Qalatiyalılara məktub
1 İnsanlar tərəfindən, yaxud hər hansı bir adamın vasitəçiliyi ilə deyil, İsa Məsih+ və onu diriltmiş Atamız Allah+ tərəfindən həvari* təyin edilmiş mən Bulusdan 2 və mənimlə olan bütün qardaşlardan Qalatiya yığıncaqlarına məktub.
3 Qoy Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun. 4 Atamız Allahın iradəsinə görə+ Məsih özünü günahlarımız+ uğrunda fəda etdi ki, bizi bu pis dövrdən*+ xilas etsin. 5 Allaha əbədiyyən alqış olsun! Amin.
6 Doğrusu, sizi Məsihin lütfü ilə çağırmış Allahı belə tezliklə qoyub başqa bir müjdəyə üz tutduğunuza məəttəl qalmışam.+ 7 Bu, o demək deyil ki, başqa müjdə var. Sadəcə bəzi adamlar sizi çaşqınlığa salır+ və Məsih haqqındakı müjdəni təhrif etmək istəyirlər. 8 Ancaq əgər kimsə — istər biz, istər göydən bir mələk bizim təbliğ etdiyimiz müjdədən fərqlənən bir şeyi sizə müjdə kimi təbliğ edərsə, o kəsə lənət olsun. 9 Dediyimizi yenidən təkrar edirəm: kimsə qəbul etdiyinizdən fərqlənən bir şeyi sizə müjdə kimi təbliğ edirsə, qoy ona lənət olsun.
10 Əslində, mən kimi inandırmağa çalışıram: insanları, yoxsa Allahı? Yoxsa insanları razı salmaq istəyirəm? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım. 11 Qardaşlar, bunu bilin ki, mənim təbliğ etdiyim müjdənin mənbəyi insan deyil.+ 12 Çünki onu mənə insan verməyib və insan öyrətməyib, mən onu İsa Məsihdən vəhy vasitəsilə almışam.
13 Siz, əlbəttə ki, mənim əvvəllər yəhudi dinində+ necə hərəkət etdiyimi eşitmisiniz. Mən Allahın yığıncağına olmazın zülmlər edir, onu viran qoyurdum.+ 14 Mən əcdadlarımızın adətlərinin qızğın təəssübkeşi idim,+ yəhudi məzhəbində soydaşlarım arasında bir çox həmyaşıdımdan xeyli qabağa getmişdim. 15 Ancaq dünyaya gəlməyimə izin verən və məni Öz lütfü+ ilə çağıran Allah münasib bildi ki, 16 Oğlu haqqındakı müjdə mənim vasitəmlə xalqlara çatdırılsın və xalqlar onu tanısın.+ Onda mən gedib heç kimlə məsləhətləşmədim, 17 Yerusəlimə, məndən əvvəl həvari olanların yanına da getmədim. Birbaş Ərəbistana yollandım, oradan da Dəməşqə+ qayıtdım.
18 Üç ildən sonra Kifanı*+ görmək üçün Yerusəlimə+ getdim və on beş gün onun yanında qaldım. 19 Amma digər həvariləri görmədim, təkcə Ağanın qardaşı Yaqubu+ gördüm. 20 Allahın qarşısında deyirəm ki, yazdığım bu sözlərdə yalan yoxdur.
21 Bundan sonra Suriya və Kilikiya+ bölgələrinə getdim. 22 Ancaq Məsihlə vəhdətdə olan Yəhudiyyə yığıncaqlarında heç kəs məni şəxsən tanımırdı. 23 Onlar təkcə bunu eşitmişdilər: «Vaxtilə bizə zülm edən adam+ yox etmək istədiyi+ etiqad haqqında müjdəni təbliğ edir». 24 Onlar mənə görə Allahı mədh etməyə başladılar.