Çıxış
23 Yalan xəbər yaymayın.+ Pislik məqsədilə şahidlik edərək şər adamla əlbir olmayın.+ 2 Kütləyə qoşulub pislik etməyin; şahidlik verəndə çoxluğa uyub ədaləti pozmayın. 3 Kasıbın işinə baxanda üzgörənlik eləməyin.+
4 Görsəniz ki, düşməninizin öküzü və ya eşşəyi azıb, onu yiyəsinin yanına aparın.+ 5 Sizə düşmən kəsilən adamın eşşəyini yük altında yıxılıb qalmış görəndə yanından ötüb keçməyin. Yiyəsinə heyvanın üstündən yükü açıb götürməyə kömək edin.+
6 Kasıbın işinə baxanda ədaləti pozmayın.+
7 Yalandan ittiham etməkdən uzaq durun. Günahsız və düz adamı öldürməyin, Mən belə iş görənə haqq qazandırmaram.+
8 Rüşvət almayın, çünki rüşvət iti gözü kor edər, dürüst adamın fikrini dəyişdirər.+
9 Qəribi sıxışdırmayın. Qərib olmaq nədir yaxşı bilirsiniz, çünki özünüz də Misirdə qərib olmusunuz.+
10 Torpağınızı altı il becərib məhsulunu yığın.+ 11 Yeddinci il isə becərməyin, dincə qoyun. Orada nə bitsə, qoy kasıb-kusub yesin; onlardan qalan isə qurda-quşa yem olsun. Bu, üzüm bağınıza da, zeytun bağınıza da aiddir.
12 Nə işiniz varsa, altı gün ərzində görün, yeddinci gün isə heç bir iş görməyin. Qoyun öküzünüz, eşşəyiniz dincəlsin, qul-qarabaşınız və yurdunuzdakı yadelli istirahət etsin.+
13 Diqqətli olun ki, dediyim şeylərin hamısına əməl edəsiniz.+ Başqa allahların adını dilinizə gətirməyin, ağzınızdan onların adı çıxmasın.+
14 İldə üç dəfə Mənim şərəfimə bayram keçirməlisiniz.+ 15 Mayasız çörək bayramını qeyd edin.+ Sizə tapşırdığım kimi, əviv* ayında, təyin etdiyim vaxt yeddi gün mayasız çörək yeməlisiniz,+ çünki Misirdən məhz həmin vaxt çıxmısınız. Heç kim hüzuruma əliboş gəlməsin.+ 16 Həmçinin Biçin bayramını*, zəhmətinizin nübarının, becərdiyiniz torpağın ilk məhsulunun biçinini qeyd edin.+ Eləcə də ilin sonunda, əkib-becərdiyiniz məhsulu yığanda Məhsul yığımı bayramını* qeyd edin.+ 17 İldə üç dəfə bütün kişiləriniz Rəbbiniz Yehovanın hüzuruna gəlməlidir.+
18 Mənə gətirdiyiniz qurbanın qanının yanında mayalı heç nə olmamalıdır. Mənə həsr olunan bayramlarda gətirilən qurbanların piyindən səhərə qalmamalıdır.
19 Torpağınızdan götürdüyünüz ilk məhsulun ən yaxşısını Allahınız Yehovanın evinə gətirməlisiniz.+
Oğlağı anasının südündə bişirməyin.+
20 Qabağınızca mələk göndərirəm ki,+ sizi yolda qorusun, gətirib hazırladığım yerə çıxarsın.+ 21 Hərəkətinizə fikir verin və onun sözünə əməl edin. Bu mələyə qarşı çıxmayın, o, asiliyinizi bağışlamayacaq,+ çünki o, Mənim adımı daşıyır. 22 Ancaq onun sözünə dəqiqliklə əməl etsəniz və Mən deyən hər şeyə tabe olsanız, sizə qənim kəsilənə qənim kəsiləcəyəm, sizə qarşı çıxana qarşı duracağam. 23 Mələk qarşınızda gedib sizi amorilərin, hetlərin, fərizilərin, kənanilərin, hivilərin və yəbusilərin torpağına gətirəcək və Mən bu xalqları yox edəcəyəm.+ 24 Bu xalqların allahlarına səcdə qılmayın, uyub onlara ibadət etməyin. Həmin xalqların əməllərini təkrarlamayın.+ Əksinə, büt-allahlarını sındırıb dağıdın, dik daşlarını* parça-parça edin.+ 25 Siz Allahınız Yehovaya ibadət etməlisiniz,+ O da sizin çörəyinizə, suyunuza bərəkət verəcək,+ azar-bezarı sizdən uzaq edəcək.+ 26 Ölkənizdə heç bir qadın uşaq salmayacaq, heç biri sonsuz olmayacaq.+ Sizi uzunömürlü edəcəyəm.
27 Qarşınıza çıxan bütün xalqları çaxnaşmaya salacağam,+ elə edəcəyəm ki, bütün düşmənləriniz önünüzdən qaçacaq. Sizi hələ görməmişdən Mənim haqqımda eşidib canlarına lərzə düşəcək.+ 28 Siz hələ ora çatmamışdan hiviləri, kənaniləri və hetləri ruhdan salıb* güclərini, təpərlərini əllərindən alacağam, onları önünüzdən qovacağam.+ 29 Amma bir il içində yox ki, torpaq boş qalmasın, vəhşi heyvanlar çoxalıb üstünüzə hücum çəkməsin.+ 30 Onları yavaş-yavaş qovacağam, ta o vaxta qədər ki, çoxalıb ölkəni tutasınız.+
31 Sizə verəcəyim torpağın sərhədi Qırmızı dənizdən filiştlilərin dənizinə, səhradan çaya* kimi uzanacaq,+ çünki oranın sakinlərini sizə təslim edəcəyəm, siz də onları qovacaqsınız.+ 32 Nə özlərilə, nə də allahları ilə əhd bağlamayın.+ 33 Onları ölkənizdə yaşamağa qoymayın ki, sizi Mənə qarşı günah işləməyə təhrik etməsinlər. Onların allahlarına ibadət etsəniz, tələyə düşəcəksiniz”».+