Birinci Butrus
1 İsa Məsihin həvarisi Butrusdan+ Pont, Qalatiya, Kappadokiya+, Asiya və Bitiniyaya* səpələnmiş qəriblərə, 2 Atamız Allahın+ bəsirətilə itaətli olmaq və üzərlərinə İsa Məsihin qanını çiləmək üçün ruhla müqəddəsləşdirilən+ seçilmişlərə:+
Qoy sizə bağışlanmış lütf və sülh daha da artsın.
3 Ağamız İsa Məsihin Atası və Allahına şükürlər olsun! O, böyük mərhəmətinə görə İsa Məsihi diriltməklə+ bizə yeni həyat verib+ canlı ümidə+ qovuşdurdu. 4 O, bizə əbədi, ləkəsiz və solmaz miras verdi.+ Bu miras sizin üçün göydə qorunub saxlanılır.+ 5 Siz özünüz də zamanın sonunda aşkar olacaq xilas üçün imanınız sayəsində Allahın gücü ilə hifz olunursunuz. 6 Siz buna çox sevinirsiniz, hərçənd müxtəlif sınaqlar ucbatından+ bir müddət kədərlənməli olursunuz ki, 7 sınanmış imanınız+ odla saflaşdırılan, lakin yenə də məhv olan qızıldan qat-qat qiymətli olub İsa Məsihin zühurunda tərifə, şöhrət və şərəfə layiq görülsün.+ 8 Siz onu heç vaxt görməmisiniz, buna baxmayaraq, onu sevirsiniz. Onu indi görməsəniz də, ona iman edirsiniz və sözlə təsvir edilməz böyük bir fərəh, sevinc duyursunuz, 9 çünki imanınızın hədəfinə — xilasa yetişirsiniz.+
10 Sizə bəxş ediləcək lütf haqqında qabaqcadan xəbər vermiş peyğəmbərlər bu xilas haqqında ciddi axtarış və ətraflı tədqiqat aparmışlar.+ 11 Onlar içlərindəki ruhun Məsihlə bağlı+ hansı zamana və ya dövrə işarə etdiyini durmadan tədqiq edirdilər, çünki bu ruh onun əzab çəkib+ sonra şöhrətə yetişəcəyi haqqında qabaqcadan şəhadət verirdi. 12 Onlara açılmışdı ki, özlərinə yox, sizə xidmət edirlər, çünki onların xəbər verdiyi şeylər göydən göndərilmiş müqəddəs ruhun vasitəsilə+ indi sizə müjdəni gətirənlər tərəfindən çatdırılmışdır. Mələklər də bu şeyləri dərk etmək arzusundadırlar.
13 Buna görə də ağlınızı fəaliyyət üçün qurşaqlayın,+ hər vaxt ayıq olun,+ ümidinizi İsa Məsihin zühuru vaxtı sizə göstəriləcək lütfə bağlayın. 14 İtaətkar uşaqlar kimi olun, vaxtilə cahillik içində yaşayarkən daxilinizdə hökm sürmüş istəklərə uymayın. 15 Sizi çağırmış Müqəddəs Allah kimi hər bir işinizdə müqəddəs olun,+ 16 axı yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm».+
17 Bundan əlavə, siz hər kəsi əməllərinə görə, tərəfkeşlik etmədən mühakimə edən+ Atanı çağırdığınız üçün bu qürbətdə yaşayarkən Allah qorxusu ilə hərəkət edin.+ 18 Axı bilirsiniz ki, siz dədə-babalarınızdan qalma puç həyat tərzindən qızıl və gümüş kimi fani şeylər vasitəsilə yox, 19 Məsihin+ qüsursuz və ləkəsiz quzunun+ qanına bənzər qiymətli qanı+ ilə azad edilmisiniz.+ 20 Bəli, o, bəşərin təməli qoyulandan əvvəl seçilmişdi,+ ancaq zamanın sonunda sizdən ötrü zühur etdi.+ 21 Siz onu diriltmiş+ və şöhrətə mindirmiş+ Allaha+ onun vasitəsilə inanmısınız ki, imanınız və ümidiniz Allaha olsun.
22 Siz həqiqətə itaət edib paklandıqdan sonra riyasız qardaşlıq məhəbbətinə+ sahib olmusunuz. Buna görə də bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin.+ 23 Axı siz təzədən,+ çürüyən yox, var olan əbədi Allahın sözü ilə,+ çürüməyən toxumdan+ doğulmusunuz. 24 Çünki «bütün bəşər ot kimidir, calalı çöl çiçəyi kimidir. Ot quruyar, çiçək solub tökülər, 25 Yehovanın sözü isə əbədi qalar».+ Həmin «söz» sizə müjdələnmişdir.+