Qanunun təkrarı
16 Əviv* ayını yaddan çıxarmayın və Allahınız Yehovanın şərəfinə Pasxanı qeyd edin,+ çünki məhz əviv ayında Allahınız Yehova sizi gecəylə Misirdən çıxartmışdı.+ 2 Yehovanın Öz adına məskən seçdiyi yerdə+ Allahınız Yehovaya mal-qaranızdan və qoyun-keçinizdən+ Pasxa qurbanı təqdim etməlisiniz.+ 3 Qurban ətilə mayalı heç nə yeməməlisiniz.+ Misirdən tələm-tələsik çıxanda+ yediyiniz çörək kimi, yeddi gün mayasız çörək, əziyyət çörəyi yeməlisiniz. Belə edin ki, Misirdən çıxdığınız gün bütün ömrünüz boyu yadınızda olsun.+ 4 Yeddi gün ölkənizin heç bir yerində mayalıq xəmir olmamalıdır.+ Birinci gün axşam qurban kəsdiyiniz heyvanın ətindən səhərə saxlamamalısınız.+ 5 Pasxa qurbanını Allahınız Yehovanın sizə verdiyi şəhərlərin hansında gəldi kəsməməlisiniz. 6 Qurbanı Allahınız Yehovanın Öz adına məskən seçdiyi yerdə kəsməlisiniz. Pasxa qurbanı Misirdən çıxdığınız vaxt, axşam, gün batan kimi kəsilməlidir.+ 7 Onu Allahınız Yehovanın seçəcəyi yerdə+ bişirib yeməlisiniz+. Səhər isə çadırlarınıza qayıda bilərsiniz. 8 Altı gün mayasız çörək yeməlisiniz, yeddinci gün Allahınız Yehovaya həsr olunmuş təntənəli məclis qurulacaq. Həmin gün heç bir iş görməməlisiniz.+
9 Tarlanızdakı zəmilərə oraq vurduğunuz ilk gündən başlayaraq, yeddi həftə sayın.+ 10 Sonra Allahınız Yehovanın sizə verdiyi bərəkətə görə+ könüllü təqdimə gətirib Allahınız Yehovanın şərəfinə Həftələr bayramı keçirin+. 11 Hamınız Allahınız Yehovanın Öz adına məskən seçdiyi yerdə, Allahınız Yehovanın önündə sevinib-şadlanın, özünüz də, oğlunuz da, qızınız da, qul-qarabaşınız da, şəhərlərinizdə yaşayan lavili də, aranızda olan yadelli də, yetim də, dul da.+ 12 Unutmayın ki, bir zamanlar Misirdə qul idiniz,+ ona görə də bu qanunlara əməl edin.
13 Xırmanınızdan, zeytunsıxanınızdan və üzümsıxanınızdan məhsul götürəndən sonra yeddi gün Çardaqlar bayramını qeyd edin+. 14 Bayram vaxtı hamınız sevinib-şadlanın,+ özünüz də, oğlunuz da, qızınız da, qul-qarabaşınız da, şəhərlərinizdə yaşayan lavili də, yadelli də, yetim də, dul da. 15 Yeddi gün Yehovanın seçdiyi yerdə Allahınız Yehovanın şərəfinə bayram keçirin,+ çünki Allahınız Yehova bütün məhsulunuza bərəkət verəcək, əl atdığınız hər işi avand edəcək,+ siz də sevinib-şadlanacaqsınız+.
16 İldə üç dəfə — Mayasız çörək bayramında+, Həftələr bayramında+ və Çardaqlar bayramında+ bütün kişilər Allahınız Yehovanın seçdiyi yerdə Onun hüzuruna gəlməlidir. Heç kim əliboş gəlməməlidir. 17 Hər kəs Allahı Yehovanın ona verdiyi bərəkətə görə bəxşiş gətirməlidir.+
18 Allahınız Yehovanın verdiyi bütün şəhərlərdə hər qəbilə üçün hakimlər+ və məmurlar təyin edin. Onlar xalqa ədalətlə hakimlik etməlidirlər. 19 Haqq-ədaləti tapdalamayın,+ tərəfkeşlik etməyin,+ rüşvət almayın, çünki rüşvət hikmətlinin gözünü kor edər,+ dürüst adamın fikrini dəyişdirər. 20 Ədalətə, yalnız ədalətə can atmalısınız ki,+ sağ qalıb Allahınız Yehovanın sizə verdiyi diyara sahib olasınız.
21 Allahınız Yehovanın adına düzəldəcəyiniz qurbangahın yanında ibadət etmək üçün* ağac əkməyin.+
22 Özünüz üçün dik daşlar qoymayın,+ Allahınız Yehova onlardan ikrah edir.