Çıxış
8 Yehova Musaya dedi: «Fironun yanına get, ona söylə: “Yehova belə deyir: “Xalqımı burax, gedib mənə ibadət etsin.+ 2 Əgər yenə də onları buraxmasan, onda sənin bütün ölkəni qurbağa basacaq.+ 3 Nil çayında qurbağalar qaynaşacaq, onlar çıxıb sənin evinə, yataq otağına, çarpayına, xidmətçilərinin evinə, təknələrinə, yemək bişirdiyin kürələrə dolacaq, adamlarının üstünə tullanacaq.+ 4 Qurbağalar sənin, xalqının və bütün xidmətçilərinin üstünə hücum çəkəcək”».
5 Bundan sonra Yehova Musaya dedi: «Haruna de, əlindəki əsanı çayların, Nildən çəkilən arxların, bataqlıqların üstünə uzatsın, qurbağalar çıxıb bütün Misiri bürüsün». 6 Harun əlini Misirin suları üzərinə uzatdı, qurbağalar çıxıb Misir torpağını bürüdü. 7 Lakin Misirin kahinləri də sehr işlədib eyni şeyi etdilər, Misir torpağını qurbağalarla doldurdular.+ 8 Onda firon Musa ilə Harunu çağırıb dedi: «Yehovaya dua et, qoy mənim, xalqımın canını qurbağalardan qurtarsın.+ Xalqı Yehovaya qurban gətirməyə buraxıram». 9 Musa firona dedi: «Sən özün vaxtını de, mən də dua edim, sənin də, xidmətçilərinin də, adamlarının da canı qurbağalardan qurtarsın, onlar evlərindən çəkilib yalnız Nildə qalsın». 10 O: «Sabah», — deyə cavab verdi. Musa dedi: «Allahımız Yehovanın tayı-bərabəri olmadığını biləsən deyə,+ dediyin kimi olacaq. 11 Qurbağalar evlərindən çəkiləcək, sənin də, xidmətçilərinin də, adamlarının da canı onlardan qurtaracaq. Onlar yalnız Nildə qalacaq».+
12 Musa ilə Harun fironun hüzurundan çıxdılar və Musa Yehovaya yalvardı ki, fironun üstünə göndərdiyi qurbağaları yox etsin.+ 13 Yehova Musanın xahişini yerinə yetirdi, evlərdəki, həyətlərdəki, oylaqlardakı qurbağalar öldü. 14 Qurbağaları qalaq-qalaq yığdılar; ölkəni üfunət iyi bürüdü. 15 Firon görəndə ki, bəla sovuşdu, Yehovanın dediyi kimi, ürəyini daşa döndərib onlara qulaq asmadı.+
16 Yehova Musaya dedi: «Haruna de, əsasını uzadıb torpağa vursun, bütün Misir ölkəsində yerin tozu mığmığaya çevrilsin». 17 Onlar belə də etdilər. Harun əsasını uzadıb torpağa vurdu. Bütün Misir ölkəsində yerin tozu mığmığaya çevrildi. Onlar adamları və heyvanları dişləməyə başladı.+ 18 Kahinlər də eyni möcüzəni göstərmək, sehr işlədərək mığmığa əmələ gətirmək istədilər,+ lakin bacarmadılar. Mığmığalar isə insanlara və heyvanlara daraşmışdı. 19 Onda kahinlər firona dedilər: «Bu işdə Allahın əli var!»+ Amma firon inadından dönmədi və Yehovanın dediyi kimi, onlara qulaq asmadı.
20 Sonra Yehova Musaya dedi: «Səhər tezdən firon çaya gedəndə onun qabağına çıx və söylə: “Yehova belə deyir: “Xalqımı burax, gedib Mənə ibadət etsin. 21 Əgər buraxmasan, Mən sənin, xidmətçilərinin, xalqının üstünə mozalan göndərəcəyəm. Sənin evlərin və bütün misirlilərin evləri mozalanla dolacaq. Hətta durduqları torpağı da bürüyəcək. 22 Həmin gün xalqımın yaşadığı Qoşen torpağını ayıracağam, orada mozalan olmayacaq.+ Bundan biləcəksən ki, Mən Yehova bu ölkədəyəm.+ 23 Mən Öz xalqımı sənin xalqından ayrı tutacağam. Bu əlamət sabah vaqe olacaq”».
24 Yehova belə də etdi; fironun və xidmətçilərinin evlərinə, bütün Misir torpağına saysız-hesabsız mozalan sürüləri hücum elədi. Mozalanlar ölkəni viran qoydu.+ 25 Axırda firon Musa ilə Harunu çağırıb dedi: «Gedin Allahınıza bu ölkədə qurban gətirin». 26 Musa isə dedi: «Bu, mümkün deyil. Allahımız Yehovaya gətirəcəyimiz qurbanlar misirlilərin gözündə mənfurdur.+ Misirlilərin gözü qabağında onlarda ikrah doğuran qurbanlar gətirsək, bizi daşlamazlar? 27 Biz Allahımız Yehovanın dediyi kimi, üç gün səhrada yol gedib orada Ona qurban gətirəcəyik».+
28 Onda firon dedi: «Allahınız Yehovaya səhrada qurban gətirmək üçün sizi buraxacağam. Amma çox uzağa getməyin. İndi isə mənim üçün dua edin».+ 29 Musa dedi: «Mən gedirəm. Sənin yanından çıxan kimi Yehovaya dua edəcəyəm və sabah firon da, xidmətçiləri də, xalqı da mozalanlardan qurtulacaq. Amma yenə elə olmasın ki, firon bizi aldadıb xalqı Yehovaya qurban gətirməyə buraxmasın».+ 30 Musa fironun yanından çıxıb Yehovaya dua etdi.+ 31 Yehova Musanın duasına cavab verib fironu, xidmətçilərini, xalqını mozalanlardan qurtardı. Bir dənə də olsun mozalan qalmadı. 32 Ancaq firon bu dəfə də ürəyini daş elədi və xalqı buraxmadı.