Yuşə
4 Bütün xalq İordan çayını keçəndən sonra Yehova Yuşəyə dedi: 2 «Xalqın arasından, hər qəbilədən bir adam olmaqla, on iki kişi seçib+ 3 onlara tapşır: “İordanın ortasından, kahinlərin dayandığı yerdən on iki daş götürün və bu gecə qalacağınız yerə qoyun”».+
4 Yuşə hər qəbilədən bir adam olmaqla, israillilərdən seçdiyi on iki kişini çağırıb 5 onlara tapşırdı: «Allahınız Yehovanın Əhd sandığının önünə keçib İordanın ortasına gedin. İsrail qəbilələrinin sayına görə hərəniz bir daş götürüb çiyninizə qaldırın. 6 Bu daşlar aranızda əlamət olacaq. Gələcəkdə övladlarınız sizdən soruşanda ki, bu nə daşlardır,+ 7 onlara deyin: “Bu daşlar İsrail xalqı üçün əbədi nişanədir.+ Çünki Yehovanın Əhd sandığı İordan çayından keçəndə çayın suları onun qarşısında dayanmışdı”».+
8 İsraillilər Yuşənin tapşırığını yerinə yetirdilər. Onlar Yehovanın Yuşəyə dediyi kimi, İsrail qəbilələrinin sayına görə İordan çayının ortasından on iki daş götürdülər. Daşları aparıb gecə qaldıqları yerə qoydular.
9 Bundan əlavə, Yuşə on iki daş götürüb İordanın ortasına, Əhd sandığını daşıyan kahinlərin dayandığı yerə qoydu.+ Daşlar bu günədək oradadır.
10 Yehovanın Yuşə vasitəsilə xalqa verdiyi bütün tapşırıqlar, Musanın Yuşəyə dediyi kimi, icra olunub qurtaranadək, sandığı daşıyan kahinlər İordanın ortasında durub gözlədilər. Xalq da tələsə-tələsə çayı keçirdi. 11 Bütün xalq çayı keçəndən sonra onların gözü qabağında kahinlər də Yehovanın sandığı ilə bərabər keçdilər.+ 12 Musanın tapşırdığı kimi, rubənlilər, cadlılar və Mənəssə qəbiləsinin yarısı soydaşlarından qabaqda döyüş nizamı+ ilə çayı keçdilər.+ 13 Döyüş üçün silahlanmış qırx minə yaxın adam Yehovanın önündə Əriha çöllüyünə doğru irəlilədi.
14 O gün Yehova Yuşəni bütün İsrailin gözündə ucaltdı.+ Onlar Musaya ehtiram bəslədikləri kimi, ona da bütün ömrü boyu ehtiram bəslədilər.+
15 Sonra Yehova Yuşəyə dedi: 16 «Şəhadət sandığını+ daşıyan kahinlərə əmr et, İordan çayından çıxsınlar». 17 Yuşə də kahinlərə: «İordan çayından çıxın», — deyə əmr etdi. 18 Yehovanın Əhd sandığını daşıyan+ kahinlər İordan çayından çıxıb quru torpağa ayaq basan kimi çay yenidən axmağa başladı və əvvəlkitək daşıb sahili basdı.+
19 Birinci ayın onuncu günündə xalq İordan çayını keçdi və Ərihanın şərq sərhədində, Gilqalda+ düşərgə saldı.
20 Yuşə İordan çayından götürdükləri on iki daşı Gilqalda qoydu.+ 21 Sonra israillilərə dedi: «Gələcəkdə övladlarınız sizdən soruşanda ki, bu nə daşlardır,+ 22 onlara belə cavab verərsiniz: “İsrail İordan çayını quru yolla keçmişdi.+ 23 Bir vaxtlar Allahınız Yehova Qırmızı dənizi qurudub bizi keçirtdiyi kimi, onda da Allahınız Yehova İordanın sularını qurudub xalqı oradan keçirtmişdi.+ 24 Bunu ona görə eləmişdi ki, dünyanın bütün xalqları Yehovanın güclü əlini görsün+ və siz həmişə Allahınız Yehovadan qorxasınız”».