Filimona məktub
1 Məsih İsa uğrunda məhbus olan Bulusdan+ və qardaşımız Timutidən+ sənə — əziz əməkdaşımız Filimona, 2 həmçinin bacımız Apfiyaya, silahdaşımız Arxipə+ və sənin evində yığışanlara məktub.+
3 Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.
4 Dualarımda nə vaxt sənin adını çəksəm, həmişə Allahıma şükür edirəm,+ 5 çünki imanın, Ağamız İsaya və bütün müqəddəslərə olan məhəbbətin barədə daima eşidirəm. 6 Dualarımda diləyirəm ki, iman qardaşlarınla bərabər sahib olduğun iman sayəsində hər bir gözəl neməti Məsih vasitəsilə aldığımızı dərk edəsən. 7 Qardaşım, sənin məhəbbətin barədə eşitmək mənə böyük sevinc və təsəlli gətirdi, çünki sənin sayəndə müqəddəslərin könlü şad oldu.
8 Məhz bu səbəbdən Məsihin bir həvarisi kimi düzgün bir işi görməyin üçün sənə əmr etməyə ixtiyarım olsa da, 9 mən Bulus, yaşlı bir adam, hələ üstəlik, Məsih İsa uğrunda məhbus, məhəbbətinə güvənib səndən rica edirəm. 10 Həbsdə ikən ruhani atası olduğum övladımla,+ Onisimlə+ əlaqədar səndən bir xahişim var. 11 Hərçənd bir vaxtlar onun sənə faydası yox idi, indi isə həm sənə, həm də mənə faydası var. 12 Bax onu, ürəyimin parasını sənə geri göndərirəm.
13 Açığı, onu yanımda saxlamaq istərdim ki, müjdə uğrunda həbsdə olduğum müddətdə sənin əvəzinə mənə xidmət etsin.+ 14 Amma sənin razılığın olmadan heç bir şey etmək istəmirəm, əksinə, istəyirəm ki, edəcəyin yaxşılığı məcburi yox, öz xoşunla edəsən.+ 15 Bəlkə də o, səndən qısa müddətə elə bunun üçün ayrılmışdı ki, sən onu həmişəlik geri ala biləsən, 16 artıq bir qul kimi yox,+ quldan qat-qat üstün əziz bir qardaş kimi.+ Əgər o, mənim üçün bu qədər əzizdirsə, gör onda sənə həm qul kimi, həm də məsihi qardaş kimi nə qədər əziz olacaq! 17 Buna görə də məni özünə dost hesab edirsənsə, onu mehribanlıqla qarşıla, sanki, məni qarşılayırsan. 18 Lakin o, səni ziyana salıbsa və ya sənə borcu varsa, onları mənim hesabıma yaz. 19 Mən, Bulus, öz əlimlə yazıram: əvəzini ödəyəcəyəm. Demək yaxşı çıxmaz, amma sən öz həyatını da mənə borclusan. 20 Bəli, qardaşım, izin ver Ağanın yolunda səndən kömək görüm: Məsih xatirinə könlümü şad elə.
21 Mənə qulaq asacağına güvənib bunları sənə yazıram və əminəm ki, dediyimdən də artığını edəcəksən. 22 Bir xahişim də var, qalmaq üçün mənə yer hazırla. Ümid edirəm ki, dualarınız sayəsində sizdən ötrü azadlığa buraxılacağam.+
23 Məsih İsa uğrunda məhbəs yoldaşım Epafras+ sənə salam göndərir. 24 Həmçinin əməkdaşlarım Mark, Aristarx+, Dimas+ və Lukanın+ da sənə salamı var.
25 Qoy əhval-ruhiyyənizə görə Aǧa İsa Məsihin lütfü sizə yar olsun.