Qanunun təkrarı
10 O vaxt Yehova mənə dedi: “Özün üçün əvvəlkilər kimi iki daş lövhə yon,+ dağa, Mənim yanıma qalx. Bir dənə də taxta sandıq düzəlt. 2 Sındırdığın lövhələrdəki sözləri bu lövhələrə yazacağam. Onları sandığa qoyarsan”. 3 Onda mən akasiya ağacından sandıq düzəltdim, əvvəlkilər kimi iki daş lövhə yondum. Lövhələri əlimə alıb dağa qalxdım.+ 4 Allah əvvəl yazdığı sözləri, on əmri* lövhələrin üstünə yazdı.+ Həmin sözləri dağın ətəyində toplaşdığınız gün Yehova alovun içindən sizə demişdi.+ Sonra Yehova lövhələri mənə verdi. 5 Mən dağdan endim+ və Yehovanın əmr etdiyi kimi, lövhələri düzəltdiyim sandığın içinə qoydum. Onlar indiyə kimi oradadır.
6 Sonra israillilər Biirot-Bəni-Yaqandan yola düşüb Məsirəyə gəldilər. Harun orada öldü və dəfn edildi.+ Oğlu Əlyazar onun yerinə kahin oldu.+ 7 Oradan Qudqidə, Qudqiddən Yütbətə+, axar çaylar diyarına gəldilər.
8 Həmin vaxt Yehova Lavi qəbiləsini ayırdı+ ki, bugünkü kimi, Yehovanın Əhd sandığını daşısınlar,+ Yehovanın önündə xidmət etsinlər və xalqa Onun adı ilə xeyir-dua versinlər.+ 9 Buna görə də lavililərə qardaşları arasında pay, yaxud irs verilməyib. Onların irsi Yehovadır. Çünki Allahınız Yehova lavililərə belə buyurmuşdu.+ 10 Mən birinci dəfə olduğu kimi, qırx gün-qırx gecə dağda qaldım.+ Onda da Yehova xahişimi eşitdi.+ Yehova sizi məhv etmək fikrindən vaz keçdi. 11 Sonra Yehova mənə dedi: “Get xalqı yola hazırla, qoy ata-babalarına verməyi and içdiyim diyara daxil olub ona sahib olsunlar”.+
12 Beləliklə, ey İsrail, Allahın Yehova səndən başqa nə istəyir ki?!+ İstəyir ki, Allahın Yehovadan qorxasan,+ Onun yolu ilə gedəsən,+ Onu sevəsən, Allahın Yehovaya bütün qəlbinlə, bütün varlığınla xidmət edəsən,+ 13 Yehovanın sənin yaxşılığın üçün verdiyi, bu gün sənə çatdırdığım bütün əmr və qanunları yerinə yetirəsən.+ 14 Budur, göylər, göylərin göyləri, yer və yerdə olan hər şey Allahınız Yehovaya məxsusdur.+ 15 Ancaq Yehova yalnız sizin ata-babalarınıza mehrini salıb onlarla ülfət bağlayıb. Sizi, onların övladlarını xalqların arasından seçib.+ Bugünkü gün siz Ona məxsus bir xalqsınız. 16 Buna görə də ürəyinizi saf etməli*+, dikbaşlığa+ son qoymalısınız. 17 Çünki Allahınız Yehova allahlar Allahı,+ ağalar Ağası, böyük, qüdrətli, zəhmli Allahdır. O tərəfkeşlik etməz+, rüşvət almaz. 18 Yetim üçün, dul qadın üçün ədaləti bərqərar edər,+ qəribi sevər,+ ona ruzi, geyim yetirər. 19 Siz də qəribi sevməlisiniz, çünki bir zamanlar özünüz də Misir diyarında qərib olmusunuz.+
20 Siz Allahınız Yehovadan qorxmalı, Ona qulluq etməli,+ Ona bağlanmalısınız. Onun adı ilə and içməlisiniz. 21 Təkcə Onu mədh etməlisiniz.+ O, sizin Allahınız, öz gözlərinizlə gördüyünüz möhtəşəm və heyrətamiz işləri sizin üçün edən Allahdır.+ 22 Ata-babalarınız cəmi-cümlətanı yetmiş nəfərlə Misirə getmişdilər.+ İndi isə Allahınız Yehova sizi göydəki ulduzlar qədər saysız-hesabsız edib.+