Korinflilərə birinci məktub
16 Müqəddəslər üçün ianə toplamaq+ məsələsinə gəldikdə, siz də Qalatiya yığıncaqlarına verdiyim göstərişə əməl edin. 2 Hər həftənin birinci günü hər kəs imkanına görə pul ayırıb qırağa qoysun ki, mən gələndə pul yığmağa başlamayasınız. 3 Mən gələndə məktublarda məsləhət gördüyünüz adamların vasitəsilə+ bəxşişinizi Yerusəlimə göndərəcəyəm. 4 Əgər mənim də oraya getməyim məsləhət görülsə, onlar mənimlə gedərlər.
5 Amma sizin yanınıza Makedoniyadan+ keçib gələcəyəm, çünki yolumu Makedoniyadan salmaq istəyirəm. 6 Güman edirəm ki, bir az yanınızda qalacağam, bəlkə, lap elə sizdə qışladım. Sonra getdiyim yerə məni bir qədər ötürərsiniz. 7 İndi sizinlə ayaqüstü görüşmək istəmirəm, Yehova məsləhət bilsə, ümidvaram ki, bir az yanınızda qalacağam.+ 8 Hələlik Əllinci gün bayramına qədər Efesdə+ qalacağam, 9 çünki qarşımda böyük fəaliyyət qapısı açılıb,+ amma əleyhdarlar da az deyil.
10 Timuti+ gəlsə, elə edin ki, yanınızda olduğu müddətdə sıxılmasın, çünki o da mənim kimi, Yehovanın işini görür.+ 11 Qoy heç kəs ona saymazyana yanaşmasın. Onu sağ-salamat yola salıb yanıma göndərin. Qardaşlarla bərabər onun yolunu gözləyirəm.
12 Qardaşımız Apollosa+ gəldikdə isə mən ondan çox xahiş etdim ki, qardaşlarla birlikdə yanınıza gəlsin, ancaq o, indi gəlmək istəmədi. İmkan düşən kimi yanınıza gələcək.
13 Oyaq qalın,+ iman yolunda dəyanətli olun,+ mərd olun,+ möhkəmlənin.+ 14 Hər bir işi məhəbbətlə görün.+
15 Qardaşlar, sizdən bir ricam var: siz bilirsiniz ki, Stefanasın ailəsi Axayyada* ilk şagirdlərdəndir və onlar özlərini müqəddəslərə xidmətə həsr ediblər. 16 Siz belə adamlara, bu işdə bizimlə əməkdaşlıq edən zəhmətkeşlərə həmişə tabe olun.+ 17 Mən çox şadam ki, Stefanas+, Fortunat və Axaik yanımdadırlar, çünki onların sayəsində sizin yoxluğunuzu hiss etmirəm. 18 Onlar mənim də, sizin də ruhunuzu təzələdilər. Buna görə də belə adamların qədrini bilin.
19 Asiya* yığıncaqları sizə salam göndərir. Akvilasla Priska və onların evində toplaşan yığıncaq+ sizi səmimi ürəkdən, qardaşlıq sevgisi ilə salamlayır. 20 Bütün qardaşlar sizi salamlayırlar. Bir-birinizi saf öpüşlə salamlayın.
21 Mən Bulus da öz əlimlə sizə salam yazıram.
22 Ağanı sevməyənlərə lənət olsun! Gəl, ey Ağamız! 23 Ağamız İsanın lütfü sizə yar olsun. 24 Mən sizi — Məsih İsa yolunda olanları sevirəm.