Romalılara
11 Buna görə soruşmaq istəyirəm: məgər Allah Öz xalqından imtina edib?+ Əsla! Mən də israilliyəm, İbrahimin nəslindən, Binyamin qəbiləsindənəm. 2 Allah əzəldən nəzər saldığı xalqından imtina etməyib.+ Məgər Müqəddəs Yazılarda İlyas haqqında deyilənləri bilmirsiniz? O, Allaha İsraildən necə şikayət edirdi? 3 «Ey Yehova! Onlar Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıdıb yerlə yeksan etdilər. Təkcə mən qalmışam, indi də mənim canımı almaq istəyirlər».+ 4 Bəs Allah ona nə cavab verdi? «Mən Özüm üçün Baalın qarşısında diz çökməmiş yeddi min adam saxlamışam».+ 5 İndi də lütf sayəsində seçilmiş bir qisim+ israilli var. 6 Əgər seçim lütf sayəsindədirsə,+ deməli, artıq əməllərə görə deyil.+ Əks təqdirdə, lütf daha lütf olmazdı.
7 Bəs onda necə olsun? İsrail var-gücü ilə can atdığı şeyə nail olmadı, ona seçilmişlər nail oldular.+ Qalanlarının isə ürəyi kütləşdi,+ 8 necə ki yazılıb: «Allah onlara ağır yuxu, görməyən gözlər,+ eşitməyən qulaqlar verdi. Onlar indiyədək bu haldadırlar».+ 9 Davud da demişdi: «Qoy süfrələri onlara tələ, tor, əngəl, cəza olsun. 10 Qoy gözləri tor salsın, görə bilməsinlər, belləri birdəfəlik bükülsün».+
11 Belə isə, soruşuram: yəni onlar büdrəyib tamam yıxıldılar? Əsla! Lakin onların yanlış addımı sayəsində digər xalqlardan olan insanlar üçün xilas yolu açıldı ki, onlarda qısqanclıq oyansın.+ 12 Əgər onların yanlış addımı dünya üçün və saylarının azalması digər xalqlardan olan insanlar+ üçün ruhani zənginlik deməkdirsə, gör onların tam sayı nə demək olacaq!
13 İndi isə digər xalqlardan olan sizlərə müraciət edirəm. Mən digər xalqlara göndərilmiş+ bir həvari kimi xidmətimi ucaldıram.+ 14 Bəlkə, necəsə soydaşlarımda qısqanclıq oyadıb onlardan bəzilərini xilas etdim. 15 Əgər onların rədd olunması+ dünya üçün barışıq deməkdirsə, onda onların qəbul olunması ölülər üçün həyat demək deyilsə, bəs nədir? 16 Bundan başqa, əgər xəmirdən nübar kimi götürülmüş bir hissə müqəddəsdirsə, deməli, bütün xəmir müqəddəsdir. Əgər kök müqəddəsdirsə, deməli, budaqlar da müqəddəsdir.
17 Lakin budaqların bəzisi qoparılıbsa və sən cır zeytun budağı ola-ola onların arasında calaq edilib onlarla birlikdə zeytunun güclü kökündən qidalanırsansa, 18 budaqların qarşısında öyünmə. Yox əgər öyünürsənsə,+ yadında saxla ki, sən kökü yox, kök səni saxlayır. 19 Sən deyəcəksən: «Budaqlar qoparılıb ki, mən calaq olunum».+ 20 Düzdür! Onlar imanları olmadığına görə qoparıldı,+ sən isə imanın sayəsində durursan.+ Lovğalanma, özünü gözlə. 21 Çünki əgər Allah ağacın doğma budaqlarına qıydısa, sənə də qıyar. 22 Odur ki, Allahın xeyirxahlığına+ və sərtliyinə fikir ver. Allah yıxılanlara qarşı sərt,+ sənə qarşı isə xeyirxahdır, bu şərtlə ki, Onun xeyirxahlığına layiq yaşayasan. Əks təqdirdə, sən də kəsilib atılacaqsan. 23 Onlar da imansızlıqdan əl çəksələr, calaq ediləcəklər,+ çünki Allah onları yenidən calaq etməyə qadirdir. 24 Əgər sən cır zeytun ağacından kəsilib, təbiətə zidd olaraq, bağ zeytununa calaq olunmusansa, gör o ağacın doğma budaqları ona necə asanlıqla calaq olunacaq!
25 Qardaşlar! Öz gözünüzdə ağıllı olmayasınız deyə, bu müqəddəs sirri+ sizə açmaq istəyirəm: digər xalqlardan gələn adamların sayı tamamlanana qədər İsrailin bir hissəsi ürəyi küt vəziyyətdə qalacaq və 26 bu yolla bütün İsrail xilas ediləcək,+ necə ki yazılmışdır: «Xilaskar Siondan gələcək,+ Yaqubu pis əməllərdən uzaqlaşdıracaq. 27 Onların günahlarını aradan götürdüyüm zaman+ onlarla bağlayacağım əhd budur».+ 28 Doğrudan da, onların müjdədən imtina edib Allahla düşmən olmaları sizin xeyrinizədir. Lakin ata-babalarının xatirinə Allah onlardan bəzilərini seçmiş və sevmişdir.+ 29 Çünki Allah verdiyi ənamlara və etdiyi dəvətlərə görə peşmançılıq çəkməyəcək. 30 Bir vaxtlar siz Allaha itaət etmirdiniz,+ amma indi onların itaətsizliyi+ sayəsində sizə mərhəmət göstərilib.+ 31 Eynilə, onların indiki itaətsizliyi sayəsində sizə mərhəmət göstərildi ki, onlara da indi mərhəmət göstərilsin. 32 Axı Allah onların hamısını itaətsizliyə düçar etdi+ ki, hamısına mərhəmət göstərə bilsin.+
33 Allahın nemətləri gör necə boldur, hikməti, biliyi dərin ümmandır! Onun hökmləri ağlasığmazdır, yolları tədqiqolunmazdır! 34 Axı «kim Yehovanın əqlini dərk edib, kim Ona məsləhət verə bilər?»+ 35 Ya da «kim Ona nəsə verib ki, O da geri qaytarsın?»+ 36 Çünki hər şey Ondandır, Onun sayəsindədir və Onun üçündür. Ona əbədiyyən alqış olsun! Amin.