Yaradılış
49 Sonra Yaqub oğullarını çağırıb dedi: «Hamınız yanıma gəlin, sizin gələcəyiniz barədə sizə danışım. 2 Gəlin dinləyin, ey Yaqub oğulları, atanız İsrailə qulaq verin.
3 Rubən, ilkim mənim,+ gücüm, kişilik qüdrətimin nübarı. Ləyaqət, güc-qüvvət zirvəsi. 4 Azğınlığın coşub daşan sular kimidir. Zirvədən en! Sən atanın yatağına çıxdın.+ O vaxt mənim yatağımı ləkələdin. Bəli, o, mənim yatağıma çıxıb!
5 Şəmun və Lavi qardaşdır.+ Qəddarlıq qılıncları ilə silahlanıblar.+ 6 Ey canım, onlardan uzaq dur. Ey şərəfim*, onların məclisinə qoşulma, çünki qəzəblənərkən qan tökdülər,+ əylənərkən öküzləri şikəst etdilər*. 7 Lənət olsun vəhşi qəzəblərinə, lənət olsun amansız hiddətlərinə.+ Qoy onları Yaqubda pərən-pərən salım, İsraildə səpələyim.+
8 Səni isə, Yəhuda+, qardaşların mədh edəcək.+ Əlin düşmənlərinin boynunda olacaq.+ Atanın oğulları sənə baş əyəcək.+ 9 Yəhuda bala şirdir.+ Oğlum şikarını yeyib qalxacaq. O, şir kimi yerə yatıb yayxanıb. Bu şiri qaldırmağa kim cürət edər? 10 Hökmdar əsası Yəhudanın əlindən çıxmayacaq,+ başçı əsası dizlərinin arasından götürülməyəcək, ta Şilo* gələnə qədər.+ Və xalqlar ona itaət edəcək.+ 11 Ulağını meynəyə, sıpasını seçmə tənəyə bağlayıb paltarını şərabda, libasını üzümün qanında yuyacaq. 12 Şərabdan gözləri al-qırmızı, süddən dişləri ağappaqdır.
13 Zəbulun+ dəniz kənarında, gəmilərin yan aldığı sahildə məskən salacaq.+ Onun sərhədi Sidona tərəf uzanacaq.+
14 Yəsakir+ belində xurcun yerə yatan, sümüyü möhkəm bir ulaq kimidir. 15 O, dincəlmək üçün rahat yer, səfalı ölkə tapacaq. Kürəyini yük altına verəcək, onu qul kimi işlədəcəklər.
16 İsrail qəbilələrindən biri olan Dan+ xalqına hakimlik edəcək.+ 17 O, yol kənarında bir ilan, cığırda bir gürzə olub atın ayağını çalacaq, atlını arxası üstə yerə yıxacaq.+ 18 Ey Yehova, xilası Səndən gözləyəcəyəm.
19 Cada+ isə quldurlar basqın edəcək, amma Cad arxalarınca düşüb onları qovacaq.+
20 Aşirin+ ruzisi bol olacaq, şahlara layiq təamlar verəcək.+
21 Niftalı+ zərif maral kimidir. O, lətif sözlər söyləyir.+
22 Yusif+ barlı ağacın pöhrəsidir, bulaq başında bitən, budaqları divarı aşan bəhərli bir ağacın pöhrəsi. 23 Lakin oxçular ona qənim kəsilib onu oxa tutdular. Onunla düşmənçilik etdilər.+ 24 Amma Yaqubun qüdrətlisi, çobanın və İsrailin qayası sayəsində onun kamanı sınmadı, qolunun qüvvəti tükənmədi.+ 25 O*, atanın Allahından bir paydır, Allahın Özü sənə kömək olacaq. O, Qüdrət Sahibinə bağlıdır. Allah göylərin xeyir-bərəkətini üstünə yağdıracaq, dərinliklərdən sənə nemətlər verəcək,+ səni çoxlu oğul-uşaq sahibi edəcək*. 26 Atanın xeyir-duası dünya durduqca var olan dağların nemətlərindən, əbədi təpələrin füsunkarlığından üstün olacaq.+ Bu xeyir-dua qardaşlarının içindən seçilmiş Yusifdən heç vaxt əskik olmayacaq, həmişə onun başı üzərində olacaq.+
27 Binyamin+ canavar kimi şikarını didib-parçalayacaq.+ Səhər öz ovunu yeyəcək, axşam isə qənimət bölüşdürəcək».+
28 İsrailin on iki qəbiləsi bunlardan törəyib. Ataları onlara bu sözlərlə xeyir-dua verdi, hərəsinə öz xeyir-duasını.+
29 Bundan sonra Yaqub oğullarına tapşırıb dedi: «Mən son mənzilə yola düşürəm*.+ Məni atalarımın yanında, het Əfrunun sahəsində olan mağarada dəfn edin,+ 30 Kənan diyarında, Mamre qarşısında yerləşən Məxfilə sahəsindəki mağarada. O sahəni İbrahim het Əfrundan dəfn yeri kimi almışdı. 31 İbrahim və arvadı Sara orada dəfn olunub.+ İshaqla+ Rəfəqəni də orada dəfn etdilər. Mən də Ləyanı orada dəfn etmişəm. 32 Sahə də, içindəki mağara da Het oğullarından satın alınmışdı».+
33 Beləliklə, Yaqub oğullarına vəsiyyət edib qurtardı. Sonra ayaqlarını yatağına qaldırdı və son nəfəsini verib ata-babalarına qovuşdu.+