Yaradılış
40 Bu əhvalatdan bir müddət sonra Misir padşahının baş saqisi+ və baş çörəkçisi ağaları padşaha qarşı günah iş tutdular. 2 Firon bu iki əyanına, baş saqiyə və baş çörəkçiyə bərk qəzəblənib+ 3 onları keşikçibaşının+ zindanına atdırdı. Yusif də həmin zindanda idi.+ 4 Keşikçibaşı Yusifə onların yanında olub, qulluqlarında durmağı tapşırdı.+ Onlar bir müddət zindanda qaldılar.
5 Bir gecə Misir padşahının zindanda məhbus olan saqisi də, çörəkçisi də yuxu gördü. Hər yuxunun öz yozumu var idi. 6 Səhərisi Yusif gəlib onları pərişan gördü. 7 Onunla bir yerdə ağasının evində dustaq olan firon əyanlarından soruşdu: «Niyə bu gün belə bikefsiniz?» 8 Onlar cavab verib dedilər: «İkimiz də yuxu görmüşük. Amma yuxumuzu yozmağa adam yoxdur». Onda Yusif dedi: «Məgər yuxuları yozan Allah deyil?+ Yuxunuzu mənə danışın».
9 Baş saqi Yusifə yuxusunu danışmağa başladı: «Yuxuda gördüm ki, qabağımda bir üzüm tənəyi var, 10 tənəyin də üstündə üç körpə budaq. Budaqlar tumurcuqlayıb çiçək açdı və tənəkdə üzüm salxımları yetişdi. 11 Fironun piyaləsi mənim əlimdə idi. Mən üzümlərdən dərib fironun piyaləsinə sıxdım, sonra piyaləni firona verdim». 12 Yusif ona dedi: «Yuxunun yozumu belədir: üç budaq üç gün deməkdir. 13 Üç gündən sonra firon səni azad edib əvvəlki yerinə qaytaracaq.+ Sən yenə saqi olduğun vaxtlardakı kimi fironun əlinə piyalə verəcəksən.+ 14 Amma səndən bir xahişim var. Mənə bir yaxşılıq et. İşlərin qaydasına düşəndə məni yada sal, haqqımda firona danışıb məni buradan çıxartdır. 15 Bilirsən, məni ibranilərin torpağından oğurlayıblar.+ Burada da zindanlıq bir iş tutmamışam».+
16 Baş çörəkçi görəndə ki, Yusif yuxunu xeyrə yozdu, o da öz yuxusunu danışdı: «Mən isə yuxuda görmüşəm ki, başımda üç səbət ağ çörək var. 17 Üstdəki səbətdə firon üçün bişirilmiş növbənöv çörəklər var idi. Gördüm ki, quşlar onları dimdikləyir». 18 Yusif ona dedi: «Bu yuxununsa yozumu belədir: üç səbət üç gündür. 19 Üç gündən sonra firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asdıracaq, quşlar ətini didəcək».+
20 Bu hadisənin üçüncü günü fironun ad günü idi.+ O, bütün əyan-əşrəfi üçün ziyafət qurmuşdu. Firon baş saqi ilə baş çörəkçini zindandan çıxartdırıb hamının önünə gətizdirdi. 21 Baş saqini əvvəlki vəzifəsinə qaytardı. O, yenə də fironun əlinə piyalə verdi. 22 Çörəkçini isə asdırdı. Beləcə, Yusif onların yuxusunu necə yozmuşdusa, elə də oldu.+ 23 Lakin Yusif baş saqinin yadına düşmədi, saqi onu unutmuşdu.+