Həvarilərin işləri
22 «Atalar, qardaşlar! Mənə qulaq asın. Öz müdafiəm üçün bir neçə kəlmə söz demək istəyirəm».+ 2 Camaat Bulusun onlara ibranicə müraciət etdiyini eşidəndə daha da sakitləşdi. Bulus davam etdi: 3 «Mən Kilikiyanın+ Tars şəhərində dünyaya gəlmiş bir yəhudiyəm.+ Bu şəhərdə Qəmlailin+ yanında təhsil almışam, ata-babalarımızın Qanununa+ dəqiqliklə əməl etməyi öyrənmişəm. Mən də sizin kimi Allahın qeyrətini çəkirəm.+ 4 Vaxtilə mən bu yolda olanları təqib edirdim, onların ölümünə bais olurdum. Kişiyə, qadına baxmayıb hər kəsi buxovlayıb zindana atırdım.+ 5 Baş kahin də, bütün ağsaqqallar məclisi də buna şahiddirlər. Mən onlardan Dəməşqdə yaşayan yəhudi soydaşlarımıza ünvanlanmış məktublar almışdım. O şəhərə gedirdim ki, oradakı şagirdləri qandallayım və cəzalandırmaq üçün Yerusəlimə gətirim.
6 Ancaq Dəməşqə çataçatda, günortaya yaxın qəflətən göydən gələn parlaq işıq dörd tərəfimi işıqlandırdı.+ 7 Mən yerə yıxıldım və bir səs eşitdim. Səs deyirdi: “Şaul, Şaul, niyə məni təqib edirsən?” 8 Mən cavab verdim: “Ağa, sən kimsən?” O, mənə dedi: “Mən sənin təqib etdiyin nəsrani İsayam”. 9 Yanımdakı adamlar işığı görür, amma mənimlə danışanın səsini eşitmirdilər. 10 Onda mən dedim: “Ağa, mən nə edim?” Ağa mənə cavab verdi: “Qalx, Dəməşqə get, sənin üçün təyin edilmiş iş orada sənə bildiriləcək”.+ 11 Mən o gözqamaşdırıcı işığın ucbatından heç nə görmürdüm, ona görə də yanımdakı adamlar əlimdən tutub məni Dəməşqə gətirdilər.
12 Oradakı bütün yəhudilərin rəğbətini qazanmış, Qanuna sadiq Hənənya adlı bir adam 13 gəlib yanımda durdu və mənə dedi: “Şaul, qardaş, qoy gözlərin açılsın!” Həmin dəqiqə gözlərim açıldı, onu gördüm.+ 14 O dedi: “Əcdadlarımızın Allahı səni seçib ki, Onun niyyətindən agah olasan. Saleh bəndəni görüb+ səsini eşidəsən. 15 Çünki gördüyün və eşitdiyin şeyləri bütün insanlara bildirərək onun şahidi olacaqsan.+ 16 Nə gözləyirsən? Dur, vəftiz ol, onun adını çağır+ ki, günahların bağışlansın”.+
17 Yerusəlimə qayıdandan sonra+ məbəddə dua edən zaman mən bir görüntü gördüm. 18 Ağa mənə deyirdi: “Tez ol, Yerusəlimdən çıx, çünki burada mənim haqqımda verdiyin şəhadəti qəbul etməyəcəklər”.+ 19 Onda mən dedim: “Ağa, onlar yaxşı bilirlər ki, mən sinaqoqları bir-bir gəzərək sənə inananları həbs edib döyürdüm+ və 20 sənin şahidin Stefanın qanı axıdılanda mən də orada idim. Onu öldürənlərin hərəkətləri ilə razı idim, onların paltarını qoruyurdum”.+ 21 O isə mənə dedi: “Get, mən səni uzaqlara, başqa xalqların yanına göndərirəm”».+
22 Camaat buraya qədər Bulusa qulaq asdı. Sonra bir ağızdan qışqırmağa başladı: «Bu adamı yer üzündən yox edin, beləsi yaşamalı deyil!» 23 Onlar bağıra-bağıra üst paltarlarını göyə tullayır, havaya toz-torpaq atırdılar.+ 24 Sərkərdə bunu görəndə əmr etdi ki, Bulusu kazarmaya aparıb qamçılasınlar və sorğu-suala tutub camaatın nə üçün onun əleyhinə çığır-bağır saldığını dəqiqliklə öyrənsinlər. 25 Bulusu qamçılamaq üçün qollarını bağlayanda o, orada durmuş yüzbaşıya dedi: «Roma vətəndaşını məhkəməsiz-filansız qamçılamaq nə dərəcədə qanunidir?»+ 26 Yüzbaşı bunu eşidəndə sərkərdənin yanına gedib ona dedi: «Sən nə edirsən? Xəbərin var ki, bu adam Roma vətəndaşıdır?» 27 Onda sərkərdə Bulusa yaxınlaşıb soruşdu: «De görüm sən Roma vətəndaşısan?» O cavab verdi: «Bəli». 28 Sərkərdə dedi: «Mən bu vətəndaşlığı bir ətək pula almışam». Bulus dedi: «Mən isə elə doğulandan Roma vətəndaşıyam».+
29 Onu işgəncə ilə sorğu-suala tutmaq istəyən adamlar dərhal ondan əl çəkdilər. Sərkərdə Bulusun Roma vətəndaşı olduğunu öyrənəndə onu buxovladığı üçün bərk qorxuya düşdü.+
30 Sərkərdə yəhudilərin onu nəyə görə ittiham etdiyini öyrənmək istəyirdi. Ona görə də ertəsi gün onu azad edib əmr etdi ki, böyük kahinlər və Sinedrionun bütün üzvləri yığışsınlar. O, Bulusu gətizdirib onların qabağına çıxartdı.+