İkinci Salnamələr
13 Ərubam padşahın hakimiyyətinin on səkkizinci ilində Əbiyya Yəhudanın padşahı oldu.+ 2 O, üç il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası gibahlı+ Uriilin qızı Mikay+ idi. Əbiyya ilə Ərubam arasında müharibə gedirdi.+
3 Əbiyya təlim görmüş 400 000 igid döyüşçüdən+ ibarət ordu ilə hərbə girişdi. Ərubam isə 800 000 nəfər təlim görmüş igid döyüşçü ilə ona qarşı döyüş nizamı ilə düzüldü. 4 Əbiyya Əfraim dağlıq bölgəsində yerləşən Səmrayim dağında durub dedi: «Ey Ərubam, ey israillilər, məni dinləyin! 5 Məgər bilmirsiniz ki, İsrailin Allahı Yehova İsrail üzərində hökmranlığı duz əhdi+ ilə* həmişəlik Davuda və oğullarına+ verib?+ 6 Amma Davud oğlu Süleymanın qulu Nəbat oğlu Ərubam+ qalxıb ağasına qarşı üsyan etdi.+ 7 Avara, yaramaz adamlar onun yan-yörəsinə yığışıb Süleyman oğlu Rəhabama qarşı çıxdılar. O vaxt Rəhabam gənc idi, onlara qarşı durmağa cürəti çatmadı.
8 Çox olduğunuza görə, Ərubamın allah kimi düzəltdiyi qızıl danalarınız var deyə, fikirləşirsiniz ki, Davud oğullarına verilən Yehovanın padşahlığı qarşısında dayana bilərsiniz?+ 9 Siz Yehovanın kahinlərini+, Harun övladlarını, həmçinin lavililəri qovdunuz, başqa məmləkətlərin xalqları kimi, özünüz kahinlər seçdiniz.+ Kim gəlib bir cavan buğa və yeddi qoç gətirirdisə, allah olmayan bütlərin kahini olurdu. 10 Bizim isə Allahımız Yehovadır,+ biz Ondan üz döndərməmişik. Kahinlərimiz — Harun övladları Yehovaya qulluq edir, lavililər də onlara kömək edir. 11 Kahinlər səhər-axşam+ Yehovaya ətirli buxur+, yandırma qurbanı təqdim edirlər. Onlar xalis qızıldan düzəlmiş masanın üstünə hüzur çörəkləri+ qoyurlar, hər axşam qızıl çıraqdanı+, onun çıraqlarını+ yandırırlar. Biz Allahımız Yehovanın önündə öz vəzifəmizi yerinə yetiririk, siz isə Ondan üz döndərmisiniz. 12 Bəli, Allah bizimlədir, başımızın üstündədir. Kərənay çalıb bizi sizinlə döyüşə çağıran kahinlər də bizimlədir. Siz, ey israillilər, ata-babalarınızın Allahı Yehova ilə döyüşməyin, uğur qazanmayacaqsınız».+
13 Lakin Ərubam döyüşçülər göndərib onların arxasında pusqu qurdu. Belə ki, yəhudalıların qarşısında əsas qoşun, arxada isə pusqudakı döyüşçülər dururdu. 14 Yəhudalılar çevrilib gördülər ki, onlara həm qarşıdan, həm də arxadan hücum olunacaq. Onlar Yehovadan imdad diləməyə başladılar,+ kahinlər isə ucadan kərənay çalırdılar. 15 Yəhudalılar nərə çəkdilər. Onlar nərə çəkəndə Allah Ərubamı və bütün israilliləri Əbiyya ilə yəhudalıların qarşısında məğlub etdi. 16 İsraillilər yəhudalılardan qaçmağa başladılar. Allah onları yəhudalılara təslim etdi. 17 Əbiyyanın qoşunu onları böyük tələfata uğratdı. İsraillilərdən 500 000 təlim görmüş döyüşçü tələf oldu. 18 Beləcə, israillilər yenilib rəzil oldular. Yəhudalılar isə ata-babalarının Allahı Yehovaya arxalandıqları üçün qələbə qazandılar.+ 19 Əbiyya Ərubamı təqib etdi. Onun bir neçə şəhərini, Beyteli+, Yəşnanı, Əfraini+ və onların ətraf şəhərlərini işğal etdi. 20 Əbiyyanın dövründə Ərubam bir daha əvvəlki qüdrətini qaytara bilmədi. Sonra Yehova onu cəzalandırdı və o öldü.+
21 Əbiyya isə get-gedə gücləndi. O, 14 arvad aldı+, onun 22 oğlu, 16 qızı oldu. 22 Əbiyyanın qalan işləri, əməlləri və sözləri İddu peyğəmbərin yazılarında qeydə alınıb.+