Birinci Padşahlar
17 Gilad+ sakini, tişbehli İlyas*+ Əhəbə dedi: «Qulluq etdiyim İsrailin Allahı Yehovaya and olsun ki, mən deməyincə bu illər ərzində nə şeh olacaq, nə də yağış yağacaq!»+
2 Ona Yehovanın sözü nazil oldu: 3 «Dur şərqə get, İordanın şərqindəki Kərit vadisində gizlən. 4 Çayın suyundan iç. Mən quzğunlara buyuracağam sənə yemək gətirsinlər».+ 5 O, dərhal durub getdi və Yehovanın dediyi kimi etdi. O gedib İordanın şərqindəki Kərit vadisində qaldı. 6 Quzğunlar səhər-axşam ona çörək və ət gətirirdilər, suyu isə çaydan içirdi.+ 7 Amma ölkəyə yağış yağmadığından bir neçə gün sonra çay qurudu.+
8 Ona Yehovanın sözü nazil oldu: 9 «Dur, Sidonda olan Sarfata get və orada qal. Mən orada bir dul qadına buyuracağam ki, sənə yemək versin».+ 10 İlyas qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda gördü ki, orada bir dul qadın odun yığır. İlyas qadını çağırıb dedi: «Mənə bir parç su ver içim».+ 11 Qadın su gətirməyə gedəndə İlyas arxadan onu səsləyib dedi: «Bir parça çörək də gətir». 12 Qadın dedi: «Allahın Yehovaya and olsun, çörəyim yoxdur. Küpdə bir ovuc un qalıb, küpçədə də bir az yağ.+ İndi bir-iki parça odun yığıb özüm və oğlumçün bir şey bişirəcəyəm. Onu yeyəcəyik, sonra da öləcəyik».
13 İlyas ona dedi: «Qorxma. Get, dediyin kimi elə. Amma əvvəlcə onlardan mənim üçün balaca kömbə bişirib gətir. Özünlə oğlun üçün sonra bişirərsən. 14 İsrailin Allahı Yehova belə deyir: “Yehova yerə yağış yağdıranacan nə küpdə un qurtaracaq, nə də balaca küpdə yağ tükənəcək”».+ 15 O gedib İlyas deyəni etdi. Qadının, ailəsinin və İlyasın uzun müddət çörəyi oldu.+ 16 Yehovanın İlyas vasitəsilə dediyi kimi, nə küpdə un qurtardı, nə də küpçədə yağ tükəndi.
17 Bundan bir müddət sonra ev sahibəsinin oğlu xəstələndi. Onun xəstəliyi elə şiddətləndi ki, nəfəsi dayandı.+ 18 Qadın İlyasa dedi: «Ey Allah adamı, məndən nə istəyirsən? Sən günahlarımı yadıma salmağa, oğlumu öldürməyə gəlmisən?»+ 19 İlyas dedi: «Oğlunu mənə ver». Sonra uşağı onun qucağından alıb qaldığı yuxarı otağa apardı və öz yatağına uzatdı.+ 20 O, Yehovanı çağırıb dedi: «Ey Allahım Yehova,+ sən evində qaldığım bu qadının da başına bəla gətirirsən? Onun oğlunu öldürürsən?» 21 Sonra o, üç dəfə uşağın üstünə uzandı və Yehovanı çağırıb dedi: «Ey Allahım Yehova, yalvarıram, uşağın canını özünə qaytar». 22 Yehova İlyasın xahişini eşitdi.+ Uşağın nəfəsi özünə qayıtdı və o canlandı.+ 23 İlyas uşağı götürüb yuxarı otaqdan aşağı endirdi və anasına verib dedi: «Bax, oğlun sağdır».+ 24 Qadın İlyasa dedi: «İndi bildim ki, sən, doğrudan da, Allah adamısan+ və Yehovanın sənin vasitənlə dediyi sözlər haqdır».