Çıxış
14 Yehova Musaya dedi: 2 «İsraillilərə de, dönüb Miqdolla dəniz arasında yerləşən Fəhiyrutun qarşısında, Baal-Səfyunun yaxınlığında düşərgə salsınlar. Düşərgəni dəniz kənarında, üzü Baal-Səfyuna tərəf salın.+ 3 Firon: “İsraillilər azıb qalıblar, səhra onları əsir edib”, — deyə fikirləşəcək. 4 O vaxt Mən fironun ürəyini daşa döndərəcəyəm+ və o, sizin dalınızca düşəcək. Onda Mən fironla onun bütün qoşununu darmadağın edib adımı ucaldacağam.+ Misirlilər biləcəklər ki, Mən Yehovayam».+ Necə deyilmişdisə, israillilər elə də etdilər.
5 Bir müddət keçəndən sonra Misir padşahına xəbər çatdırdılar ki, israillilər qaçıb. Fironla adamları xalqı buraxdıqlarına peşman olub dedilər:+ «Biz nə etdik, niyə öz əllərimizlə İsraili, qullarımızı buraxdıq?» 6 Firon cəng arabalarını hazırladı və döyüşçülərini ayağa qaldırdı.+ 7 O, altı yüz seçmə araba, üstəlik, Misirdə olan bütün başqa arabaları da götürdü. Hər arabada döyüşçülər var idi. 8 Beləliklə, Yehova Misir padşahı fironun ürəyini daş etdi və o, Misirdən zəfərlə çıxan israillilərin dalınca düşdü.+ 9 Misirlilər — fironun bütün arabaları, süvariləri və qoşunu israilliləri təqib edib+ onların dəniz kənarında, Fəhiyrut yaxınlığında, üzü Baal-Səfyuna tərəf düşərgə saldıqları yerə yetişdilər.
10 Firon yaxınlaşanda israillilər baxıb gördülər ki, misirlilər onların üstünə gəlir. Xalq qorxuya düşüb Yehovaya fəryad etməyə başladı.+ 11 Onlar Musaya dedilər: «Məgər Misirdə qəbiristanlıq yox idi ki, bizi bu səhrada ölməyə gətirmisən?+ Axı nə üçün bizi Misirdən çıxarıb başımıza bu oyunu açdın? 12 Misirdə olanda sənə demirdik, əl çək bizdən, qoy misirlilərə qulluq edək? Səhrada ölməkdənsə, misirlilərə qul olsaydıq, bundan yaxşı olardı».+ 13 Musa isə xalqa dedi: «Qorxmayın!+ Mətin olun! Görün Yehova sizi bu gün necə xilas edəcək.+ Gördüyünüz bu misirliləri bir daha görməyəcəksiniz.+ 14 Yehova Özü sizin uğrunuzda döyüşəcək,+ siz isə sakit durub baxacaqsınız».
15 Yehova Musaya dedi: «Niyə fəryad edirsən? İsraillilərə de, düşərgəni yığsınlar. 16 Sən isə əsanı qaldır, əlini dənizin üzərinə uzat, onu iki yerə ayır ki, israillilər dənizin ortasından quru yolla keçə bilsinlər. 17 Mən misirlilərin ürəyini daşa döndərəcəyəm. Onlar sizin arxanızca düşəcəklər. Onda Mən fironun, onun bütün qoşununun, cəng arabalarının və süvarilərinin üzərində qələbə çalıb adımı ucaldacağam.+ 18 Mən fironun, onun cəng arabalarının, süvarilərinin üzərində zəfər çalıb adımı ucaldanda misirlilər biləcəklər ki, Mən Yehovayam».+
19 İsraillilərin önündə gedən Allahın mələyi+ onların arxasına keçdi. Qarşılarında olan bulud sütunu da geriyə keçib onların arxasında dayandı.+ 20 Belə ki, o, misirlilərlə israillilərin arasında durdu.+ Bulud bir tərəfi qaranlıq edir, o biri tərəfdə isə gecəni işıqlandırırdı.+ Beləcə, bütün gecəni misirlilər israillilərə yaxın düşə bilmədilər.
21 Musa əlini dənizin üzərinə uzatdı.+ Yehova bütün gecə qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub dibini qurutdu.+ Sular iki yerə ayrıldı.+ 22 İsraillilər quru yolla dənizin ortasından keçdi.+ Sular isə onların sağ və sol tərəfində divar kimi dururdu.+ 23 Misirlilər onların dalınca düşdü. Fironun bütün atları, cəng arabaları və süvariləri israillilərin arxasınca dənizin ortasına girdi.+ 24 Səhər növbəsi* vaxtı Yehova alov və bulud sütunundan+ misirlilərə baxıb aralarına çaxnaşma saldı. 25 O, arabaların çarxlarını çıxartdı, buna görə də arabaları sürmək çətinləşdi. Misirlilər deyirdilər: «Gəlin israillilərdən qaçaq, çünki Yehova onların tərəfində misirlilərlə döyüşür».+
26 Onda Yehova Musaya dedi: «Əlini dənizin üzərinə uzat, sular geriyə, misirlilərin, cəng arabalarının, süvarilərin üstünə qayıtsın». 27 Musa dərhal əlini dənizin üzərinə uzatdı və səhərə yaxın dəniz əvvəlki halına qayıtdı. Misirlilər qaçmağa üz tutdular, amma Yehova onları süpürləyib dənizin ortasına atdı.+ 28 Yerinə qayıdan sular israillilərin dalınca dənizə girən cəng arabalarını, süvariləri və fironun bütün qoşununu uddu.+ Onlardan bir nəfər də olsun sağ qalmadı.+
29 İsraillilər isə quru yolla dənizin ortasından keçmişdi.+ Onlar keçəndə sular onların sağ və sol tərəfində divar kimi dururdu.+ 30 Beləliklə, həmin gün Yehova İsraili misirlilərin əlindən xilas etdi,+ onlar misirlilərin sahilə çıxmış cəsədlərini gördülər. 31 İsrail Yehovanın misirlilərə qarşı necə böyük qüvvətlə qalxmasına şahid oldu. Onda xalq Yehovadan qorxmağa başladı. Onlar Yehova ilə qulu Musaya iman gətirdilər.+