Romalılara
1 Məsih İsanın qulu, həvari* olmağa çağırılmış və Allahın müjdəsini təbliğ etməyə təyin olunmuş Bulusdan məktub.+ 2 Allahın qabaqcadan peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda vəd etdiyi bu müjdə 3 Öz Oğlu haqqındadır. Oğul Davudun nəslindən+ dünyaya gəlsə də, 4 Allah onu Öz qüdrətilə ölülərin arasından dirildib,+ müqəddəs ruh vasitəsilə Öz Oğlu+ elan etmişdir. Bəli, bu Oğul Ağamız İsa Məsihdir. 5 Onun vasitəsilə bizə lütf göstərildi və həvarilik+ xidməti verildi ki, onun adını şərəfləndirmək üçün bütün xalqlar+ iman gətirib ona itaət etsinlər. 6 Siz də İsa Məsihə məxsus olmaq üçün həmin xalqlar arasından çağırılmısınız. 7 Allahın müqəddəs olmaq üçün çağırılmış Romadakı bütün sevimli bəndələrinə:
Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.
8 Əvvəla, hamınızdan ötrü Allahıma İsa Məsih vasitəsilə şükür edirəm, çünki bütün dünya sizin imanınız barədə danışır. 9 Oğul haqqındakı müjdə uğrunda canla-başla çalışaraq ibadət etdiyim Allah bilir ki, dualarımda daima sizi yad edirəm+ 10 və diləyirəm ki, imkan tapıb Allahın izniylə nəhayət yanınıza gələ bilim. 11 Sizinlə görüşməyi ürəkdən arzulayıram və mətin olmağınız üçün sizə ruhani ənam bəxş etmək istəyirəm. 12 Daha doğrusu, istəyirəm ki, hamımız: mən də, siz də bir-birimizin imanı vasitəsilə bir-birimizi ruhlandıraq.+
13 Qardaşlar, istəyirəm biləsiniz: mən bir neçə dəfə yanınıza gəlmək istəmişəm ki, digər xalqların arasında olduğu kimi, sizin də aranızda təbliğimin bəhrəsini dadım, ancaq indiyə kimi maneələrlə rastlaşmışam. 14 Mənim həm yunanların, həm əcnəbilərin*, həm müdriklərin, həm avamların qarşısında borcum var. 15 Bu səbəbdən Romada+ olan sizlərə də müjdəni bəyan etməyi ürəkdən arzulayıram. 16 Mən müjdəni bəyan etməkdən utanmıram.+ Çünki o, imanı+ olan hər kəsin, əvvəlcə yəhudinin,+ sonra yunanın+ xilasa yetişə bilməsi üçün Allahın əlində güclü bir vasitədir. 17 İmanı olanlar Allahın Öz doğruluğunu müjdə vasitəsilə necə açdığını görürlər və beləcə, onların imanı güclənir,+ necə ki yazılıb: «Saleh imanı sayəsində yaşayacaq».+
18 Həqiqətin aşkar olmasına haqsız yollarla maneə törədən insanların bütün bəd əməllərinə+ və Allaha qarşı hörmətsizliklərinə görə göydən Allahın qəzəbi+ gəlir. 19 Allah haqqında nəyi bilmək olarsa, hamısı onların gözü önündədir, çünki Allah Özü bunu onlara açıb.+ 20 Onun gözəgörünməz keyfiyyətləri: əbədi qüdrəti+ və ilahiliyi+ dünya yaranandan bəri aydın görünür, yaradılmış şeylər+ vasitəsilə dərk edilir. Buna görə də onlar üzrsüzdürlər. 21 Çünki Allahı tanıya-tanıya Onu Allah kimi şərəfləndirmədilər, Ona şükür etmədilər, əksinə, boş düşüncələrə qapıldılar, nadan ürəkləri zülmətə qərq oldu.+ 22 Müdrik olduqlarını iddia etsələr də, ağıllarını itirdilər 23 və ölməz Allahın əzəmətini fani insanın, quşların, dördayaqlı və sürünən heyvanların surətinə dəyişdilər.+
24 Allah da onların ürəyindəki arzuları görüb, bədənlərini rüsvay etsinlər deyə, onları natəmizliyə təslim etdi. 25 Onlar Allahın həqiqətini yalana dəyişdilər, Xaliqi qoyub xilqətə səcdə qıldılar, xilqətə ibadət etdilər. Xaliqə əbədilik alqış olsun! Amin. 26 Elə buna görə də Allah onları rəzil şəhvətə+ təslim etdi, onların qadınları təbii yaxınlığı qeyri-təbii əlaqə ilə əvəz etdilər.+ 27 Kişilər də qadınlarla təbii yaxınlığı qoyub bir-birilərinə şəhvətlə qızışdılar.+ Kişilər kişilərlə əxlaqsızlıq etdilər və günahlarına görə tamamilə layiqli cəza aldılar.+
28 Onlar Allahı tanımaq istəmədiklərindən Allah onları, nalayiq işlər görsünlər deyə, pozğun əqlə təslim etdi.+ 29 Onların içi hər cür əyriliklə+, günahla, tamahkarlıqla+, pisliklə doludur. Onlar paxıllıq+, qatillik+, çəkişmə, hiylə+, kin-küdurət+, dedi-qodu ilə dolub-daşırlar. 30 Onlar böhtançı+, Allaha nifrət edən, qaba, dikbaş, lovğa adamlardır, pisliyə fərasətlidirlər, valideynlərinə qulaq asmayan,+ 31 düşüncəsiz+, sözünün ağası olmayan, doğmalarını sevməyən, rəhmsiz adamlardır. 32 Onlar yaxşı bilirlər ki, Allahın adil hökmünə görə, belə işlərlə məşğul olanlar ölümə layiqdirlər.+ Amma buna baxmayaraq, nəinki özləri bu işlərdən əl çəkmir, bu işlərlə məşğul olanları da alqışlayırlar.