Romalılara
14 İmanı zəif olan adamı qəbul edin,+ fərqli fikirlərinə görə* onu mühakimə etməyin. 2 Kiminsə imanı hər şey yeməyə yol verir, imanı zəif olan isə ancaq tərəvəz yeyir. 3 Qoy hər şey yeyən adam yeməyənə yuxarıdan aşağı baxmasın və yeməyən də yeyən adamı mühakimə etməsin,+ çünki Allah onu qəbul edib. 4 Sən kimsən ki, başqasının qulunu mühakimə edirsən?+ Ağası bilir, qulu ayaq üstədir, yoxsa yıxılıb.+ O, ayaq üstə duracaq, çünki Yehova onu ayaq üstə saxlamağa qadirdir.
5 Kimsə bir günü o birisindən vacib sayır,+ digəri üçün isə bütün günlər eynidir.+ Qoy hər kəs inandığı şeyin doğru olub-olmadığına tam əmin olsun. 6 Hər hansı bir günü üstün tutan bunu Yehovadan ötrü edir. Həmçinin yeyən Yehovadan ötrü yeyir, çünki Ona şükür edir.+ Yeməyən də Yehovadan ötrü yemir, amma yenə də Ona şükür edir.+ 7 Əslində, heç birimiz təkcə özümüz üçün yaşamırıq+ və təkcə özümüz üçün ölmürük. 8 Yaşayırıqsa, Yehova üçün yaşayırıq,+ ölürüksə, Yehova üçün ölürük. Bəli, yaşasaq da, ölsək də, Yehovaya məxsusuq.+ 9 Məsih də həm ölülərin, həm dirilərin Ağası olmaq üçün öldü və sonra həyata qayıtdı.+
10 Bəs sən niyə qardaşını mühakimə edirsən?+ Nəyə görə qardaşına yuxarıdan aşağı baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsü qarşısında duracağıq,+ 11 necə ki yazılıb: «Yehova belə deyir: “Varlığıma and içirəm+ ki, hər diz qarşımda büküləcək, hər dil Allah olduğumu açıq-aşkar etiraf edəcək”».+ 12 Beləliklə, hər birimiz özümüzə görə Allaha cavab verəcəyik.+
13 Buna görə də gəlin indən belə bir-birimizi mühakimə etməyək.+ Əksinə, qarşınıza məqsəd qoyun ki, heç bir qardaşın yıxılmasına, iman yolundan dönməsinə bais olmayasınız.+ 14 Ağamız İsanın xidmətçisi kimi, bilirəm, həm də əminəm ki, öz-özlüyündə murdar heç nə yoxdur,+ əgər adam nəyi isə murdar hesab edirsə, həmin şey onun üçün murdardır. 15 Buna görə də əgər yediyin yeməyə görə qardaşın pis olursa, sən artıq məhəbbətlə hərəkət etmirsən.+ Bir qarın yeməyə görə qardaşını məhv etmə, axı bu qardaşına görə Məsih canından keçib.+ 16 Qoymayın ki, insanlar yaxşı işlərinizi pisləsinlər. 17 Çünki Allahın Padşahlığına girmək yemək-içməkdən yox,+ müqəddəs ruhdan hasil olan salehlik, sülh və sevincdən asılıdır. 18 Kim Məsihə bu cür xidmət edirsə, Allahın da, insanların da rəğbətini qazanır.
19 Buna görə də gəlin sülhə+ aparan və bir-birimizi ruhlandıran şeylərə can ataq.+ 20 Yeməkdən ötrü Allahın işini dağıtma!+ Düzdür, hər şey təmizdir, ancaq yemək başqalarının imanını sarsıdırsa, bu, yeyən üçün pisdir.+ 21 Yaxşısı odur, nə ət ye, nə şərab iç, nə də qardaşının imanını sarsıdan başqa bir iş gör.+ 22 İmanın qoy Allahla sənin aranda qalsın. Gördüyü işə görə özünü qınamayan xoşbəxtdir. 23 Ancaq yeyərkən onun ürəyində şübhə varsa, o özünü məhkum edir, çünki imana əsasən hərəkət etmir. İmana əsasən görülməyən hər bir iş isə günahdır.