Qanunun təkrarı
9 Dinlə, ey İsrail! Siz özünüzdən böyük, özünüzdən güclü xalqları qovmaq, onların möhtəşəm, istehkamları göylərə dirənən şəhərlərini ələ keçirmək üçün İordanı keçmək üzrəsiniz.+ 2 O xalqların adamları, Anaq oğulları+ cüssəli, hündür adamlardır. Bunu yaxşı bilirsiniz. Özünüz də eşitmisiniz ki, onlar haqqında: “Kimin Anaq oğullarının qarşısına çıxmağa hünəri çatar?” — deyirlər. 3 Amma bilin ki, Allahınız Yehova sizin qarşınızda gedəcək.+ O yandırıb-yaxan alovdur,+ onların hamısını külə döndərəcək. Gözlərinizin önündə onları məğlub edəcək və siz Yehovanın vəd etdiyi kimi, tez bir zamanda onların torpağını tutacaq, özlərini isə məhv edəcəksiniz.+
4 Allahınız Yehova onları önünüzdən qovanda ürəyinizdə: “Yehova bizi saleh olduğumuz üçün gətirib bu torpağa sahib edib”, — deyə fikirləşməyin.+ Yox, bu xalqların şər əməllərinə görə Yehova onları sizin önünüzdən qovur.+ 5 O torpağı tutmağınız saleh olduğunuza, ürəyinizin düzlüyünə görə deyil. Əksinə, Allahınız Yehova şər əməllərinə görə o xalqları önünüzdən qovur.+ Həm də Yehova bunu ulu babalarınız İbrahimə,+ İshaqa+ və Yaquba+ içdiyi anda görə edir. 6 Bilin ki, Allahınız Yehovanın bu gözəl diyarı sizə mülk olaraq verməyinə səbəb sizin salehliyiniz deyil, əslində, siz dikbaş xalqsınız.+
7 Allahınız Yehovanı səhrada necə qəzəbləndirdiyinizi heç vaxt yadınızdan çıxarmayın.+ Misirdən çıxdığınız gündən bu yerə gəlib çatanadək Yehovaya asi oldunuz.+ 8 Hətta Huribdə də Yehovanı qəzəbləndirdiniz. Onda Yehova elə qəzəblənmişdi ki, az qala sizi məhv edəcəkdi.+ 9 Mən daş lövhələri, Yehovanın sizinlə bağladığı əhdin lövhələrini almaq üçün dağa qalxıb qırx gün-qırx gecə ac-susuz orada qalmışdım.+ 10 Yehova Öz əli ilə üstündə yazdığı iki daş lövhəni mənə verdi. O lövhələrin üstündə dağın ətəyində toplaşdığınız gün Yehovanın alovun içindən sizə dediyi sözlər yazılmışdı.+ 11 Qırx gün-qırx gecənin tamamında Yehova iki daş lövhəni, əhd lövhələrini mənə verdi. 12 Sonra Yehova dedi: “Tez ol, düş aşağı. Misirdən çıxardığın xalq rəzillik edir.+ Buyurduğum yoldan yaman tez döndülər. Odur, özləri üçün tökmə büt düzəldiblər”.+ 13 Sonra Yehova mənə dedi: “Görürəm, bu xalq dikbaş xalqdır.+ 14 Burax onları məhv edim, göylər altından adlarını silim, səndən isə onlardan da güclü, onlardan da böyük bir xalq yaradım”.+
15 Mən dağdan endim. Dağ od tutub yanırdı.+ Əhd lövhələri də əlimdə idi.+ 16 Gördüm ki, Allahınız Yehovaya qarşı günah etmisiniz. Özünüz üçün tökmə dana düzəltmisiniz. Yehovanın buyurduğu yoldan çox tez dönmüşdünüz.+ 17 Onda mən əlimdəki iki daş lövhəni gözünüzün qabağında yerə çırpıb parça-parça elədim.+ 18 Sonra birinci dəfə olduğu kimi, yerə döşənib qırx gün-qırx gecə Yehovanın önündə sərili qaldım. Etdiyiniz günaha görə — Yehovanın gözündə şər iş tutub Onu təhqir etdiyinizə görə nə ağzıma çörək aldım, nə dilimə su vurdum.+ 19 Yehovanın kükrəyən qəzəbi, sizi məhv etmək istəməsi+ məni qorxuya salmışdı. Amma Yehova bu dəfə də mənim sözümü yerə salmadı.+
20 Yehova Haruna elə hirslənmişdi ki, onu öldürmək istəyirdi.+ Mən onda Harun üçün də yalvarıb-yaxardım. 21 Sonra sizin günah edib düzəltdiyiniz dananı+ yandırdım, əzib toza döndərdim və dağdan axan çaya axıtdım.+
22 Siz Təbirədə+, Masahda+ və Həbrut-Həttəvada+ da Yehovanı qəzəbləndirmişdiniz. 23 Yehova: “Qalxın, sizə verəcəyim diyara sahib olun!” — deyib Qədis-Barnidən+ sizi göndərəndə yenə də Allahınız Yehovanın əmrindən çıxdınız+, Ona iman gətirib itaət etmədiniz.+ 24 Mən sizi tanıyandan siz Yehovaya asilik edirsiniz.
25 Beləcə, mən qırx gün-qırx gecə Yehovanın önündə yerə sərili qaldım,+ çünki Yehova demişdi ki, sizi məhv edəcək. 26 Yehovaya yalvarıb deyirdim: “Ey Külli-İxtiyar Yehova, nə olar, məhv etmə xalqını. Məxsusi xalqına+, əzəmətinlə qurtardığın, güclü əlinlə Misirdən çıxardığın bu camaata rəhmin gəlsin.+ 27 Qulun İbrahimi, İshaqı, Yaqubu+ yadına sal. Bu xalqın dikbaşlığına, asiliyinə, günahına nəzər salma.+ 28 Yoxsa bizi çıxardığın ölkənin camaatı deyəcək ki, Yehova onları vəd etdiyi diyara apara bilmədi. Onlara nifrət etdiyi üçün aparıb səhrada qırdı.+ 29 Axı bu camaat Sənin xalqındır,+ böyük qüdrətinlə, qüvvətli əlinlə Misirdən çıxardığın əmlakındır”.+