Birinci Salnamələr
10 Filiştlilər israillilərlə vuruşdular. İsraillilər filiştlilərin önündən qaçdı. Çoxlu sayda israilli Gilbu dağında həlak oldu.+ 2 Filiştlilər Talutla oğullarını sıxışdırdılar. Onlar Talutun oğulları Yonatanı, Əbunədəbi və Məlkişunu+ öldürdülər. 3 Taluta qarşı döyüş şiddətləndi, oxçular onu yaxalayıb yaraladılar.+ 4 Talut öz silahdarına dedi: «Qılıncını çək, məni vur. Yoxsa bu sünnətsizlər gəlib mənə işgəncə verəcəklər».+ Amma silahdarı bunu etmədi, çünki bərk qorxurdu. Onda Talut qılıncı götürüb özünü onun üstünə atdı.+ 5 Silahdarı Talutun öldüyünü görəndə o da özünü qılıncın üstünə atıb öldü. 6 Beləliklə, Talut, üç oğlu və evindəkilərdən onun yanında olanların hamısı öldü.+ 7 Dərədəki israillilər döyüşçülərin qaçdığını, Talutla oğullarının öldüyünü görəndə öz şəhərlərindən çıxıb qaçdılar. Filiştlilər gəlib o şəhərlərdə məskunlaşdılar.
8 Növbəti gün filiştlilər ölüləri soymağa gələndə Gilbu dağında Talutun və onun oğullarının meyitini tapdılar.+ 9 Talutu soyub yaraq-əsləhəsini götürdülər və başını kəsdilər. Bu xəbəri bütlərinə+ və camaata çatdırmaq üçün Filişt məmləkətinin hər tərəfinə qasidlər göndərdilər. 10 Sonra Talutun yaraq-əsləhəsini allahlarının məbədinə qoydular, kəlləsini isə Daqonun məbədində+ asdılar.
11 Giladdakı Yabeş+ sakinləri filiştlilərin Talutun başına gətirdiyi şeyləri eşitdilər.+ 12 Onda şəhərin igidləri gedib Talutla oğullarının cəsədini Yabeşə gətirdilər. Orada böyük ağacın altında onların sümüklərini dəfn etdilər+ və yeddi gün oruc tutdular.
13 Beləliklə, Talut Yehovanın sözündən çıxıb Yehovaya sədaqətsizlik etdiyinə görə+ öldü. Həm də o, cindara müraciət etmişdi,+ 14 halbuki Yehovaya müraciət etməli idi. Allah onu ölümə verib Yəssə oğlu Davudu taxta çıxardı.+