Həvarilərin işləri
21 Onlardan güclə ayrıldıq və sonra dənizə çıxdıq. Gəmi düz Kos adasına istiqamət aldı. Biz gəlib oraya çatdıq, ertəsi gün Rodosa, oradan da Pataraya gəldik. 2 Orada Finikiyaya yollanan bir gəmi tapdıq. Bu gəmiyə minib dənizə çıxdıq. 3 Üfüqdə Kipr adası göründü, biz onu solda qoyub Suriya istiqamətində üzdük. Surda lövbər saldıq, çünki gəmi orada yükünü boşaltmalı idi. 4 Şagirdləri axtarıb tapdıq və burada bir həftə qaldıq. Onlar ruh vasitəsilə dönə-dönə Bulusa dedilər ki, Yerusəlimə ayaq basmasın.+ 5 Getmək vaxtı çatanda biz yola düşdük. Qadınlı, uşaqlı şagirdlərin hamısı bizi limana qədər ötürdülər. Dəniz sahilində diz çöküb dua etdik. 6 Biz vidalaşıb gəmiyə mindik, onlar isə evlərinə qayıtdılar.
7 Surdan üzüb Ptolemaidaya gəldik. Qardaşlarla görüşüb bir gün onların yanında qaldıq. 8 Ertəsi gün yola düşdük. Qeysəriyyəyə çatanda yeddilərdən biri olan+ müjdəçi Filipin evinə getdik və onunla qaldıq. 9 Onun peyğəmbərlik edən dörd subay qızı var idi.+ 10 Bir müddət orada qaldıq. Bu zaman Yəhudiyyədən Ağab adlı bir peyğəmbər+ gəldi. 11 O, qaldığımız evə girdi, Bulusun qurşağını götürüb öz əl-ayağını sarıdı və dedi: «Müqəddəs ruh belə deyir: “Yəhudilər Yerusəlimdə+ bu qurşağın yiyəsini bax beləcə sarıyıb başqa xalqlardan olanların əlinə verəcəklər”».+ 12 Biz bunu eşidəndə oradakı qardaşlarla birlikdə yalvar-yaxar edib Bulusu Yerusəlimə getmək fikrindən daşındırmağa çalışdıq. 13 Onda Bulus dedi: «Siz nə edirsiniz? Nə üçün ağlayıb ürəyimi parça-parça edirsiniz? Arxayın olun, mən Ağamız İsanın adı uğrunda Yerusəlimdə nəinki buxovlanmağa, hətta ölməyə də hazıram».+ 14 Onu qərarından daşındıra bilmədiyimizi görəndə çar-naçar razılaşıb dedik: «Yehova bilən məsləhətdir».
15 Bundan sonra tədarük görüb Yerusəlimə yola düşdük. 16 Qeysəriyyədən bəzi şagirdlər də bizimlə getdilər, onlar bizi ilk şagirdlərdən biri olan kiprli Minasonun yanına aparırdılar. Biz onun evində qalacaqdıq. 17 Yerusəlimə çatanda qardaşlar bizi sevinclə qarşıladılar. 18 Ertəsi gün Bulusla birlikdə Yaqubun+ yanına getdik. Bütün ağsaqqallar orada idilər. 19 Bulus qardaşları salamladı və Allahın başqa xalqlar arasında onun xidməti vasitəsilə gördüyü işləri onlara hərtərəfli danışdı.
20 Qardaşlar bunları eşidəndə Allahı mədh etməyə başladılar. Onlar Bulusa dedilər: «Qardaş, görürsən, yəhudilərin içindən neçə min adam imana gəlib? Onların hamısı Qanuna ciddi əməl edirlər.+ 21 Sənin haqqında gəzən şayiələr onların qulağına çatıb, guya sən başqa xalqlar arasında yaşayan yəhudiləri öyrədirsən ki, Musanın Qanunundan dönsünlər, uşaqlarını sünnət etməsinlər, adət-ənənələrimizdən üz döndərsinlər.+ 22 İndi necə edək? Onsuz da sənin gəlişindən xəbər tutacaqlar. 23 Sən gəl biz deyənə qulaq as. Aramızda əhdi olan dörd adam var. 24 Onları özünlə götür, gedin paklanın. Qoy başlarını qırxdırsınlar, xərclərini də üzərinə götür. Onda hamı biləcək ki, sənin haqqındakı şayiələr yalandır, sən düzgün yaşayır və Qanuna riayət edirsən.+ 25 Başqa xalqlardan olan qardaşlarımıza gəldikdə isə, biz qərarımızı yazıb onlara göndərmişik ki, bütlərə qurban gətirilmiş ətdən+, həmçinin qandan+, boğulmuş heyvan ətindən+ və əxlaqsızlıqdan*+ uzaq dursunlar».
26 Ertəsi gün Bulus həmin kişiləri yanına alıb onlarla birlikdə paklandı.+ Sonra paklanma günlərinin haçan başa çatacağını və hər birisi üçün nə vaxt qurban gətiriləcəyini bildirmək üçün məbədə getdi.
27 Yeddi gün başa çatmaq üzrə idi. Asiya əyalətindən gəlmiş yəhudilər Bulusu məbəddə görəndə camaatı qızışdırdılar. Onlar Bulusu tutub 28 qışqırmağa başladılar: «Ay israillilər, köməyə gəlin! Bu adam hər yerdə hamını xalqımızın, Qanunumuzun və bu yerin əleyhinə öyrədir. Bu azmış kimi, yunanları da məbədə gətirib və bu müqəddəs yeri murdarlayıb».+ 29 Onlar efesli Trofimi+ şəhərdə onunla bir yerdə görmüşdülər və elə bilirdilər ki, Bulus onu məbədə gətirib. 30 Bütün şəhərə qarışıqlıq düşdü. Camaat tökülüşüb məbədə gəldi. Onlar Bulusu tutdular, sürüyüb məbəddən çölə çıxartdılar. Məbədin qapıları dərhal bağlandı. 31 Camaat Bulusu öldürmək istədiyi zaman minbaşıya xəbər çatdı ki, Yerusəlimdə böyük çaxnaşma düşüb. 32 Minbaşı dərhal əsgərləri və yüzbaşıları yanına alıb aşağı düşdü. Camaat sərkərdəni və əsgərləri görəndə əl saxlayıb Bulusu daha vurmadı.
33 Sərkərdə yaxınlaşıb Bulusu tutdu və əmr etdi ki, onu iki zəncirlə qandallasınlar.+ O, Bulusun kim olduğunu və nə iş tutduğunu soruşmağa başladı. 34 Hərə bir şey qışqırırdı. Sərkərdə hay-küyün əlindən heç nə öyrənə bilmədiyi üçün əmr etdi ki, onu kazarmaya aparsınlar. 35 Ancaq Bulus pilləkənə ayaq basanda camaat onun üstünə şığıdı və əsgərlər onu götürüb aparmalı oldular. 36 Camaat onların dalınca gedərək qışqırırdı: «Öldürün onu!»
37 Bulus kazarmanın girəcəyində sərkərdəyə dedi: «Olar, sənə bir söz deyim?» Sərkərdə cavab verdi: «Sən yunanca da danışırsan? 38 Deməli, sən bir az əvvəl qiyam qaldırıb dörd min nəfər əli xəncərlini ardınca çöllüyə aparan misirli deyilsən?» 39 Bulus dedi: «Mən Kilikiyanın Tars şəhərindən olan bir yəhudiyəm+. Məşhur şəhərin vətəndaşıyam. İcazə ver, camaata müraciət edim». 40 Sərkərdə ona izin verdi. Bulus pilləkəndə durub əli ilə xalqa işarə etdi. Araya sükut çökəndə onlara ibranicə+ müraciət edib dedi: