Ərəmya
5 Yerusəlim küçələrini dolaşın,
Yan-yörəyə baxın, fikir verin,
Meydanları gəzin, görün,
Bir nəfər haqq iş görən,+
Sədaqətə can atan varmı?
Varsa, şəhəri əfv edərəm.
2 Onlar «Yehovaya and olsun!» desələr də,
Yenə yalandan and içirlər.+
3 Ey Yehova, Sənin gözlərin sədaqət arayır.+
Sən onları cəzalandırdın, amma kar eləmədi,
Onları darmadağın etdin, ibrət almadılar,+
Üzlərini qayadan da sərt etdilər,+
Yollarından dönmədilər.+
4 Fikirləşdim: «Bunlar avamdırlar,
Ağılsızlıq edirlər, Yehovanın yollarını tanımırlar,
Allahlarının hökmlərini bilmirlər.
5 Gedim böyüklərin yanına, onlarla danışım,
Onlar Yehovanın yollarını,
Allahlarının hökmlərini mütləq biləcəklər.+
Ancaq onlar da boyunduruğu sındırıb,
Bağlarını qoparıblar».
6 Buna görə meşədən çıxan aslan onlara hücum çəkir,
Çöllükdə gəzən qurd onları çapıb-talayır,
Bəbir şəhərlərdə pusquya yatır,
Şəhərlərdən çıxanları didib-parçalayır.
Çünki onların təqsiri çox,
Xəyanəti hədsizdir.+
7 Bunu sənə necə bağışlayım?
Oğulların Məni atıb,
Allah olmayan bütlərə and içirlər.+
Mən onları korluq çəkməyə qoymadım,
Onlar isə zinadan əl çəkmədilər,
Fahişələrin evinə axışdılar.
8 At kimi, azğınlaşıblar, qızıblar,
Hər biri qonşusunun arvadına kişnəyir.+
9 «İndi Mən onlarla haqq-hesab çəkməyim, neyləyim?
Belə bir xalqdan intiqamımı almayımmı?» — bəyan edir Yehova.+
10 «Gedin, onun üzüm bağını dağıdın,
Amma büsbütün dağıtmayın,+
Tənəklərini yolun,
Onlar Yehovanın deyil.
11 Çünki İsrail evi, Yəhuda evi
Mənə qarşı böyük xəyanət edib», — bəyan edir Yehova.+
12 «Onlar Yehovanı danırlar, deyirlər:
13 Peyğəmbərlər boş sözlər danışırlar,
Onlarda Allahın sözü yoxdur,
Sözləri kimi özləri də puç olacaqlar».
14 Bu səbəbdən ordular Allahı Yehova deyir:
«Belə danışdıqları üçün
Sözlərimi dilində od edəcəyəm.+
Xalq odundur.
Bu od onu yandırıb kül edəcək».+
15 Yehova bəyan edir: «Ey İsrail evi,
Üstünüzə uzaq diyardan bir xalq gətirirəm,+
Dilini bilmədiyin,
Sözlərini anlamadığın
Qədim, ulu xalq.+
16 Oxdanları açıq qəbir kimidir,
Hamısı igid döyüşçüdür.
17 Onlar sənin məhsulunu, çörəyini yeyəcək,+
Oğullarını, qızlarını yeyəcək,
Sürülərini, naxırlarını yeyəcək,
Meynələrini, əncirlərini yeyəcək.
Arxalandığın qala-şəhərlərini yerlə yeksan edəcək».
18 «Amma o gün də sizi büsbütün məhv etməyəcəyəm, — bəyan edir Yehova.+ — 19 Onlar soruşsa ki, “nə üçün Allahımız Yehova bizim başımıza bunları gətirdi”, onlara deyərsən: “Necə ki Məndən üz döndərib öz ölkənizdə yad allaha qulluq etdiniz, indi də özgə ölkədə yadlara qulluq edəcəksiniz”».+
20 Yaqub evində bəyan edin,
Yəhudada car çəkin:
21 «Eşit, ey ağılsız, axmaq xalq:+
22 Yehova bəyan edir: “Siz Məndən qorxmursunuz?
Mənim hüzurumda titrəmirsiniz?
Mənəm dənizə qumdan sərhəd çəkən,
Keçilməz, əbədi nizam qoyan.
Dalğalar şahə qalxsa da, zəfər çala bilməz,
Uğuldasa da, bu səddi aşa bilməz.+
23 Ancaq bu xalqın ürəyi inadkar və asidir,
Onlar Mənim yolumdan çıxıb öz yolları ilə getdilər.+
24 Heç kim demir:
“Gəlin mövsümündə yağış yağdıran,
Payız yağışı, yaz yağışı göndərən,
Təyin etdiyi biçin həftələrini bizim üçün qoruyan
Allahımız Yehovadan qorxaq”.+
25 Təqsirləriniz bunlara əngəl oldu,
Günahlarınız sizi nemətlərdən məhrum etdi.+
26 Xalqımın arasında zalımlar var.
Onlar quş ovçusu kimi, çömbəlib pusquda gözləyirlər,
Ölüm tələsi qururlar.
Şikarları insandır.
27 Quşla dolu qəfəs kimi,
Evləri fitnə-fəsadla doludur.+
Bu yolla gücləniblər, varlanıblar.
28 Piyləniblər, dəriləri şümal olub.
Şər əməlləri başdan aşır,
Öz mənfəətlərinə görə
Yetimin işinə ədalətlə baxmırlar,+
Yoxsulun haqqını tapdalayırlar”».+
29 «İndi Mən onlarla haqq-hesab çəkməyim, neyləyim?
Belə bir xalqdan intiqamımı almayımmı? — bəyan edir Yehova.
30 Ölkədə dəhşətli, qorxunc şey baş verir:
31 Peyğəmbərlər yalandan peyğəmbərlik edir,+
Kahinlər xalqın üzərində istədikləri kimi ağalıq edir,
Xalqıma isə bu xoşdur.+
Görək son gələndə siz nə edəcəksiniz?»