İkinci Padşahlar
18 İsrail padşahı İlah oğlu Huşənin hakimiyyətinin üçüncü ilində+ Yəhuda padşahı Əhəzin+ oğlu Hizqiyyə+ padşah oldu. 2 O taxta çıxanda iyirmi beş yaşında idi və iyirmi doqquz il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası Zəkəriyyənin qızı Əbi* idi.+ 3 Hizqiyyə əcdadı Davud kimi,+ Yehovanın bəyəndiyi işləri görürdü.+ 4 O, səcdəgahları yox etdi,+ dik daşları parça-parça etdi, Aşera bütünü kəsdi.+ Həmçinin Musanın düzəltdiyi mis ilanı+ da sındırdı, çünki o günə qədər israillilər ona qurban tüstüsü təqdim edir, onu Nəhuştan* adlandırırdılar. 5 Hizqiyyə İsrailin Allahı Yehovaya güvənirdi.+ Yəhuda padşahları arasında nə ondan əvvəl, nə də ondan sonra onun kimisi olmadı. 6 O, Yehovaya bağlı qaldı,+ Onun yolundan dönmədi, Yehovanın Musaya verdiyi əmrlərə əməl etdi. 7 Yehova da onunla idi. O, hər addımını hikmətlə atırdı. Hizqiyyə Aşşur padşahına üsyan edib ona qulluq etmədi.+ 8 O, filiştliləri Qəzzəyə və onun ərazilərinədək, gözətçi qülləsindən qala-şəhərədək hər yerdə* məğlub etdi.+
9 Hizqiyyə padşahın hakimiyyətinin dördüncü ilində, yəni İsrail padşahı İlah oğlu Huşənin hakimiyyətinin yeddinci ilində+ Aşşur padşahı Salmanasar Səməriyyəyə yürüş edib onu mühasirəyə aldı.+ 10 Üçillik mühasirənin sonunda şəhəri aldılar.+ Hizqiyyə padşahın hakimiyyətinin altıncı ilində, İsrail padşahı Huşənin hakimiyyətinin doqquzuncu ilində Səməriyyə işğal olundu. 11 Aşşur padşahı İsraili Aşşura sürgün etdi+ və onları Halahda, Qozan çayı sahilində yerləşən Haborda və Mada şəhərlərində məskunlaşdırdı.+ 12 Bu, ona görə oldu ki, onlar Allahları Yehovanın sözünü eşitmədilər. Onlar Yehovanın əhdini pozur, Onun qulu Musanın bütün buyruqlarından çıxırdılar.+ Onlara qulaq asmır, əməl etmirdilər.
13 Hizqiyyə padşahın hakimiyyətinin on dördüncü ilində Aşşur+ padşahı Sinaxerib qalxıb Yəhudanın bütün qala-şəhərlərini istila etdi.+ 14 Yəhuda padşahı Hizqiyyə Lahişə, Aşşur padşahına xəbər göndərib dedi: «Təqsirkaram, ölkəmdən çəkil get. Nə qədər xərac istəsən, verməyə hazıram». Aşşur padşahı Yəhuda padşahı Hizqiyyədən 300 talant* gümüş, 30 talant qızıl tələb elədi. 15 Hizqiyyə Yehovanın məbədində və sarayın xəzinəsindəki bütün gümüşü yığıb verdi.+ 16 Həmin vaxt Hizqiyyə Yehovanın məbədinin qızılla örtdüyü qapılarını+ və yan taxtalarını çıxarıb Aşşur padşahına verdi.
17 Aşşur padşahı tartanı*, rəbsarisi*, rəbsaqı* böyük qoşunla Lahişdən+ Yerusəlimə, Hizqiyyə padşahın yanına göndərdi.+ Onlar Yerusəlimə gəlib camaşırçı tarlasına gedən baş yolun üstündəki yuxarı çarhovuzun su kəmərinin yanında durub+ 18 padşahı çağırdılar. Eşikağası Xilqiyyə oğlu Əlyakim,+ katib Səbna+ və salnaməçi Asəf oğlu Yuah bayıra, onların qabağına çıxdılar.
19 Rəbsaq onlara dedi: «Hizqiyyəyə deyin ki, böyük hökmdar, Aşşur padşahı belə deyir: “Sən nəyə arxalanırsan?+ 20 Deyirsən: “Müharibə aparmaq üçün ağlım da var, gücüm də”. Lakin bunlar boş sözlərdir. Kimə güvənirsən ki, mənə qarşı çıxmağa hünər etmisən?+ 21 Sən o sınıq qamışa, Misirə arxalanırsan?+ O qamış ona söykənənin əlinə batıb onu deşər. Misir hökmdarı firon ona güvənənlərin hamısı üçün belədir. 22 Bəlkə deyəcəksiniz: “Allahımız Yehovaya güvənirik”?+ Məgər bu, həmin o Allah deyil ki, Hizqiyyə Onun səcdəgahlarını, qurbangahlarını dağıdıb+ və Yəhuda ilə Yerusəlimə yalnız Yerusəlimdəki qurbangahın qabağında səcdə qılmağı buyurub?”+ 23 Gəl hökmdarım Aşşur padşahı ilə mərcə gir: əgər sən 2000 süvari tapsan, sənə o qədər at verərəm.+ 24 Sən arabalar və süvarilər üçün Misirə güvəndiyin halda, hökmdarımın ən kiçik xidmətçisi olan valilərindən birini necə məğlub edə bilərsən? 25 Elə bilirsən, mən Yehovadan icazəsiz buranı dağıtmağa gəlmişəm? Yehova Özü mənə deyib: “Bu ölkəyə hücum et, oranı darmadağın elə”».
26 Onda Xilqiyyə oğlu Əlyakim, Səbna+ və Yuah rəbsaqa+ dedilər: «Qullarınla arami dilində+ danış, biz başa düşürük. Yəhudilərin dilində danışma, divarın üstündəki xalq eşidir».+ 27 Rəbsaq onlara dedi: «Məgər hökmdarım məni göndərib ki, bu sözləri təkcə ağanızla sizə deyim? Divarda oturan adamlar da bunu eşitməlidir. Onlar da sizinlə birlikdə nəcislərini yeyib sidiklərini içəcəklər».
28 Rəbsaq durub yəhudilərin dilində uca səslə dedi: «Böyük hökmdar Aşşur padşahının sözünü eşidin.+ 29 Padşah deyir: “Qoy Hizqiyyə sizi aldatmasın. O, sizi mənim əlimdən qurtara bilməyəcək!+ 30 Qoy Hizqiyyə: “Yehova bizi mütləq xilas edəcək, Aşşur padşahı bu şəhərə girə bilməyəcək”, — deyib sizi Yehovaya arxayın etməsin”.+ 31 Hizqiyyəyə qulaq asmayın. Aşşur padşahı deyir: “Mənimlə sülh bağlayın, mənə təslim olun. Onda hər biriniz öz meynəsinin, öz əncir ağacının meyvəsini yeyəcək, öz hovuzunun suyunu içəcək. 32 Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə, taxıl, təzə şərab, çörək, üzümlüklər, zeytunluqlar olan, bal axan diyara aparacağam.+ Onda ölməzsiniz, sağ qalarsınız. Hizqiyyəyə qulaq asmayın. O, “Yehova bizi xilas edəcək” deyib sizi aldadır. 33 Xalqların allahlarından hansı biri öz ölkəsini Aşşur padşahının əlindən qurtara bilib? 34 Hanı Həməsin+, Arpadın allahları? Hanı Səfarvaimin+, Hinanın, İvvahın allahları? Onlar Səməriyyəni mənim əlimdən qurtara bildilər?+ 35 Ölkələrin allahlarından hansı biri öz ölkəsini mənim əlimdən qurtara bilib ki, Yehova da Yerusəlimi mənim əlimdən qurtarsın?”»+
36 Xalq dinməz-söyləməz dayanıb ona bir kəlmə də cavab vermədi. Çünki padşahdan əmr gəlmişdi ki, heç kim ona cavab verməsin.+ 37 Eşikağası Xilqiyyə oğlu Əlyakim, katib Səbna, salnaməçi Asəf oğlu Yuah yaxalarını cırıb Hizqiyyənin yanına gəldilər və rəbsaqın sözlərini ona çatdırdılar.