Markın yazdığı müjdə
8 O günlərdə yenə də xeyli adam toplaşmışdı. Onların yeməyə heç nəyi yox idi. İsa şagirdlərini yanına çağırıb dedi: 2 «Camaata yazığım gəlir.+ Artıq üç gündür ki, yanımdadırlar, yeməyə də heç nələri yoxdur.+ 3 Onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Axı çoxları uzaq yerlərdən gəlib». 4 Şagirdlər ona dedilər: «Bu çöllükdə bu qədər camaatı yedirtmək üçün haradan çörək tapmaq olar?» 5 İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar cavab verdilər: «Yeddi».+ 6 İsa buyurdu ki, camaat yerə otursun, sonra yeddi çörəyi götürdü, şükür edib çörəkləri böldü və paylamaq üçün şagirdlərinə verdi. Onlar da çörəkləri xalqa payladılar.+ 7 Orada bir neçə xırda balıq da var idi. İsa dua edib şagirdlərə dedi ki, balıqları da camaata paylasınlar. 8 Camaat yeyib doydu. Artıq qalan tikələrdən isə yeddi dolu səbət yığıldı.+ 9 Orada təxminən dörd min kişi var idi. Sonra İsa onları yola saldı.
10 Bundan dərhal sonra İsa şagirdləri ilə bərabər qayığa mindi və Dalmanut*+ bölgəsinə gəldi. 11 Orada yanına fərisilər gəlib onunla mübahisəyə başladılar. Onlar İsanı sınamaq məqsədilə göydən bir əlamət göstərməsini istədilər.+ 12 İsa dərindən ah çəkib dedi: «Axı bu nəsil niyə həmişə əlamət istəyir?+ Bunu bilin, bu nəsilə heç bir əlamət göstərilməyəcək».+ 13 İsa bunu deyib onlardan ayrıldı və qayığa minib o biri sahilə üzdü.
14 Şagirdlər özləri ilə çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda cəmi bir çörək vardı.+ 15 İsa onlara ciddi xəbərdarlıq etdi: «Baxın ha, özünüzü fərisilərin və Hirodun mayasından gözləyin».+ 16 Şagirdlər çörək götürmədikləri üçün öz aralarında mübahisə etməyə başladılar. 17 İsa bunu görəndə dedi: «Çörək götürmədiyiniz üçün niyə mübahisə edirsiniz? Yəni zehniniz hələ də qapalıdır? Hələ də anlamırsınız, dərk etmirsiniz? 18 “Gözünüz ola-ola görmürsünüz, qulağınız ola-ola eşitmirsiniz?” Məgər yadınızdan çıxıb, 19 mən beş min adam üçün beş çörəyi böləndə+ neçə dolu səbət yığmışdınız?» Onlar cavab verdilər: «On iki».+ 20 «Bəs dörd min adam üçün yeddi çörəyi böləndə neçə dolu səbət yığmışdınız?» Onlar dedilər: «Yeddi».+ 21 İsa onlara dedi: «Yəni hələ də sözümün canını tutmamısınız?»
22 Onlar Beytsəydaya yan aldılar. Orada İsanın yanına bir kor adam gətirdilər. Camaat yalvarırdı ki, İsa ona toxunsun.+ 23 İsa kor adamın əlindən tutub onu kənddən çıxartdı, sonra onun gözlərinə tüpürüb+ əlini onun üstünə qoydu və soruşdu: «Bir şey görürsən?» 24 O, gözlərini açıb baxdı və dedi: «Adamları görürəm. Onlar ağaca bənzəyirlər, amma gəzirlər». 25 İsa yenidən əllərini bu adamın gözlərinin üstünə qoydu və onun gözləri açıldı. O, artıq hər şeyi apaydın görürdü. 26 İsa onu evinə yola salıb tapşırdı: «Get, amma kəndə girmə».
27 İsa şagirdləri ilə bərabər Filipi Qeysəriyyəsi kəndlərinə yollandı. Yolda o, şagirdlərdən soruşdu: «Camaat nə deyir? Mən kiməm?»+ 28 Onlar cavab verdilər: «Kimisi deyir ki, Vəftizçi Yəhyasan+, kimisi deyir İlyassan+, başqaları da peyğəmbərlərdən biri olduğunu söyləyir». 29 İsa onların özündən soruşdu: «Bəs siz nə deyirsiniz, mən kiməm?» Butrus cavab verdi: «Sən Məsihsən».+ 30 Onda İsa onlara bərk-bərk tapşırdı ki, onun haqqında heç kəsə bir söz deməsinlər.+ 31 İsa şagirdlərinə bunları öyrətməyə başladı: insan Oğlu çoxlu əziyyət çəkməli, ağsaqqallar, böyük kahinlər və mirzələr onu rədd etməli, o ölməli+ və üç gündən sonra dirilməlidir.+ 32 İsa bu haqda açıq danışırdı. Onda Butrus İsanı qırağa çəkib onu məzəmmət etməyə başladı.+ 33 İsa çöndü, şagirdlərinə baxıb Butrusu tənbeh etdi: «Çəkil qabağımdan, Şeytan, çünki sənin ağlındakı Allahın fikirləri deyil, insan fikirləridir».+
34 İsa camaatı və şagirdlərini yanına çağırıb onlara dedi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini* götürüb daima ardımca gəlsin.+ 35 Çünki həyatını xilas etmək istəyən onu itirəcək, amma həyatını mənim uğrumda və müjdə uğrunda itirən onu xilas edəcək.+ 36 Doğrudan da, insan bütün dünyaya sahib olarsa, amma həyatını itirərsə, bunun ona nə faydası?+ 37 İnsan öz həyatının əvəzində nə verə bilər?+ 38 Kim bu zinakar, günahkar nəsil qarşısında məndən və sözlərimdən utanarsa, insan Oğlu da müqəddəs mələklərlə öz Atasının əzəmətində gələndə+ o adamı şagirdi adlandırmağa utanacaq».+