Həvarilərin işləri
4 Butrusla Yəhya xalqa üz tutub danışarkən kahinlər, məbədin rəisi və saddukilər+ gəldilər. 2 Bu adamlar həvarilərə hirslənmişdilər, çünki həvarilər xalqın qarşısında vəz edir* və İsanın dirilməsi haqqında açıq-aşkar danışırdılar.+ 3 Onlar həvariləri tutdular və artıq axşam olduğu üçün ertəsi günədək həbsdə saxladılar.+ 4 Ancaq həvariləri dinləyənlərin çoxu iman gətirdi. Bu adamların sayı təxminən beş min nəfərə çatdı.+
5 Ertəsi gün yəhudilərin rəhbərləri, ağsaqqalları və mirzələri Yerusəlimdə yığışdı. 6 Böyük kahin Hənna+, həmçinin Qayafa+, Yuhənna, Aleksandr və böyük kahinin bütün qohum-əqrəbası orada idi. 7 Onlar həvariləri ortaya gətirib sorğu-suala başladılar: «Bu işi hansı qüvvə ilə və kimin adı ilə etdiniz?» 8 Bu zaman Butrus müqəddəs ruhla dolub+ onlara dedi:
«Ey xalqın rəhbərləri və ağsaqqallar! 9 Əgər bu gün biz bir şikəst adama etdiyimiz yaxşılığa görə sorğu-suala çəkiliriksə+ və siz onun kimin adı ilə sağaldığını bilmək istəyirsinizsə, 10 onda qoy hamınıza, bütün İsrail xalqına məlum olsun ki, bu adam dirəkdə edam etdiyiniz,+ lakin Allahın diriltdiyi+ nəsrani İsa Məsihin adı sayəsində+ qarşınızda sapsağlam dayanıb. 11 İsa “siz bənnaların heç saydığı daşdır. Ancaq bu daş küncün əsas daşı oldu”.+ 12 Bunu da bilin ki, ondan başqa xilaskar yoxdur, çünki göy altında Allahın insanlara verdiyi başqa bir ad yoxdur+ ki, onun sayəsində xilas ola bilək».+
13 Onlar Butrus və Yəhyanın cəsarətlə danışdığını, lakin savadsız*, sadə adam+ olduqlarını görəndə əvvəl çaşıb qaldılar, amma sonradan başa düşdülər ki, onlar İsa ilə bir yerdə olan adamlardandırlar.+ 14 Üstəlik, onların yanında duran sağalmış adama+ baxanda deməyə bir söz tapmadılar.+ 15 Onda həvarilərə Sinedrion zalından çıxmağı əmr edib öz aralarında məşvərətə başladılar: 16 «Bunlarla nə edək?+ Axı onlar, doğrudan da, qeyri-adi bir iş görüblər, bütün Yerusəlim camaatı+ da bunu bilir. Biz bunu inkar edə bilmərik. 17 Amma bu əhvalat camaat arasında daha çox yayılmasın deyə, gəlin onlara hədə-qorxu gələk və tapşıraq ki, bir də bu adla heç kəsə heç nə danışmasınlar».+
18 Həvariləri çağırıb onlara əmr etdilər ki, bir də İsanın adı ilə heç nə danışmasınlar və heç nə öyrətməsinlər. 19 Amma Butrus və Yəhya onlara dedilər: «Özünüz fikirləşin: Allahın qarşısında Allahı qoyub sizə qulaq asmaq nə dərəcədə düzgündür? 20 Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik».+ 21 Onlar həvarilərə yenidən hədə-qorxu gəlib buraxdılar, çünki onları cəzalandırmağa bir bəhanə tapmadılar.+ Bir yandan da bütün xalq bu hadisəyə görə Allaha alqış edirdi, 22 çünki möcüzəvi surətdə sağalmış o adamın yaşı qırxı ötmüşdü.
23 Həvarilər azadlığa buraxılandan sonra bacı-qardaşların yanına gedib böyük kahinlərin və ağsaqqalların sözlərini onlara danışdılar. 24 Bu sözləri eşidəndə hamısı birlikdə ucadan Allaha dua etdilər:
«Ya Külli-İxtiyar! Göyü, yeri, dənizi və onların içindəki hər şeyi Sən yaratmısan.+ 25 Sən müqəddəs ruh vasitəsilə, ulu atamız olan qulun Davudun dili ilə+ belə demisən: “Nə üçün xalqlar vurnuxdu, ümmətlər boş şeylər düşündü? 26 Dünyanın padşahları qalxdı, hökmdarlar bir nəfər kimi Yehovaya və Onun məsh etdiyinə* qarşı birləşdi”.+ 27 Bəli, Hirod və Ponti Pilat+ bu şəhərdə başqa xalqlardan olan adamlarla və İsrail xalqı ilə birləşib məsh etdiyin müqəddəs qulun İsaya qarşı çıxdılar+ ki, 28 Sənin Öz gücünə və niyyətinə əsasən qabaqcadan müəyyən etdiyin şeyləri icra etsinlər.+ 29 Ona görə də indi Yehova, onların hədə-qorxularını eşit və bizə, Öz qullarına qüvvət ver ki, Sən şəfa vermək üçün əlini uzadarkən, 30 müqəddəs qulun İsanın adı ilə əlamətlər və möcüzələr göstərilərkən+ Sənin sözünü bundan sonra da cəsarətlə danışaq».+
31 Onların hərarətli duasından sonra yığışdıqları yer silkələndi və hər biri müqəddəs ruhla doldu.+ Onlar Allahın sözünü cəsarətlə danışmağa başladılar.+
32 İman yoluna qoşulan camaat canbir qəlbdə yaşayırdı, hər şeyləri ümumi olduğundan heç kəs: «Bu mənimkidir», — demirdi.+ 33 Həvarilər Ağa İsanın dirilməsi haqqında qüdrətlə şəhadət verirdilər,+ Allah da Öz lütfünü onların üzərinə bol-bol tökürdü. 34 Aralarında heç kim korluq çəkmirdi,+ çünki kimin tarlası, ya evi vardısa, onu satır, pulunu isə 35 gətirib həvarilərin qabağına qoyurdu+ və bu pul hər kəsə ehtiyacına görə paylanırdı.+ 36 Əslən kiprli və Lavi nəslindən olan Yusif də (həvarilər onu Barnəba+ çağırırdılar, mənası «təsəlli oğlu» deməkdir) 37 öz torpaq sahəsini satdı və pulunu gətirib həvarilərin qabağına qoydu.+