Birinci Yəhya
3 Görün Atamız bizə necə də böyük məhəbbət bəxş edib+ ki, biz Onun övladları adlanırıq!+ Biz, doğrudan da, Onun övladlarıyıq. Buna görə də dünya bizi tanımır,+ çünki Allahı tanımamışdır.+ 2 Əzizlərim, indi biz Allahın övladlarıyıq,+ amma gələcəkdə necə olacağımız hələ bəlli deyil.+ Bircə onu bilirik ki, O zühur edəndə biz Onun kimi olacağıq, çünki Onu olduğu kimi görəcəyik. 3 Buna ümidi olan hər kəs paklanıb+ Onun kimi pak olur.
4 Günah işləyən adam qanunsuzluq edir, ona görə ki, günah qanunsuzluqdur. 5 Siz həm də bilirsiniz ki, o, günahlarımızı yumaq+ üçün gəlmişdi; onda günah deyilən şey yoxdur. 6 Onunla vəhdətdə olan adam günah işləmir.+ Günah işləyən adam onu nə görmüş, nə də tanımışdır. 7 Əziz balalar, qoy heç kim sizi azdırmasın; Məsih saleh olduğu kimi, saleh iş görən də saleh adamdır. 8 Günah işləyən adam isə İblisdəndir, çünki İblis başlanğıcdan günah işləyir.+ Allahın Oğlu məhz İblisin işlərini dağıtmaq üçün gəlmişdi.+
9 Allahın övladı olan adam günah işləmir,+ çünki onda Allahın toxumu vardır. Allahın övladı olduğu üçün belə adam günah işlər görə bilməz.+ 10 Allahın övladlarını və İblisin övladlarını belə tanımaq olar: saleh iş görməyən və qardaşını sevməyən Allahdan deyil.+ 11 Əvvəldən eşitdiyiniz söz budur: biz bir-birimizi sevməliyik.+ 12 Şərirdən olan və qardaşını öldürən Qabil kimi olmamalıyıq.+ O, qardaşını nə üçün öldürdü? Çünki öz əməlləri pis,+ qardaşınınkı isə saleh idi.+
13 Qardaşlar, dünyanın sizə nifrət etdiyinə təəccüblənməyin.+ 14 Biz ölümdən həyata keçdiyimizi bilirik,+ çünki qardaşlarımızı sevirik.+ Qardaşını sevməyən ölü vəziyyətdə qalır.+ 15 Qardaşına nifrət edən qatildir+ və siz bilirsiniz ki, heç bir qatilin əbədi həyatı yoxdur.+ 16 Biz məhəbbətin nə olduğunu onun öz canını uğrumuzda fəda etməsindən öyrəndik;+ biz də qardaşlarımız uğrunda canımızı fəda etməyə borcluyuq.+ 17 Amma firavan yaşayan adam qardaşının korluq çəkdiyini görüb ondan şəfqətini əsirgəyirsə, belə adamda Allah məhəbbəti necə yaşaya bilər?+ 18 Əziz balalar, gəlin bir-birimizi sözdə, dildə yox,+ əməldə+, həqiqətən sevək.+
19 Bundan həqiqət əsilli olduğumuzu biləcəyik. Ürəyimiz bizi bir şey üstə qınasa, onu Allahın məhəbbətinə inandıracağıq, 20 çünki Allah ürəyimizdən böyükdür və hər şeyi bilir.+ 21 Əzizlərim, əgər ürəyimiz bizi qınamırsa, onda Allaha cəsarətlə müraciət edə bilərik+ 22 və nə diləsək, alırıq,+ çünki Onun əmrlərinə riayət edib gözündə xoş olan işlər görürük. 23 Onun əmri budur ki, Oğlu İsa Məsihin adına inanaq+ və bizə verdiyi əmrə əməl edib bir-birimizi sevək.+ 24 Üstəlik, Onun əmrlərinə əməl edən Onunla vəhdətdədir və O Özü də belə adamla vəhdətdədir;+ Onun bizimlə vəhdətdə olduğunu isə bizə verdiyi ruhun sayəsində bilirik.+