Hizqiyal
38 Yenə mənə Yehovanın sözü nazil oldu: 2 «Ey bəni-adəm, üzünü Məcuc ölkəsindən olan Yəcuca,+ Məşəq və Tubalın+ baş əmirinə tut və ona qarşı peyğəmbərlik edib+ 3 söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Məşəq və Tubalın baş əmiri! 4 Səni yolundan qaytaracağam. Sənin çənələrinə qarmaq keçirəcəyəm,+ səni dəbdəbə ilə geyinmiş, böyük və kiçik qalxanla silahlanmış, qılınc oynadan böyük izdihamla — ordunla,+ süvarilərinlə, atlarınla birgə çəkib sürüyəcəyəm. 5 Hər biri sipərlə, dəbilqə ilə yaraqlanan Fars, Həbəş və Put,+ 6 həmçinin Gümərlə ordusu, ucqar şimaldan Tücarma+ evi və bütün ordusu — çoxlu-çoxlu xalqlar səninlədir.+
7 Haydı, hazır olun! Sən də, səninlə toplaşan bütün ordular da. Onlara sən başçılıq edəcəksən.
8 Xeyli vaxt keçəndən sonra çağırılacaqsan*. Uzun illər sonra xalqların içindən toplanan, qılıncdan qurtularaq çoxdandır xaraba qalmış İsrail dağlarında məskunlaşan, digər xalqların arasından çıxarılıb dinclik içində yaşayan insanların torpağına soxulacaqsan.+ 9 Sən, bütün ordun və səninlə birgə çoxlu xalqlar tufantək onların üstünə gələcəksiniz, ölkəni bulud kimi örtəcəksiniz”.
10 Külli-İxtiyar Yehova belə deyir: “O gün sənin ağlına bəzi fikirlər gələcək, pis niyyətə düşəcəksən. 11 Deyəcəksən: “Müdafiəsiz kəndləri olan ölkəyə həmlə edəcəyəm.+ Dinc yaşayan, qorxu-hürkü bilməyən, divarları, darvazaları, cəftələri olmayan kəndlərdə yaşayanların üstünə gələcəyəm”. 12 Sən çoxlu qənimət, talan malı qazanmaq eşqinə düşəcəksən. Bir zamanlar viran qalmış, sonradan məskunlaşmış+ yerlərə hücum edəcəksən, xalqların içindən toplanmış,+ indi var-dövlət, mal-mülk yığan,+ dünyanın mərkəzində yaşayan xalqın üstünə qoşun çəkəcəksən.
13 Səba+ ilə Didan,+ Tarşiş+ tacirləri ilə döyüşçüləri sənə söyləyəcəklər: “Çoxlu qənimət, talan malı yığmağa gedirsən? Ordunu səfərbər etmisən ki, qızıl-gümüş götürəsən, var-dövlət, mal-mülk aparasan, çoxlu qənimət ələ keçirəsən?”
14 Buna görə, ey bəni-adəm, Yəcuca söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “O gün başa düşəcəksən ki, xalqım İsrail əmin-amanlıqda yaşayır.+ 15 Sən öz yerindən, uzaq şimaldan gələcəksən,+ yanında da çoxlu xalqlardan atlara süvar olmuş qoşun-ləşkər, böyük bir izdiham.+ 16 Ölkəni bürüyən buludlar kimi, xalqım İsrailin üstünə hücum çəkəcəksən. Zamanın sonunda səni, ey Yəcuc, öz ölkəmə qarşı qaldıracağam ki,+ xalqların gözü önündə müqəddəsliyimi sənin vasitənlə göstərim, qoy hamısı Məni tanısın”.+
17 Külli-İxtiyar Yehova belə deyir: “Qədim günlərdə qullarım İsrail peyğəmbərlərinin dililə haqqında danışdığım kəs sən deyilsənmi? O peyğəmbərlər səni onların üstünə gətirəcəyim barədə illər uzunu peyğəmbərlik ediblər”.
18 “Həmin gün, Yəcuc İsrail torpağına soxulan gün Mən qəzəbdən alışıb-yanacağam, — Külli-İxtiyar Yehova bəyan edir.+ — 19 Qeyzimlə, alovlu qəzəbimlə danışacağam. O gün İsrail torpağında güclü zəlzələ olacaq. 20 Dəryadakı balıqlar, göydəki quşlar, meşədəki heyvanlar, yerdə sürünən canlılar, cümlə cahan önümdə zağ-zağ əsəcək, dağlar kökündən qopacaq,+ qayalar parçalanacaq, divarlar yerə çökəcək”.
21 “Bütün dağlarımda Yəcucun üstünə getməyə qılınc çağıracağam, — Külli-İxtiyar Yehova bəyan edir. — Hər kəs öz qardaşının üstünə qılınc çəkəcək.+ 22 Onu mühakimə edəcəyəm. Canına azar salıb, üstünə ölüm göndərib onu cəzalandıracağam.+ Onun da, qoşunlarının da, onunla olan xalqların da üzərinə+ leysan, dolu,+ alov,+ kükürd+ yağdıracağam. 23 Xalqların qarşısında Özümü ucaldacağam, müqəddəsliyimi göstərəcəyəm, Özümü tanıdacağam. Onda biləcəklər ki, Mən Yehovayam”.