İkinci Padşahlar
3 Yəhuda padşahı Yəhuşafatın hakimiyyətinin on səkkizinci ilində Əhəb oğlu Yəhuram+ Səməriyyədə İsrailin padşahı oldu və on iki il hakimiyyət sürdü. 2 O, Yehovanın önündə pis işlər görürdü, ancaq atası, anası qədər yox. Belə ki, o, atasının düzəltdiyi Baal daşını yox etdi.+ 3 Ancaq Nəbat oğlu Ərubamın İsraili sürüklədiyi günahlardan+ dönmədi, onları təkrar etdi.
4 Muab padşahı Misa qoyunçuluqla məşğul idi. O, İsrail padşahına 100 000 quzu və 100 000 qırxılmamış qoç xərac verirdi. 5 Əhəb öləndə+ Muab padşahı İsrail padşahına qarşı üsyan etdi.+ 6 Yəhuram padşah həmin vaxt Səməriyyədən çıxıb bütün İsraili topladı. 7 O həm də Yəhuda padşahı Yəhuşafata xəbər göndərdi: «Muab padşahı mənə üsyan edib. Mənimlə onun üstünə müharibəyə gedərsən?» O: «Gedərəm,+ — dedi. — Sən necə, mən də elə. Elə hesab et ki, mənim xalqım sənin xalqındır, atlarım da sənin atlarındır».+ 8 Sonra ondan soruşdu: «Hansı yolla gedək?» O dedi: «Ədum səhralığına gedən yolla».
9 İsrailin padşahı Yəhuda və Ədum padşahları ilə birgə yola çıxdı.+ Yeddi gün dolayı yolla getdilər. Qoşun üçün və arxadan gələn heyvanlar üçün su yox idi. 10 İsrail padşahı dedi: «Ay aman! Yehova bizi, bu üç padşahı bura yığıb ki, Muaba təslim etsin!» 11 Onda Yəhuşafat dedi: «Burada Yehovanın bir peyğəmbəri yoxdur ki, Yehovaya müraciət edək?»+ İsrail padşahının qulluqçularından biri dedi: «Şafat oğlu Əlyəsə+ buradadır. O, İlyasın əlinə su tökərdi*».+ 12 Yəhuşafat dedi: «Yehovanın sözü onun dilindədir». İsrail padşahı, Yəhuşafat və Ədum padşahı onun yanına getdilər.
13 Əlyəsə İsrail padşahına dedi: «Məndən nə istəyirsən?+ Get atanın, ananın peyğəmbərlərindən soruş».+ Amma İsrail padşahı dedi: «Yox, çünki Muaba təslim etmək üçün bu üç padşahı bura Yehova yığıb». 14 Əlyəsə dedi: «Qulluq etdiyim ordular Allahı Yehovaya and olsun ki, Yəhuda padşahı Yəhuşafata+ hörmətim olmasaydı, sənin heç üzünə də baxmazdım.+ 15 Yanıma çəng çalan gətirin».+ Çəng çalan çalmağa başlayan kimi Yehovanın əli Əlyəsənin üzərinə endi.+ 16 O dedi: «Yehova belə deyir: “Bu vadidə yan-yana xəndəklər qazın. 17 Yehova deyir ki, külək əsməyəcək, yağış yağmayacaq, amma vadi su ilə dolacaq,+ siz də, mal-qaranız da, digər heyvanlarınız da oradan su içəcək”. 18 Bu, Yehovanın əlində heç nədir.+ O, Muabı da sizə təslim edəcək.+ 19 Gedin bütün qala-şəhərləri+, baş şəhərləri darmadağın edin, bütün yaxşı ağacları kəsin, bulaqların gözünü bağlayın, bütün yaxşı tarlaları daşlarla doldurun».+
20 Səhər, taxıl təqdiməsi gətirilən vaxt+ qəflətən Ədum tərəfdən su gəldi, vadini su basdı.
21 Muabilər padşahların onlarla vuruşmağa gəldiyini eşitdilər. Onda əli silah tutan hər kəsi səfərbər edib sərhəddə durdular. 22 Onlar səhər duranda günəş suyun üzünə şəfəq salmışdı. Qarşı tərəfdə olan muabilərin gözünə su qan kimi qırmızı göründü. 23 Onlar dedilər: «Bu, qandır! Padşahlar bir-birini qırıblar. Haydı Muab, qənimət yığmağa!»+ 24 Muabilər İsrail ordugahına gələndə israillilər qalxıb onları qırmağa başladılar. Muabilər qaçmağa üz tutdular.+ İsraillilər Muabın içərilərinə qədər onları təqib edib qırdılar. 25 Şəhərləri dağıtdılar. Hərə bir daş atıb yaxşı tarlaları daşla doldurdu. Bulaqların gözünü tutdular,+ yaxşı ağacları kəsdilər.+ Axırda təkcə Gir-Hərəsətin+ divarları qalmışdı. Sapandçılar onu da mühasirəyə alıb dağıtdılar.
26 Muab padşahı məğlub olduğunu görəndə 700 nəfər əliqılınclı götürdü və səfləri yarıb Ədum padşahına+ çatmaq istədi, amma bacarmadı. 27 Onda o, ilk oğlunu, vəliəhdini divarın üstündə yandırma qurbanı kimi təqdim etdi.+ İsraillilərə qarşı güclü qəzəb oyandı. İsraillilər geri çəkilib öz ölkələrinə qayıtdılar.