Lukanın yazdığı müjdə
2 O günlərdə Sezar Avqust bütün imperiyada* əhalinin siyahıya alınması üçün fərman verdi. 2 (Bu, ilk siyahıyaalma idi və Kirini Suriyanın valisi olanda keçirilmişdi.) 3 Hər kəs qeydiyyatdan keçmək üçün öz şəhərinə getdi. 4 Yusif+ də Davud evindən və nəslindən olduğuna görə Cəlilənin Nasirə şəhərindən çıxıb Yəhudiyyəyə, Davudun Beytləhm+ adlanan şəhərinə yola düşdü. 5 O, artıq Məryəmlə evləndiyi üçün+ onunla birlikdə qeydiyyatdan keçməyə getdi. Məryəm bir azdan doğmalı idi.+ 6 Onlar Beytləhmdə olarkən Məryəmin doğmaq vaxtı gəldi. 7 Məryəm bir oğlan uşağı doğdu. Bu, onun ilki idi.+ O, uşağı bələyib tövlədə axura qoydu,+ çünki mehmanxanada yer tapa bilməmişdilər.
8 O yerlərdə çobanlar vardı, onlar çöldə qalıb gecələr sürülərinin keşiyini çəkirdilər. 9 Birdən Yehovanın mələyi onların qarşısında peyda oldu və Yehovanın calalı onların ətrafına nur ələdi. Çobanları qorxu bürüdü. 10 Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün insanlara bəxtiyarlıq bəxş edəcək müjdəni çatdırmağa gəlmişəm. 11 Bu gün Davudun şəhərində+ sizin üçün xilaskar,+ Ağa Məsih doğulub.+ 12 Sizə nişan verirəm: axurun içində, bələkdə bir körpə tapacaqsınız». 13 Qəflətən bu mələyin yanında saysız-hesabsız mələklər*+ göründü. Onlar Allahı mədh edərək deyirdilər: 14 «Göylərdəki Allahımıza alqış olsun! Yerdə Onun bəyəndiyi insanlara sülh nəsib olsun!»
15 Mələklər göyə qalxandan sonra çobanlar bir-birinə dedilər: «Gəlin elə bu saat durub Beytləhmə gedək və Yehovanın bizə bildirdiyi bu hadisəni gözümüzlə görək». 16 Onlar dərhal yola düşdülər, gəlib Məryəmi, Yusifi və axurda yatan körpəni tapdılar. 17 Bunu görəndə mələyin bu uşaq haqqında söylədiklərini onlara danışdılar. 18 Çobanların dediklərini eşidənlər mat-məəttəl qaldılar. 19 Məryəm isə eşitdiklərini ürəyində saxlayır, onların mənası üzərində düşünürdü.+ 20 Sonra çobanlar görüb-eşitdikləri hər şey üçün Allaha həmd-səna edə-edə geri qayıtdılar. Hər şey onlara deyildiyi kimi idi.
21 Səkkizinci gün körpəni sünnət etmək+ vaxtı gələndə onun adını İsa qoydular. Bu adı hamilə qalmazdan əvvəl Məryəmə mələk söyləmişdi.+
22 Musanın Qanununa əsasən,+ pak olmaq vaxtları yetişəndə uşağı Yehovaya təqdim* etmək üçün Yerusəlimə gətirdilər. 23 Çünki Yehovanın qanununda «ilk doğulan oğlan uşağı Yehovaya məxsusdur*»+ deyilmişdir. 24 Onlar həmçinin Yehovanın Qanunundakı «bir cüt qumru quşu, ya da iki bala göyərçin gətirin»+ buyruğuna əsasən qurban gətirdilər.
25 Yerusəlimdə Şəmun adlı saleh və mömin bir kişi vardı. O, İsrailin təsəlli tapacağı günləri gözləyirdi+ və müqəddəs ruh onun üzərində idi. 26 Allah müqəddəs ruh vasitəsilə ona bildirmişdi ki, o, Yehovanın Məsihini görməyincə ölməyəcək. 27 Şəmun müqəddəs ruhun təsiri ilə məbədə gəldi. Elə bu vaxt Yusif və Məryəm də Qanunun tələbini icra etmək üçün körpə İsanı məbədə gətirmişdilər.+ 28 Şəmun körpəni qucağına alıb Allaha alqış etdi: 29 «Ya Külli-İxtiyar Allah! Dediyin kimi, indi qulun qəbrə arxayın gedə bilər,+ 30 çünki xilas yolunu öz gözlərimlə gördüm,+ 31 o yolu ki Sən bütün xalqların önündə hazırladın.+ 32 O, xalqların+ gözündəki duvağı qaldıran işıqdır,+ xalqın İsrailin şərəfidir». 33 Uşağın atası ilə anası onun haqqında deyilənlərə təəccüblənirdilər. 34 Şəmun onlara xeyir-dua verib uşağın anası Məryəmə dedi: «Bax, o, İsraildə bir çoxlarının yıxılması+ və yenidən qalxması üçündür.+ O, bir nişanədir, ona həqarətlə yanaşacaqlar.+ 35 (Səninsə bağrını, sanki, qılınc yaracaq.)+ Bununla bir çoxlarının ürəyinin düşüncələri üzə çıxacaq».
36 Aşir qəbiləsindən olan Fənuilin qızı peyğəmbər Hənnə də orada idi. (Artıq ahıl yaşına çatmış bu qadın ərə gedib əri ilə cəmi yeddi il yaşamış 37 və sonra dul qalmışdı. İndi onun səksən dörd yaşı vardı.) O, həmişə məbəddə olurdu, oruc tutub dua edir, gecə-gündüz ibadət edirdi. 38 Bu vaxt bu qadın onlara yaxınlaşıb Allaha şükür etməyə və Yerusəlimin qurtuluşunu gözləyənlərə uşaq haqqında danışmağa başladı.+
39 Yusif və Məryəm Yehovanın qanununun tələb etdiyi hər şeyi icra etdikdən sonra+ Cəliləyə, öz şəhərləri Nasirəyə qayıtdılar.+ 40 Uşaq isə yavaş-yavaş böyüyür, güclənir və hikmətlə dolurdu. Allahın lütfü də onunla idi.+
41 Onun valideynləri hər il Yerusəlimə Pasxa bayramına+ gedirdilər. 42 İsanın on iki yaşı olanda valideynləri, həmişəki kimi, ora bayrama getdilər.+ 43 Amma qayıdanbaş İsa Yerusəlimdə qaldı, valideynlərinin isə bundan xəbəri yox idi. 44 Valideynləri onun yol yoldaşlarının arasında olduğunu düşünüb bir gün yol getdilər, sonra onu qohumların və tanış-bilişin arasında axtarmağa başladılar. 45 Onu tapmayanda Yerusəlimə qayıdıb orada axtardılar. 46 Nəhayət, üç gündən sonra onu məbəddə tapdılar. O, müəllimlərin arasında oturub onlara qulaq asır və sual verirdi. 47 İsanı dinləyənlərin hamısı onun zəkasına və cavablarına valeh olurdu.+ 48 Valideynləri onu görəndə mat-məəttəl qaldılar. Anası ona dedi: «Oğlum, sən niyə belə elədin? Atanla mən səni çox axtardıq, səni tapana qədər ürəyimizi yedik». 49 Amma İsa onlara dedi: «Məni niyə axtarırdınız? Məgər bilmirdiniz ki, mən Atamın evində olmalıyam?»+ 50 Onlarsa İsanın nədən danışdığını başa düşmədilər.
51 İsa valideynləri ilə birlikdə Nasirəyə gəldi. O, bundan sonra da valideynlərinin sözündən çıxmadı.+ Anası bütün bu sözləri ürəyində qoruyub saxlayırdı.+ 52 İsa böyüyür, hikmətlə dolur, Allahın və insanların hüsn-rəğbətini qazanırdı.