İkinci Salnamələr
36 Sonra ölkə sakinləri Yuşiyyənin oğlu Yəhəzi+ atasının yerinə Yerusəlimdə taxta çıxardı.+ 2 Yəhəz taxta çıxanda iyirmi üç yaşında idi və üç ay Yerusəlimdə hakimiyyət sürdü. 3 Misir hökmdarı onu Yerusəlimdə taxtdan saldı. Ölkənin üstünə 100 talant* gümüş və bir talant qızıl xərac qoydu.+ 4 Misir hökmdarı Neho+ Yəhəzin yerinə qardaşı Əlyakimi Yəhuda və Yerusəlimin padşahı etdi və adını dəyişib Yəhyakim qoydu. Yəhəzi isə Misirə apardı.+
5 Yəhyakim+ taxta çıxanda iyirmi beş yaşında idi və on bir il Yerusəlimdə hakimiyyət sürdü. O, Allahı Yehovanın bəyənmədiyi pis işlər gördü.+ 6 Babil padşahı Navuxodonosor+ onun üstünə yürüş etdi ki, onu mis qandalla qandallayıb Babilə aparsın.+ 7 Navuxodonosor Yehovanın məbədindən bəzi əşyaları götürüb Babilə apardı və onları Babildəki sarayına qoydu.+ 8 Yəhyakimin qalan işləri, mənfur əməlləri, üzə çıxan təqsirləri İsrail və Yəhuda padşahlarının kitabında yazılıb. Oğlu Yəhyakin onun yerinə taxta çıxdı.+
9 Yəhyakin+ taxta çıxanda on səkkiz yaşında idi və üç ay on gün Yerusəlimdə hakimiyyət sürdü. Yəhyakin Yehovanın bəyənmədiyi pis işlər gördü.+ 10 İlin əvvəlində* Navuxodonosor padşah adam göndərib onu Yehovanın məbədindəki qiymətli əşyalarla birgə Babilə gətirtdi.+ Onun əmisi Sidqiyyəni Yəhuda və Yerusəlimin padşahı etdi.+
11 Sidqiyyə+ taxta çıxanda iyirmi bir yaşında idi və on bir il Yerusəlimdə hakimiyyət sürdü.+ 12 O, Yehovanın bəyənmədiyi pis işlər gördü. Yehovanın əmri ilə danışan Ərəmya peyğəmbərin qarşısında qürurunu sındırmadı.+ 13 Üstəlik, onu Allaha and verdirən Navuxodonosor padşaha qarşı qiyam etdi.+ O, tərsliyindən, inadından əl çəkmədi, İsrailin Allahı Yehovaya dönmədi. 14 Kahinlərin rəhbərlərinin, eləcə də xalqın xəyanəti həddi aşmışdı, onlar xalqların bütün iyrənc əməllərini təkrarlayır, Yehovanın Yerusəlimdə müqəddəs etdiyi məbədi murdarlayırdılar.+
15 Ata-babalarının Allahı Yehova elçilərini göndərib dönə-dönə onlara xəbərdarlıq etdi, çünki xalqına, məskəninə yazığı gəlirdi. 16 Onlarsa Allahın elçilərini lağa qoyur,+ Onun sözlərinə xor baxır,+ peyğəmbərlərini ələ salırdılar+. Axırda başqa çarə qalmadı, Yehova xalqının üstünə qəzəbini yağdırdı.+
17 Allah kəldanilərin padşahını onların üstünə göndərdi.+ O, onların cavanlarını müqəddəs məkanda qılıncdan keçirtdi,+ nə oğlana, nə qıza, nə qocaya, nə də xəstəyə rəhm etmədi.+ Allah hər şeyi onun əlinə verdi.+ 18 O, Allahın evindəki balaca, böyük, bütün əşyaları, Yehovanın evindəki xəzinəni, padşahın və əyanlarının xəzinələrini — hər şeyi Babilə apardı.+ 19 Allahın məbədini yandırdı,+ Yerusəlimin divarlarını yerlə yeksan etdi,+ qalalarına od vurdu, şəhərdə dəyərli nə var idisə, hamısını məhv etdi.+ 20 Qılıncdan qurtulanları Babilə əsir apardı,+ onlar Fars şahlarının hakimiyyətinə qədər+ ona və oğullarına qul oldular.+ 21 Bununla da Yehovanın Ərəmya vasitəsilə dediyi söz yerinə yetdi,+ torpaq itirdiyi şənbələrini qaytardı.+ Torpaq viranə qaldığı vaxt ərzində, yetmiş il tamam olanadək+ şənbəni qeyd etdi.
22 Ərəmya vasitəsilə Yehovanın dediyi söz+ həyata keçsin deyə, Fars şahı Kuruşun*+ hakimiyyətinin birinci ilində Yehova Kuruşun ürəyində istək oyatdı. Şah fərman yazıb bütün səltənətində car çəkdirdi:+ 23 «Fars şahı Kuruş belə deyir: “Göylərin Allahı Yehova dünyanın bütün səltənətlərini mənə verib+ və mənə Yəhudada, Yerusəlimdə Ona ev tikməyi buyurub.+ Aranızda Onun xalqına mənsub olan hər kəsə Allahı Yehova yar olsun! Qoy o adam Yerusəlimə getsin”».+