranın camaatı qarşısında təzim etdi 13 və hamının yanında üzünü Əfruna tutub dedi: «Yox, belə olmaz! Torpağın dəyərini sənə bütünlüklə ödəyəcəyəm. Pulu götür ki, aparıb ölümü orada dəfn edə bilim».
14 Əfrun İbrahimə cavab verib dedi: 15 «Torpağın qiyməti dörd yüz şekel* gümüşdür. Ancaq, ay ağa, bu nə puldur ki, durub bunun söhbətini eləyək. Apar ölünü dəfn et». 16 İbrahim Əfrunu dinləyib onun hetlərin yanında dediyi dəyəri ödədi, tacirlərin ölçüsü ilə dörd yüz şekel gümüş çəkib verdi.+ 17 Beləliklə, Əfrunun Mamrenin qarşısında yerləşən Məxfilədəki sahəsi, mağara və ağaclarla birlikdə, 18 hetlərin və bütün şəhər darvazasından girənlərin gözü qarşısında satılıb İbrahimin mülkiyyətinə keçdi. 19 Bundan sonra İbrahim arvadı Saranı Kənan torpağındakı Həbrunda, Mamrenin qarşısında yerləşən Məxfilə sahəsindəki mağarada dəfn etdi. 20 Beləliklə, hetlər sahəni də, mağaranı da ölüsünü dəfn etmək üçün İbrahimin mülkiyyətinə verdilər.+