Birinci İşmuil
25 İşmuil+ öldü. Bütün İsrail onun yasına toplaşdı, onu Ramada evinin yanında+ dəfn etdilər. Davud sonra Fəran çöllüyünə endi.
2 Məunda+ bir adam yaşayırdı, onun mülkü Karmeldə*+ idi. Bu adam çox varlı idi, onun 3000 baş qoyunu, 1000 baş keçisi var idi. Həmin vaxt o, Karmeldə qoyunlarını qırxırdı. 3 Onun adı Nabal,+ arvadının adı Abiqayil+ idi. Arvadı çox ağıllı, gözəl bir qadın idi. Kişi isə kobud və bədxasiyyət idi;+ o, Kalib+ nəslindən idi. 4 Davud çöllükdə olanda eşitdi ki, Nabal qoyunlarını qırxır. 5 Davud adamlarından on nəfərini onun yanına göndərib tapşırdı: «Karmelə qalxıb Nabalın yanına gedin. Mənim adımdan ondan hal-əhval tutun. 6 Sonra deyin: “Ömrün uzun olsun, sən də, külfətin də, varın, dövlətin də salamat olsun. 7 Eşitdim ki, indi yun qırxdırırsan. Çobanların yanımızda olanda onları incitməmişik,+ bizimlə Karmeldə olduqları bütün vaxt ərzində heç nələri itməyib. 8 Adamlarından da soruşa bilərsən, sənə deyərlər. İndi qoy mənim də adamlarım sənin gözündə lütf tapsın, çünki biz xoş vaxtda gəlmişik. Nəyə imkanın çatırsa, qullarına və oğlun Davuda ver”».+
9 Davudun adamları gedib onun adından bütün bunları Nabala söylədilər. Sözlərini bitirəndə 10 Nabal Davudun adamlarına belə dedi: «Davud kimdir? Yəssənin oğlu kimdir? İndi ağasından qaçan çoxlu qul var.+ 11 Mən çörəyimi, suyumu, qırxımçılar üçün kəsdiyim əti götürüb yeri-yurdu məlum olmayan adamlara verim?»
12 Davudun adamları qayıdıb hər şeyi olduğu kimi ona danışdılar. 13 Davud dərhal dedi: «Hər kəs qılıncını qurşasın!»+ Hamı qılıncını qurşadı, Davud da öz qılıncını bağladı. 400 nəfərə qədər adam Davudla getdi, 200 nəfər isə yükün yanında qaldı.
14 Bu arada nökərlərdən biri gedib Nabalın arvadı Abiqayilə dedi: «Davud çöllükdən ağamıza xeyir-bərəkət diləmək üçün qasidlər göndərmişdi, ancaq ağa çığır-bağır salıb onları təhqir etdi.+ 15 O adamlar bizə qarşı xeyirxah olublar, heç vaxt bizi incitməyiblər. Çöllərdə onlarla olduğumuz vaxt heç nəyimiz itməyib.+ 16 Onların yanında qoyunları otaranda gecə-gündüz divartək bizi qoruyublar. 17 İndi bir çarə qıl, çünki ağamızın da, ev əhlinin də üstünü bəla kəsdirib.+ Ağa da elə sərt adamdır ki,+ ona bir söz demək olmur».
18 Abiqayil+ cəld 200 kömbə çörək, iki böyük küp şərab, beş qoyun cəmdəyi, beş qab* qovurğa, 100 kişmiş lavaşanası, 200 əncir lavaşanası götürüb ulaqlara yüklədi.+ 19 Sonra nökərlərə buyurdu: «Siz qabaqda gedin. Mən sizin arxanızca gəlirəm». Əri Nabala isə heç nə demədi.
20 Abiqayil ulağın belində gizlincə dağdan enirdi. Bu dəm Davud adamları ilə ona sarı gəlirdi. Abiqayil onlarla rastlaşdı. 21 Davud bundan qabaq demişdi: «Nahaq yerə çöllükdə bu adamın mallarını qorumuşam. Onun bircə şeyi də itmədi.+ İndi isə yaxşılığıma yamanlıqla cavab verir.+ 22 Əgər Nabalın evindəki kişi xeylaqlarından birini sabaha sağ saxlasam, qoy onda Davudun düşmənlərindən* Allah Özü intiqam alsın».
23 Abiqayil Davudu görən kimi tələsik ulaqdan düşdü və Davudun önündə diz çöküb yerə qədər təzim etdi. 24 Sonra onun ayağına döşənib dedi: «Ağam, qoy bu günah mənim boynuma olsun, izin ver, bu qarabaşın sənə bir söz desin, qarabaşının sözünü dinlə. 25 Xahiş edirəm, ağam, bu yaramaz Nabala+ fikir vermə. Adı Nabal* olduğu kimi, özü də axmaqdır. Bu qarabaşın isə göndərdiyin adamları görməyib. 26 Ey ağam, Yehovaya and olsun, sənin canın haqqı, qan tökməkdən,+ öz əlinlə qisas almaqdan səni saxlayan Yehovadır.+ Ağa, qoy düşmənlərin, sənin pisliyini istəyənlər Nabalın gününə düşsünlər. 27 Buyur, qarabaşının gətirdiyi bu sovqatı+ qəbul elə, arxanca gələn cahıllara ver.+ 28 Nə olar, keç qarabaşının günahından. Yehova mütləq ağamın sülaləsini sarsılmaz edəcək.+ Çünki ağam Yehovanın müharibələrini aparır.+ Hələ səndə heç bir günah tapılmayıb.+ 29 Kimsə sənin izinə düşüb canına qəsd etmək istəsə, daş-qaşı boğçaya büküb necə qoruyurlarsa, Allahın Yehova da sənin həyatını elə qoruyacaq. Amma düşmənlərinin canını sapanda qoyub daş kimi atacaq. 30 Yehova ağama vəd etdiyi bütün yaxşılıqları həyata keçirəndə, səni İsrailin hökmdarı edəndə+ 31 nahaq qan tökdüyünə görə, öz əlinlə qisasını aldığına görə+ peşman olmayacaqsan, ürəyin səni qınamayacaq. Yehova ağamın başına nemətlər yağdıranda mən qarabaşını yada salarsan».
32 Davud Abiqayilə dedi: «Səni mənim qarşıma göndərən İsrailin Allahı Yehovaya alqış olsun! 33 Ağlına bərəkallah! Məni qan tökməkdən,+ öz əlimlə qisasımı almaqdan çəkindirdiyinə görə afərin olsun sənə! 34 Məni sənə pislik etməkdən saxlayan+ İsrailin Allahı Yehovaya and olsun, əgər cəld tərpənib qarşıma gəlməsəydin,+ Nabalın evindəki kişi xeylaqlarından biri də sabaha sağ çıxmayacaqdı».+ 35 Sonra Davud Abiqayilin gətirdiyi sovqatı qəbul etdi və dedi: «Sağ-salamat get. Mən səni dinlədim. Sözünü yerə salmayacağam».
36 Abiqayil Nabalın yanına qayıtdı. Nabal evdə padşaha layiq ziyafət verirdi. O, sərxoş olanacan içmişdi, kefi kök idi. Abiqayil səhər açılanacan ona heç nə demədi. 37 Səhər Nabal özünə gələndə isə hər şeyi ona danışdı. Nabal meyit kimi oldu, iflic vurmuştək, daş kimi düşüb qaldı. 38 Təxminən on gündən sonra Yehova Nabalı vurdu və o öldü.
39 Davud Nabalın ölüm xəbərini eşidəndə dedi: «Yehovaya alqış olsun! O, işimə baxıb+ məni Nabalın təhqirlərindən qurtardı,+ qulunu pis əməldən saxladı.+ Yehova Nabalın bədxahlığını onun öz başında çatlatdı!» Sonra Davud Abiqayili almaq üçün ona elçi göndərdi. 40 Davudun adamları Karmelə Abiqayilin yanına gəlib dedilər: «Davud bizi elçiliyə göndərib, səni almaq istəyir». 41 O, dərhal qalxdı, yerədək təzim edib dedi: «Ağamın adamlarının ayağını yuyan+ qarabaş olmağa hazıram». 42 Sonra Abiqayil+ cəld durub ulağa mindi, beş kənizini də yanına alıb Davudun elçiləri ilə getdi və onun arvadı oldu.
43 Davud yizrailli+ Ahnaamı+ da almışdı. Qadınların hər ikisi onun arvadı oldu.+
44 Lakin Talut qızı Məkyalı+, Davudun arvadını qallimli Layişin oğlu Faltiyə+ vermişdi.