Hizqiyal
7 Mənə yenə Yehovanın sözü nazil oldu: 2 «Sən isə, ey bəni-adəm, İsrailə Külli-İxtiyar Yehovanın sözlərini çatdır: “Sondur! Bütün ölkənin axırı çatıb. 3 Sizin axırınız gəlib. Qeyz-qəzəbimi üstünüzə boşaldacağam. Əməllərinizə görə sizə hökm çıxaracağam. Bütün mənfur işlərinizə görə cavab verəcəksiniz. 4 Sizə rəhmim gəlməyəcək, halınıza acımayacağam.+ Öz əməllərinizin bəhrəsini qabağınıza çıxaracağam, murdar işlərinizin nəticəsini biçəcəksiniz.+ Onda biləcəksiniz ki, Mən Yehovayam”.+
5 Külli-İxtiyar Yehova belə deyir: “Budur, müsibət gəlir, görünməmiş müsibət.+ 6 Son yaxınlaşır. Son gəlir, qəflətən sizi haqlayacaq. Budur, gəlir! 7 Vaxtınız çatıb*, ey ölkə sakinləri! Az qalıb, o gün yaxındır.+ Hər yanda çaxnaşma var, dağlarda sevinc hayqırtıları eşidilməz olub.
8 Lap az qalıb, tezliklə hiddətimə tuş olacaqsınız,+ kükrəyən qəzəbimi üstünüzə yağdıracağam.+ Əməllərinizə görə sizə hökm çıxaracağam. Bütün mənfur işlərinizə görə cavab verəcəksiniz. 9 Sizə rəhmim gəlməyəcək, halınıza acımayacağam.+ Öz əməllərinizin bəhrəsini qabağınıza çıxaracağam, murdar işlərinizin nəticəsini biçəcəksiniz. Onda biləcəksiniz ki, sizi vuran Mən Yehovayam.+
10 Budur, həmin gün! Gəlir!+ Vaxtınız çatıb*. Cəza dəyənəyim hazırdır, düşmənin təkəbbürü aşıb-daşır. 11 Zorakılıq pislik əleyhinə dəyənəyə çevrilib.+ Nə özlərindən, nə sərvətlərindən, nə saylarından, nə də ad-sanlarından əsər-əlamət qalmayacaq. 12 Vaxt-vədə gələcək, o gün yetişəcək. Qoy nə alan sevinsin, nə satan kədərlənsin, çünki qəzəb hamını hədəfə alıb.+ 13 Satan canını qurtarsa da, satdığı mülkünə qayıtmayacaq, çünki verilən vəhy hamının pisliyinədir. Heç kim qayıtmayacaq. Günahları ucbatından* heç kim həyatını xilas edə bilməyəcək.
14 Kərənay çalınıb,+ hamı hazırdır, ancaq heç kim döyüşə getmir, çünki qəzəbim hamıya tuşlanıb.+ 15 Bayırda qılınc,+ içəridə xəstəlik və aclıq. Çöldəkilər qılıncdan, şəhərdəkilər isə aclıqdan və xəstəlikdən qırılacaq.+ 16 Canını qurtaranlar dağlara qaçacaq, dərələrdəki göyərçinlər kimi, hər biri öz günahına görə ah-zar edəcək.+ 17 Hamının əli yanına düşəcək, dizlərindən su süzüləcək*.+ 18 Bax, əyinlərinə çul keçiriblər,+ əsməcəyə düşüblər. Hamı xəcil olacaq, başları keçəl olacaq*.+
19 Gümüşlərini küçələrə tökəcəklər, qızıllarından iyrənəcəklər. Qızıl-gümüşləri Yehovanın qəzəb günündə onları xilas etməyəcək.+ Ac-yalavac gəzəcəklər, qarnıdolusu yeməyəcəklər, çünki sərvətləri büdrədən daş olub onları günaha batırıb. 20 Zinətlərinin gözəlliyi ilə öyünürdülər. Onlardan iyrənc surətlər, murdar bütlər düzəldirdilər.+ Buna görə də onları zinətlərindən iyrəndirəcəyəm. 21 Qızıl-gümüşlərini yadlara verəcəyəm, dünyanın mənfur adamlarına qənimət edəcəyəm, onları murdarlayacaqlar.
22 Üzüm onlardan dönəcək.+ Mənim müqəddəs məkanımı* murdarlayacaqlar, soyğunçular ora girib oranı murdarlayacaq.+
23 Zəncir düzəldin,+ çünki ölkə qanlı hökmlərlə,+ şəhər zorakılıqla doludur.+ 24 Xalqların ən qəddarlarını gətirəcəyəm,+ gəlib onların evlərini tutacaqlar.+ Qoluzorluların qürurunu sındıracağam, müqəddəs məkanlarını murdarlayacaqlar.+ 25 Əzab içində qıvrılanda dinclik axtaracaqlar, ancaq dinclik olmayacaq.+ 26 Bəla üstündən bəla, xəbər dalınca xəbər gələcək. Camaat peyğəmbərdən vəhy istəyəcək,+ ancaq nə kahinin ağzından kara gələn qanun çıxacaq, nə də ağsaqqalın dilindən fərli öyüd-nəsihət eşidiləcək.+ 27 Padşah yasa batacaq,+ əmirlər çarəsizliyə düşəcəklər, ölkə sakinlərinin əlləri qorxudan tir-tir əsəcək. Onlarla əməllərinə görə rəftar edəcəyəm. Onlar necə hökmlər çıxarırdılarsa, Mən də onlara o cür hökm çıxaracağam. Onda biləcəklər ki, Mən Yehovayam”».+