Lavililər
23 Yehova sözünə davam edib Musaya dedi: 2 «İsraillilərə belə de: “Yehovanın sizə buyurduğu bayramlar müqəddəs toplantı günləridir.+ Car çəkib bəyan etməli olduğunuz bayramlar+ bunlardır:
3 Nə işiniz varsa, altı gün ərzində görün, yeddinci gün isə istirahət üçün təyin olunan şənbə,+ müqəddəs toplantı günüdür. Həmin gün heç bir iş görməməlisiniz. Yaşadığınız hər yerdə bu gün Yehovaya həsr olunan şənbə olacaq.+
4 Müəyyənləşdirilmiş vaxtda bəyan etməli olduğunuz müqəddəs toplantılar, Yehovaya həsr olunan bayramlar bunlardır: 5 birinci ayın on dördüncü günü,+ toran düşən vaxt Yehovaya həsr olunmuş Pasxa+ bayramıdır.
6 Həmin ayın on beşinci günü Yehovaya həsr olunan Mayasız çörək bayramıdır.+ Yeddi gün mayasız çörək yeməlisiniz.+ 7 Birinci gün müqəddəs toplantı çağırmalısınız.+ Həmin gün ağır iş görmək olmaz. 8 Yeddi gün ərzində Yehovaya odda yandırılan təqdimə gətirməlisiniz. Yeddinci gün müqəddəs toplantı günüdür. Həmin gün ağır iş görmək olmaz”».
9 Yehova sözünə davam edib Musaya dedi: 10 «İsraillilərə belə de: “Sizə verəcəyim torpağa gəldiyiniz zaman torpağın məhsulunu biçəndə məhsulunuzun nübarından+ dərz bağlayıb kahinə gətirin.+ 11 Yehovanın razılığını qazanmağınızdan ötrü kahin dərzi Onun önündə yellətməlidir. Kahin bunu şənbə gününün səhəri etməlidir. 12 Dərz yellədilən gün Yehovaya yandırma qurbanı olaraq sağlam erkək toğlu gətirin. 13 Yanında odda yandırılan təqdimə kimi efanın* onda ikisi qədər narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi gətirin. Bu, Yehovaya xoş olan ətirdir. Şərab təqdiməsi olaraq isə hinin* dörddə biri qədər şərab gətirməlisiniz. 14 Həmin günədək, yəni Allahınıza təqdimə gətirənə qədər nə çörək, nə qovurğa, nə də tər sünbül yeməyin. Bu, yaşadığınız hər yerdə bütün nəsilləriniz üçün həmişəlik qanun olacaq.
15 Şənbədən sonrakı gündən, yəni yellətmə təqdiməsi kimi dərz gətirdiyiniz gündən yeddi şənbə, yeddi tam həftə sayın.+ 16 Yeddinci şənbənin səhəri günü, əlli günün tamamında+ Yehovaya təzədən taxıl təqdiməsi gətirin.+ 17 Yellətmə təqdiməsi üçün evinizdən 2 çörək gətirin. Çörəklər efanın onda ikisi qədər narın undan bişirilməli, xəmirinə maya qatılmalıdır.+ Onlar nübar kimi Yehovaya təqdim edilməlidir.+ 18 Çörəklərlə yanaşı 7 sağlam erkək toğlu, 1 cavan buğa və 2 qoç gətirməlisiniz.+ Bunlar taxıl və şərab təqdiməsi ilə birlikdə Yehovaya yandırma qurbanı, odda yandırılan təqdimə kimi gətirilməlidir. Bunlar Yehovaya xoş olan ətirdir. 19 Bundan əlavə, günah qurbanı+ olaraq 1 cavan keçi və ünsiyyət qurbanı+ olaraq 2 erkək toğlu təqdim etməlisiniz. 20 Kahin onları — iki toğlunu məhsulun nübarından bişirilən çörəklə bir yerdə Yehovanın önündə yellətmə təqdiməsi kimi yellətməlidir. Bunlar kahinə məxsusdur və Yehovanın gözündə müqəddəsdir.+ 21 Həmin gün car çəkib+ müqəddəs toplantı çağırın. O gün ağır iş görməyin. Bu, yaşadığınız hər yerdə bütün nəsilləriniz üçün həmişəlik qanundur.
22 Torpağınızın məhsulunu biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin, yerə tökülən başaqları yığmayın.+ Onları kasıb-kusub və qəriblər üçün saxlayın.+ Mən sizin Allahınız Yehovayam”».
23 Yehova sözünə davam edib Musaya dedi: 24 «İsraillilərə belə söylə: “Yeddinci ayın birinci gününü istirahət günü, kərənayla elan olunan anma, müqəddəs toplantı günü kimi qeyd edin.+ 25 Həmin gün ağır iş görməməlisiniz və Yehovaya odda yandırılan təqdim gətirməlisiniz”».
26 Sonra Yehova Musaya dedi: 27 «Həmin ayın onuncu günü isə Kəffarə günüdür.+ Müqəddəs toplantı çağırmalı, canınıza cəfa verməli*+ və Yehovaya odda yandırılan təqdimə gətirməlisiniz. 28 Həmin gün heç bir iş görülməməlidir, çünki o gün Allahınız Yehovanın önündə kəffarənizi vermək üçün təyin olunan Kəffarə günüdür.+ 29 O gün canına cəfa verməyən* adam xalqının arasından yox ediləcək*.+ 30 Mən həmin gün iş görən adamı məhv edəcəyəm. 31 Heç bir iş görməməlisiniz. Bu, yaşadığınız hər yerdə bütün nəsilləriniz üçün həmişəlik qanundur. 32 Bu, sizin üçün şənbə olacaq, tam istirahət günü. Ayın doqquzuncu günü, axşam canınıza cəfa verməlisiniz.+ Həmin günün axşamından ertəsi günün axşamına kimi sizin üçün şənbə olacaq».
33 Yehova yenə də Musaya dedi: 34 «İsraillilərə söylə: “Yeddinci ayın on beşinci günü Yehovaya həsr olunan yeddi günlük Çardaqlar bayramı başlayır.+ 35 Birinci gün müqəddəs toplantı çağırılmalıdır. Həmin gün ağır iş görməməlisiniz. 36 Yeddi gün Yehovaya odda yandırılan təqdimə gətirməlisiniz. Səkkizinci gün yenə də müqəddəs toplantı olmalıdır,+ Yehovaya odda yandırılan təqdimə gətirməlisiniz. Bu, təntənəli məclisdir. Həmin gün ağır iş görməməlisiniz.
37 Bunlar car çəkib bəyan etməli olduğunuz, Yehovanın sizə buyurduğu bayramlar, müqəddəs toplantı günləridir.+ Bu günlərdə Yehovaya odda yandırılan təqdimə — yandırma qurbanı,+ onunla yanaşı taxıl təqdiməsi+ və şərab təqdiməsi+ gətirməlisiniz. Hər gün o gün üçün buyrulan təqdimə gətirilməlidir. 38 Bunlar Yehovaya həsr olunan şənbələrdə+ gətirdiyiniz bəxşişlərdən,+ Yehovaya dediyiniz nəzirlərdən+ və könüllü təqdimələrdən+ əlavə gətirilməli olan təqdimələrdir. 39 Torpağınızın məhsulunu yığandan sonra yeddinci ayın on beşinci günündən başlayaraq, Yehovanın şərəfinə yeddi gün bayram keçirməlisiniz.+ Birinci və səkkizinci gün tam istirahət günüdür.+ 40 Birinci gün ağacların ən yaxşı meyvələrini, xurma ağacının budaqlarını,+ gur yarpaqlı ağacların və vadidə bitən qovaq ağaclarının budaqlarını toplayıb yeddi gün Allahınız Yehovanın önündə şənlənməlisiniz.+ 41 Yehovaya həsr olunmuş bu bayramı ildə yeddi gün qeyd etməlisiniz.+ Bütün nəsilləriniz həmişəlik qanun kimi yeddinci ayda bu bayramı qeyd etsin. 42 Yeddi gün çardaqda yaşayın.+ Bütün israillilər çardaqda yaşamalıdır. 43 Qoy gələcək nəsilləriniz bilsin ki,+ Mən israilliləri Misirdən çıxaranda onlar çardaqlarda yaşamalı olmuşdular.+ Mən sizin Allahınız Yehovayam”».
44 Beləcə, Musa Yehovaya həsr olunmuş bayramlarla bağlı göstərişləri İsrail oğullarına çatdırdı.