Hakimlər
9 Yərubbaalın oğlu Əbuməlik+ Sihama, dayılarının yanına getdi. Onlara və ana babasının qohum-əqrəbasına dedi: 2 «Sihamın böyüklərinə* belə deyin: “Sizin üçün hansı yaxşıdır? Yərubbaalın yetmiş oğlu+ sizə rəhbərlik etsin, yoxsa bir nəfər? Həm də unutmayın ki, ətim, qanım sizlərdəndir”».
3 Dayıları onun bu sözlərini Sihamın böyüklərinə çatdırdılar. Onlar da: «O, özümüzünküdür», — deyib Əbuməlikə meyil saldılar. 4 Baal-Bəritin+ evindən ona yetmiş gümüş verdilər. Əbuməlik o pula avara, dələduz adamları tutub ardınca apardı. 5 Sonra Əbuməlik Öfraya+, atası Yərubbaalın evinə gedib onun oğullarını, yetmiş qardaşını bir daşın üstündə qətlə yetirdi.+ Təkcə Yərubbaalın kiçik oğlu Yutəm sağ qaldı, çünki o qaçıb gizlənmişdi.
6 Sonra bütün Siham böyükləri və bütün Beyt-Miloh Sihamda böyük ağacın yaxınlığındakı sütunun yanında toplaşıb Əbuməliki padşah etdilər.+
7 Bu xəbər gedib Yutəmə çatdı. O, Qərizim dağının+ başına çıxıb ucadan onlara dedi: «Ey Siham böyükləri, məni dinləyin, Allah da sizi dinləyər.
8 Günlərin bir günü ağaclar toplaşıb özlərinə padşah seçmək istədilər. Onlar gedib zeytun ağacına dedilər: “Padşahımız ol”.+ 9 Zeytun ağacı isə onlara cavab verdi: “Heç rəvadırmı ki, Allahı və insanı şərəfləndirən yağımı qoyum, gedim başqa ağacların üstündə yellənim?” 10 Onda ağaclar əncir ağacına dedilər: “Gəl padşahımız ol”. 11 Lakin əncir ağacı onlara dedi: «Heç mən şipşirin, dadlı meyvələrimi qoyub başqa ağacların üstündə yellənərəm?” 12 Sonra ağaclar üzüm meynəsinə dedilər: “Gəl padşahımız ol”. 13 Meynə onlara dedi: «Allahın, insanların ürəyini şad edən təzə şərabımı qoyub, ağacların üstündə yellənəcəyəm?” 14 Axırda ağaclar tikan koluna dedilər: “Gəl padşahımız ol”.+ 15 Tikan kolu onlara dedi: “Əgər siz, doğrudan da, məni padşahlığa məsh eləmək istəyirsinizsə, onda gəlin kölgəmə sığının. Əks halda, qoy məndən alov çıxıb Livanın sidr ağaclarını yandırıb kül etsin”.
16 İndi deyin, Əbuməliki padşah etməklə siz doğru, şərəfli iş görmüsünüz?+ Yərubbaala, onun külfətinə yaxşılıq etmisiniz? Onunla ədalətlə davranmısınız? 17 Atam sizdən ötrü vuruşdu,+ sizi mədyənilərin əlindən qurtarmaq üçün ölümlə üz-üzə durdu.+ 18 Amma siz atamın külfətinə qarşı çıxdınız, onun yetmiş oğlunu bir daşın üstündə qətlə yetirdiniz.+ Qarabaşının oğlu Əbuməliki,+ özünüzünküdür deyə, Sihamın böyükləri üzərində padşah elədiniz. 19 Əgər Yərubbaala və onun külfətinə qarşı doğru, şərəfli iş görmüsünüzsə, onda qoy Əbuməlik sizi şad etsin, siz də onu. 20 Yox əgər belə deyilsə, qoy Əbuməlikdən alov çıxıb Siham və Beyt-Miloh böyüklərini yandırıb kül etsin,+ Siham və Beyt-Miloh böyüklərindən də alov çıxıb Əbuməliki yandırıb kül etsin”».+
21 Sonra Yutəm+ qaçıb Biirə gəldi. Qardaşı Əbuməlikin qorxusundan orada yaşadı.
22 Əbuməlik üç il İsrail üzərində hökmranlıq etdi. 23 Sonra Allah Əbuməliklə Sihamın böyükləri arasında nifaq saldı və onlar Əbuməlikə xəyanət etdilər. 24 Bu ona görə idi ki, Yərubbaalın yetmiş oğluna edilən zülm yerdə qalmasın və onların qanının qisası qardaş qatili Əbuməlikdən və qardaş qanı axıtmaqda ona kömək edən Sihamın böyüklərindən alınsın.+ 25 Sihamın böyükləri dağların başında adamlar qoyub ona pusqu qurdular. Bu adamlar yoldan gəlib keçənləri qarət edirdilər. Əhvalat Əbuməlikin qulağına çatdı.
26 Sonra Əbədin oğlu Cəil qardaşları ilə birgə Sihama gəldi,+ Sihamın böyükləri ümidlərini ona bağladılar. 27 Onlar bağlara getdilər, üzüm yığıb tapdaladılar. Sonra şənlik qurdular, allahlarının evinə gedib+ yeyib-içdilər və Əbuməlikə lənət oxudular. 28 Əbədin oğlu Cəil dedi: «Yərubbaalın+ oğlu Əbuməlik kimdir, Sihamın darğası Zəbul kimdir ki, biz onlara qulluq edək? Onlardansa, Sihamın atası Hamurun övladlarına qulluq edək. Nə üçün Əbuməlikə qulluq eləməliyik? 29 Kaş bu xalq mənim itaətimdə olaydı, onda Əbuməliki nə qovardım!» Sonra o, Əbuməlikə meydan oxudu: «Ordunu topla, döyüşə çıx».
30 Şəhərin darğası Zəbul Əbəd oğlu Cəilin sözlərini eşitdi və bərk qəzəbləndi. 31 O, xəlvətdən Əbuməlikə qasidlər göndərib dedi: «Əbəd oğlu Cəil qardaşları ilə birgə Sihamdadır. Onlar şəhəri sənə qarşı qaldırırlar. 32 Adamlarını götür gecəylə gəl, çöldə pusqu qur. 33 Sübh tezdən, günəş doğar-doğmaz qalxıb şəhərə hücum elə. Cəil adamları ilə sənin qarşına çıxanda onu məğlub etməyincə əl çəkmə».
34 Əbuməlik öz adamları ilə gecə ikən qalxdı və dörd dəstəyə bölünüb Sihamın ətrafında pusqu qurdu. 35 Əbəd oğlu Cəil çıxıb şəhər darvazasının ağzına gələndə Əbuməlik öz adamları ilə pusqudan çıxdı. 36 Cəil onları görüb Zəbula dedi: «Dağların təpəsindən adamlar enir». Zəbul cavab verdi: «Yox, dağların kölgəsidir, sənə elə gəlir».
37 Bir qədər sonra Cəil dedi: «Bax, mərkəz tərəfdən adamlar enir. Bir dəstə də Mennimdəki böyük ağac tərəfdən gəlir». 38 Zəbul ona dedi: «“Əbuməlik kimdir ki, biz ona qulluq edək?” — deyib yekə-yekə danışan sən deyildin?+ Bunlar qarasınca danışdığın həmin adamlardır. İndi çıx meydana, döyüş onlarla».
39 Cəil Sihamın böyüklərinin qabağında gedib Əbuməliklə döyüşdü. 40 Cəil Əbuməlikin qabağından qaçdı, Əbuməlik onu qovdu. Yer ta şəhər darvazasının ağzına qədər meyitlərlə doldu.
41 Əbuməlik Arumahda qaldı. Zəbul+ Cəillə qardaşlarını Sihamdan qovdu. 42 Ertəsi gün xalq şəhərdən çıxıb sahələrə getdi. Bunu Əbuməlikə xəbər verdilər. 43 O, adamlarını üç dəstəyə bölüb çöldə pusqu qurdu. Camaat şəhərdən çıxanda hücum edib onları qırdı. 44 Əbuməlik dəstələri ilə irəli gedərək şəhər darvazasının ağzında mövqe tutdu. Bu arada, iki dəstə hücum edib çöldəki camaatı qırdı. 45 Əbuməlik bütün günü vuruşub şəhəri tutdu. Əhalini qırdı, şəhəri yerlə yeksan edib+ yerinə duz səpdi.
46 Siham qalasının böyükləri bunu eşidəndə dərhal İl-Bərit+ evinin zirzəmisinə girdilər. 47 Əbuməlikə xəbər verdilər ki, Siham qalasının bütün böyükləri bir yerə toplaşıb. 48 O, dərhal bütün adamları ilə birgə Səlmun dağına qalxdı. Baltanı əlinə alıb ağacdan bir budaq kəsdi və çiyninə qoydu. Əbuməlik yanındakılara dedi: «Mən nə edirəmsə, siz də onu edin. Cəld olun!» 49 Hamısı budaq kəsib Əbuməlikin ardınca getdi. Budaqları zirzəminin ətrafına düzüb, zirzəmini odladılar. Beləliklə, Siham qalasının da bütün adamları öldü, ölənlərin sayı kişili-qadınlı min nəfərə qədər idi.
50 Əbuməlik Təbəzə getdi, şəhərə qarşı ordugah qurub oranı aldı. 51 Şəhərin ortasında möhkəm qüllə var idi. Bütün şəhər camaatı, qadınlar, kişilər və şəhərin böyükləri oraya qaçdı. Onlar qapını bağlayıb qüllənin başına çıxdılar. 52 Əbuməlik gəlib qülləyə hücum etdi. O, qülləyə od vurmaq üçün qapıya yaxınlaşdı. 53 Bu vaxt bir qadın Əbuməlikin üstünə dəyirman daşı tullayıb onun kəlləsini sındırdı.+ 54 Əbuməlik tez silahdarını çağırıb dedi: «Qılıncını çək, məni öldür. Qoy deməsinlər “onu arvad öldürdü”». Silahdar qılıncı ona sapladı və Əbuməlik öldü.
55 İsraillilər Əbuməlikin öldüyünü görəndə dağılışıb evlərinə getdilər. 56 Beləcə, Allah Əbuməlikə yetmiş qardaşını qətlə yetirərək atasına etdiyi pisliyin əvəzini verdi.+ 57 Allah həmçinin sihamlıların da pisliyini öz başlarına gətirdi. Beləliklə, Yərubbaal+ oğlu Yutəmin qarğışı+ onları tutdu.