İkinci işmuil
13 Davudun oğlu Absalamın Tamar adında bir gözəl bacısı var idi.+ Davudun oğlu Əmnun+ ona aşiq olmuşdu. 2 Əmnun bacısı Tamarın dərdindən dəli-divanə idi. Qız bakirə olduğundan ona əl dəymək Əmnuna müşkül görünürdü. 3 Əmnunun Yəhunədab+ adında dostu var idi. Yəhunədab Davudun qardaşı Şimyahın+ oğlu idi, özü də yaman hiyləgər idi. 4 O, Əmnuna dedi: «Görəsən, şahzadə niyə günü-gündən saralıb solur? Bəlkə, dərdini açıb deyəsən?» Əmnun dedi: «Qardaşım Absalamın bacısı Tamara aşiq olmuşam».+ 5 Yəhunədab ona dedi: «Get yatağına uzan, özünü naxoşluğa vur. Atan sənə baş çəkməyə gələndə ona de: “Qoy bacım Tamar gəlib mənə yemək versin. Qoy o, gözümün qabağında naxoş yeməyi hazırlasın, mən də onun əlindən yeyim”».
6 Əmnun uzanıb özünü naxoşluğa vurdu. Padşah Əmnuna baş çəkməyə gələndə o dedi: «Qoy bacım Tamar gəlib gözümün qabağında iki kökə bişirsin, mən də onun əlindən yeyim». 7 Davud Tamara xəbər göndərdi: «Qardaşın Əmnunun evinə get, ona yemək bişir». 8 Tamar qardaşı Əmnunun evinə gəldi, o, yataqda idi. Qız xəmir yoğurdu, onun gözünün qabağında kökə bişirdi. 9 Kökələri tavadan götürüb onun qabağına gətirdi. Amma Əmnun yemədi. O dedi: «Hamı buradan çıxsın!» Hamı çıxdı.
10 Əmnun Tamara dedi: «Yeməyi mənim yataq otağıma apar. Orada sənin əlindən yeyim». Tamar bişirdiyi kökələri götürüb qardaşı Əmnunun yataq otağına apardı. 11 Yaxınlaşıb onu yedizdirmək istəyəndə Əmnun qızı tutub dedi: «Gəl yatağıma, bacım». 12 Amma qız ona dedi: «Yox, qardaş! Namusumu ləkələmə. İsraildə belə şey etmək olmaz.+ Bu cür binamusluq etmə.+ 13 Bu ləkəni üstümdən necə silərəm? Sənin özünə də İsraildə biqeyrət deyərlər. Məni padşahdan istə, o, yox deməz». 14 Amma Əmnun qızın sözünə məhəl qoymadı. O, qızı zorlayıb namusunu ləkələdi. 15 Sonra Əmnunun qızdan zəhləsi getdi. Belə ki, onun qıza nifrəti sevgisindən güclü oldu. Əmnun ona dedi: «Dur, rədd ol!» 16 Qız ona dedi: «Yox, qardaş. Məni qovmağın başıma gətirdiyin pislikdən də betər olar!» Lakin Əmnun qıza qulaq asmadı.
17 Əmnun nökəri çağırıb dedi: «Bunu buradan çıxar, qapını da dalınca bağla». 18 (Qız bakirə şah qızlarının geydiyi naxışlı* xələtdə idi.) Əmnunun nökəri qızı bayıra çıxarıb dalınca qapını bağladı. 19 Tamar başına kül ələdi,+ nəfis xələtinin yaxasını cırdı. Başına döyə-döyə, ağlaya-ağlaya çıxıb getdi.
20 Absalam+ bacısından soruşdu: «Sənə qardaşın Əmnun toxunub? Eybi yoxdur, bacı, sakitləş. O, sənin qardaşındır.+ Çox ürəyinə salma». Beləliklə, Tamar tənhalığa çəkilib qardaşı Absalamın evində yaşadı. 21 Bu hadisə Davud padşahın qulağına çatanda o, bərk qəzəbləndi.+ Amma o, Əmnunun xətrinə dəymədi. Çünki onu çox sevirdi. Əmnun onun ilk oğlu idi. 22 Absalam da Əmnuna bir kəlmə olsun, nə yaxşı, nə pis söz demədi. Amma bacısı Tamarın namusuna toxunduğu üçün+ Əmnuna kin saxlayırdı.+
23 Üstündən iki il keçdi. Absalam Əfraimin+ yaxınlığında, Baal-Həzurda qoyunlarını qırxdırırdı. Absalam şahzadələrin hamısını ora dəvət etmişdi.+ 24 O, padşahın yanına gəlib dedi: «Bu qulun qoyunlarını qırxır. Xahiş edirəm, qoy padşah əyanları ilə ora, yanıma təşrif buyursun». 25 Padşah isə Absalama dedi: «Yox, bala. Hamımız getsək, sənə yük olarıq». Absalam padşahı dilə tutsa da, o razılaşmadı, ancaq ona xeyir-dua verdi. 26 Onda Absalam dedi: «İndi ki sən getmirsən, heç olmasa qoy qardaşım Əmnun bizimlə getsin».+ Padşah ona dedi: «O, nə üçün sizinlə getsin?» 27 Lakin Absalamın təkidindən sonra padşah Əmnunu və bütün şahzadələri onunla göndərdi.
28 Absalam nökərlərinə əmr etdi: «Sərvaxt olun, elə ki Əmnun şərabdan meyxoş oldu, sizə “Əmnunu vurun” deyəcəyəm. Siz də onu vurub öldürərsiniz. Qorxmayın. Bu, mənim əmrimdir. Möhkəm, cəsur olun». 29 Nökərlər Absalamın tapşırdığı kimi, vurub Əmnunu öldürdülər. Onda o biri şahzadələr öz qatırlarına minib qaçdılar. 30 Onlar hələ yolda olanda Davuda xəbər gəldi: «Absalam bütün şahzadələri öldürüb, biri də sağ qalmayıb». 31 Bunu eşitcək padşah qalxıb yaxasını cırdı və yerə sərildi. Bütün əyanlar yaxalarını cırıb onun yanında durdular.
32 Davudun qardaşı Şimyahın+ oğlu Yəhunədab+ dedi: «Ağam bütün şahzadələrin öldüyünü zənn etməsin. Təkcə Əmnun ölüb.+ Bu, Absalamın əmri olub.+ Əmnun onun bacısı Tamarın namusunu ləkələdiyi gündən o, bu niyyətdə idi.+ 33 Ağam padşah, “bütün şahzadələr ölüb” sözünü ürəyinə salma, təkcə Əmnun ölüb».
34 Absalam isə qaçıb getmişdi.+ Gözətçi başını qaldırıb baxanda gördü ki, arxadakı yoldan, dağın yamacından böyük bir dəstə gəlir. 35 Yəhunədab+ padşaha dedi: «Budur, şahzadələr qayıdır. Bu qulunun dediyi düz çıxdı». 36 O, sözünü qurtarar-qurtarmaz şahzadələr hönkürə-hönkürə içəri daxil oldular. Padşah da, əyanları da hönkürürdülər. 37 Absalam qaçıb Qəşur padşahı Amihud oğlu Talmayın+ yanına getdi. Davud xeyli müddət oğlu üçün yas saxladı. 38 Qəşura+ qaçan Absalam üç il orada yaşadı.
39 Vaxt keçdi, Davud padşah Əmnunun ölümü ilə barışdı. O, Absalamı görmək istədi.