İkinci Padşahlar
13 Yəhuda padşahı Əhəzya+ oğlu Yuəsin hakimiyyətinin iyirmi üçüncü ilində+ Yəhu oğlu Yəhəz+ Səməriyyədə İsrailin padşahı oldu və on yeddi il hakimiyyət sürdü. 2 Yəhəz Yehovanın bəyənmədiyi pis işlər görür, Nəbat oğlu Ərubamın İsraili sürüklədiyi günahlardan+ dönmürdü, onları təkrar edirdi. 3 Buna görə də Yehova İsrailə qəzəbləndi+ və onları dönə-dönə Aram padşahı Həzailin və Həzail oğlu Bənhədadın+ basqınlarına məruz qoydu.+
4 Bir müddət sonra Yəhəz Yehovadan mərhəmət dilədi. Yehova onun duasını eşitdi, çünki Aram padşahının İsrailə etdiyi zülmü görürdü.+ 5 Yehova İsraili Aramın zülmündən qurtarmaq üçün xilaskar yetirdi.+ İsraillilər əvvəlki kimi* öz yurdlarında yaşadılar. 6 (Ancaq onlar Ərubamın İsraili sürüklədiyi günahdan dönmədilər,+ Ərubam evinin günahından tutub getdilər. Aşera bütü*+ də Səməriyyədə qaldı.) 7 Yəhəzin cəmi əlli süvarisi, on cəng arabası və on min piyada əsgəri qalmışdı. Qalanlarını Aram padşahı xırman vaxtı+ qalxan toz kimi əzib məhv etmişdi.+
8 Yəhəzin qalan işləri, bütün etdikləri və qüdrəti İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 9 Yəhəz ata-babalarına qovuşdu və onu Səməriyyədə dəfn etdilər.+ Oğlu Yuəs onun yerinə taxta çıxdı.
10 Yəhuda padşahı Yuəsin hakimiyyətinin otuz yeddinci ilində Yəhəz oğlu Yuəs+ Səməriyyədə İsrailin padşahı oldu və on altı il hakimiyyət sürdü. 11 O, Yehovanın bəyənmədiyi pis işlər görür, Nəbat oğlu Ərubamın İsraili sürüklədiyi günahlardan dönmürdü,+ həmin günahlardan tutub gedirdi.
12 Yuəsin qalan işləri, bütün etdikləri, qüdrəti və Yəhuda padşahı Amisayla döyüşü+ İsrail padşahlarının tarixi kitabında yazılmışdır. 13 Yuəs ata-babalarına qovuşdu. Oğlu Ərubam*+ onun yerinə taxta çıxdı. Yuəs Səməriyyədə İsrail padşahlarının yanında dəfn olundu.+
14 Əlyəsə+ xəstələnmişdi, ölüm yatağında idi. İsrail padşahı Yuəs ona baş çəkməyə gəldi və ağlaya-ağlaya dedi: «Atam, atam! İsrailin arabası, süvariləri!»+ 15 Əlyəsə ona dedi: «Ox-kaman götür». O, ox və kaman götürdü. 16 Əlyəsə İsrail padşahına dedi: «Əlini kamanın üstünə qoy». O, əllərini kamanın üstünə qoydu. Əlyəsə də əllərini padşahın əllərinin üstünə qoydu. 17 Sonra dedi: «Şərqə baxan pəncərəni aç». O, pəncərəni açdı. Əlyəsə dedi: «Oxu at». Padşah oxu atdı. Əlyəsə dedi: «Yehovanın zəfər oxu, Aram üzərində qələbə oxu! Sən aramiləri Əfiqdə+ tamamilə darmadağın edəcəksən».
18 Sonra Əlyəsə dedi: «Oxları götür». O, oxları götürdü. Əlyəsə İsrail padşahına dedi: «Yerə vur». O, üç dəfə vurub dayandı. 19 Allah adamı hirslənib dedi: «Gərək beş, ya da altı dəfə vurardın! Onda Aramı tamamilə darmadağın edərdin. Amma indi Aramı cəmi üç dəfə məğlub edəcəksən».+
20 Əlyəsə öldü və onu dəfn etdilər. Hər il, il girəndə* muabilərin basqınçı dəstələri ölkəyə basqın edirdilər.+ 21 Bir dəfə bir ölünü dəfn edənlər basqınçı dəstəsini görüb ölünü Əlyəsənin qəbrinə atdılar və qaçdılar. Ölü Əlyəsənin sümüklərinə dəyən kimi canlanıb+ ayağa durdu.
22 Aram padşahı Həzail+ Yəhəzin ömrü boyu İsrailə zülm etdi.+ 23 Ancaq Yehova İbrahimlə+, İshaqla+, Yaqubla+ bağladığı əhdin xatirinə israillilərə nəzər salıb lütf, mərhəmət göstərdi,+ onları məhv etmək istəmədi və bu günə qədər onları hüzurundan rədd etmədi. 24 Aram padşahı Həzail öldü, oğlu Bənhədad onun yerinə taxta çıxdı. 25 Yəhəz oğlu Yuəs atası Yəhəzin müharibədə Həzailə uduzduğu şəhərləri Həzail oğlu Bənhədaddan geri aldı. Yuəs üç dəfə onu darmadağın edib+ İsrail şəhərlərini geri aldı.