Korinflilərə birinci məktub
4 Bizi Məsihin xidmətçiləri və Allahın müqəddəs sirrinin+ nökərbaşıları kimi tanımalıdırlar. 2 Nökərbaşıdan isə sədaqət tələb olunur. 3 İstər məni siz sorğu-suala çəkin, istər hər hansı bir məhkəmə, bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Heç mən də özümü sorğu-suala çəkmirəm. 4 Vicdanım hər cəhətdən rahatdır. Amma bu məni saleh etmir. Məni sorğu-suala çəkən Yehovadır.+ 5 Buna görə də Ağa gələnədək vaxtından əvvəl heç nəyi mühakimə etməyin.+ Ağa qaranlıqda gizlədilmiş şeyləri işığa çıxaracaq, ürəklərdəki niyyətləri aşkar edəcək, onda hər kəs Allahdan layiq olduğu tərifi alacaq.+
6 Qardaşlar, mən bunları sizdən ötrü özümə və Apollosa+ tətbiq etdim ki, siz bizə baxıb «yazılanlardan kənara çıxma» qaydasını öyrənəsiniz+ və lovğalanıb birini başqasından üstün tutmayasınız. 7 Axı səni başqalarından fərqləndirən nədir? Məgər hər şeyi Allahdan almamısan?+ Əgər hər şeyi Allahdan almısansa, onda niyə bunu unudub lovğalanırsan?
8 Olmaya, artıq doymusunuz? Bəlkə, varlanmısınız? Yoxsa bizsiz hakimiyyət+ sürməyə başlamısınız? Kaş siz, doğrudan da, hökmranlığa başlayaydınız, onda bəlkə, biz də sizinlə bərabər hakimiyyət sürərdik.+ 9 Mənə elə gəlir ki, Allah biz həvariləri ölümə məhkum edilmişlər+ kimi, meydana axırıncı olaraq çıxarıb, çünki biz dünya üçün, mələklər və insanlar üçün bir tamaşaya çevrilmişik.+ 10 Məsihə görə bizi ağılsız sayırlar,+ siz isə Məsihin davamçısı olduğunuz üçün özünüzü ağıllı hesab edirsiniz. Biz zəifik, siz isə güclüsünüz, siz hörmətlisiniz, biz isə rüsvayçılıq içindəyik. 11 İndiyədək ac-susuzuq,+ əyin-başımız nimdaşdır, döyülürük+, evsiz-eşiksizik, 12 ağır zəhmətlə işləyirik.+ Bizi pisləyirlər, biz alqış oxuyuruq.+ Bizi təqib edirlər, səbirlə dözürük.+ 13 Üstümüzə qara yaxanlara mülayim cavab veririk.+ İndiyədək dünyanın gözündə zir-zibil və tullantı kimiyik.
14 Elə bilməyin ki, bunları sizi xəcalətli etmək üçün yazıram, xeyr, sizi öz sevimli balalarım bilib sizə öyüd-nəsihət verirəm. 15 Sizə Məsihin ardınca getməyi öyrədən minlərlə mürəbbiniz olsa da, atanız çox deyil. Çünki mən Məsih İsa və müjdə vasitəsilə sizin atanız oldum.+ 16 Buna görə də yalvarıram, məndən nümunə götürün.+ 17 Ağaya xidmətdə əziz balamı, sədaqətli Timutini də bundan ötrü yanınıza göndərirəm. O, hər yerdə, bütün yığıncaqlarda Məsih İsaya xidmətdə+ işlətdiyim təlim üsullarını yadınıza salacaq.
18 Aranızda bəziləri elə lovğalanır ki, elə bil, mən bir də oralara gəlməyəcəyəm. 19 Ancaq Yehova məsləhət bilsə, mən bu yaxınlarda yanınıza gəlib bu lovğa-lovğa danışanların hünərini görəcəyəm. Onların sözləri isə məni qətiyyən maraqlandırmır. 20 Axı insanın Allahın Padşahlığına tabe olması onun sözlərindən yox, Allahın qüvvəsi ilə etdiyi işlərdən görünür. 21 Nə deyirsiniz? Yanınıza dəyənəklə,+ yoxsa məhəbbət və həlimliklə gəlim?